25 
Noy
2022
19:08
12
194
1517
Virtual karabakh

“Ermənistanın ölkəmizə qarşı müharibəsi hələ də davam edir” - RƏY + FOTO

25 Noy, 2022
19:08
1517

“Ermənistanın ölkəmizə qarşı müharibəsi hələ də davam edir” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsindən sonra ümumilikdə 267 nəfər minaya düşüb, onlardan 119 nəfər mülki şəxs, 148 nəfər hərbi qulluqçudur.

“Report” xəbər verir ki, Baş Prokurorluğun sonuncu məlumatına görə, mina partlaması nəticəsində 44 nəfər həlak olub. Onlardan 35 nəfəri mülki şəxs, doqquzu hərbi qulluqçudur. 223 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb ki, onların da 84 nəfər mülki şəxs, 139 nəfər hərbi qulluqçudur.

Sonuncu dəfə noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Tapılan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı minaların artıq müharibədən sonra basdırıldığını sübut edir.

Milli Məclisin deputatı Fatma Yıldırım “Report”a deyib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanmasının davam etdirilməsi erməni terrorizminin əsas göstəricilərindən biridir.

Deputat xatırladıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan tarixi zəfər qazanaraq öz torpaqlarını Ermənistanın işğalından azad dib:

“Lakin işğal bitsə də, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunsa da, Ermənistanın ölkəmizə qarşı müharibəsi hələ də davam edir. Bu, mina probleminin qalmasında və az qala hər gün insanların mina qurbanına çevrilməsində özünü aydın şəkildə göstərir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yeni məsələ deyil. Baş verən hadisələr mina terrorunun bütövlükdə erməni terrorizminin əsas göstəricilərindən biri olduğunu sübut edir.

Erməni tərəfi münaqişənin bitməsindən sonra da ərazilərin minalanmasını davam etdirir. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək çoxlu sayda vətəndaşımız mina partlayışından zərər çəkib, üç jurnalist də daxil olmaqla onlarla şəxs həlak olub”.

Onun sözlərinə görə, Ermənistanın Gümrüdəki zavodunda mina istehsalı da məhz mina terrorunun davam etməsinə hesablanıb:

“Bir müddət əvvəl Laçında Ermənistanda 2021-ci il istehsalı olan minaların aşkar edilməsi buna sübutdur. Eləcə də, cari ilin avqustunda Sarıbaba kəndi istiqamətində yaşanan gərginlik zamanı minalanma problemi özünü qabarıq göstərdi. Qarabağda ermənilər tərəfindən minalanma halları var və özü də bu proses Rusiya sülhməramlılarının gözü qarşısında baş verir.

Bu günlərdə Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd piyada əleyhinə mina aşkarlanıb. Müdafiə Nazirliyinin dəvətinə əsasən, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin hər iki tərəfdən olan rəhbərləri minalı ərazilərə və minalara baxış keçiriblər. Bundan əlavə, əraziyə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və jurnalistlər də səfər ediblər. Bu səfərlərin təşkil edilməsində məqsəd erməni cinayətlərinin dünya ictimaiyyətinə və audiyyəti qurumlara çatdırılmasıdır.

Nəzərə almaq lazımdır ki, 10 noyabr tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd şəkildə Ermənistan öz qanunsuz hərbi birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, Üçtərəfli Bəyanatın 6-cı bəndini kobudcasına pozaraq minaların ötürülməsi ilə Ermənistanın Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə etdiyini və bununla Azərbaycana qarşı təxribatlar törətdiyini bir daha nümayiş etdirir”.

F.Yıldırım qeyd edib ki, Ermənistan tərəfindən ərazilərimizdə hərbi təxribatların davam etməsi, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir.

Bununla da erməni tərəfi normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və 10 Noyabr Bəyanatı çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin ciddi pozuntusudur. Mövcud vəziyyət mina qurbanlarının sayının artacağı təhlükəsini qüvvədə saxlayır. Azərbaycan bu problemin aradan qaldırılması ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirmək hüququna malikdir. Artıq zərurət yarandığı hallarda bu istiqamətdə əməli addımlar atılması təcrübəsi mövcuddur. Beynəlxalq birlik gərginliyin artmaması, Ermənistanın cinayətlərinin qarşısını almaq üçün rəsmi İrəvana təzyiq göstərməlidir. Əks halda Azərbaycan yenə də bu problemi özü həll edəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri