25 
Noy
2022
21:48
209
17
884
Virtual karabakh

“Yaponiya-Azərbaycan Dostluq ili”nə həsr olunmuş tədbir təşkil edildi - FOTO

25 Noy, 2022
21:48
884

“Yaponiya-Azərbaycan Dostluq ili”nə həsr olunmuş tədbir təşkil edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaponiya-Azərbaycan Dostluq ili” çərçivəsində ölkəmizdə səfərdə olan Yaponiyanın Şika şəhərinin meri Masaru Koizumi, Şika şəhər Parlamentinin spikeri Masanori Minami və yapon musiqiçilərinin də daxil olduğu nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.

Oxu.Az xəbər verir ki, qonaqlar Mərkəzin foyesində benefisiarların əl işlərindən ibarət sərgiyə baxıblar.

Sərgidə Yaponiya və Azərbaycan incəsənətini, milli mənəvi dəyərlərini əks etdirən bədii sənətkarlıq nümunələri yer alır.

Mərkəzlə tanışlıq zamanı Yaponiya nümayəndə heyətinə həssas qrupdan olan şəxslərlə aparılan kompleks iş sahəsində göstərilən xidmət növləri haqqında məlumat verilib.

Qonaqlar Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə aktiv 14 fəaliyyət istiqaməti üzrə təlim prosesini izləyiblər. Tədbirdə Şika şəhərinin meri Masaru Koizumi, Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Takeya Yukihiro, DOST İnklüziv İnkişaf və Yaradıcılq Mərkəzinin direktoru Pərvin İsmayılova çıxış edərək, uğurlu müştərək əməkdaşlıq layihələrindən söhbət açıblar.

Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin 30 illiyi ilə bağlı ölkəmizə gəldiyini deyən Şika şəhərinin meri cəmiyyətdə sosial bərabərsizliyin azaldılması istiqamətində Mərkəzin unikal layihə olduğunu bildirib. Burada həssas əhali qrupuna aid şəxslərin sosiallaşması, cəmiyyətə adaptasiyası məqsədilə görülən işləri yüksək qiymətləndirib.

Qonaq qeyd edib ki, hər iki ölkənin musiqiçilərinin öz milli zərb alətlərində eyni kompozisiyanı ifa etməsi xalqlarımız arasındakı yaxınlığın, dostluğun ifadəsidir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova bildirib ki, bu tədbir “Yaponiya-Azərbaycan Dostluq İli”ndə Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birgə reallaşdırılan üçüncü layihədir və əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur. Mərkəzin rəhbəri layihənin məqsədinin sosial inklüzivliyin təmini, həssas qrupdan olan şəxslərin cəmiyyətdə özlərini tapması prosesinə dəstək olduğunu vurğulayıb.

Sonra Şika şəhərindən Tenyu Şika qrupunun üzvləri-vadaiko (ənənəvi yapon zərb alətləri) ifaçıları Mərkəzin benefisiarları ilə birgə konsert proqramı ilə çıxış ediblər.  Proqramda Azərbaycan və Yaponiya  musiqi mədəniyyətinə xas nümunələr səsləndirilib.

Konsert hər iki ölkənin musiqiçilərinin ifasında milli zərb alətlərində “Yallı” kompozisiyası ilə yekunlaşıb.

Qeyd edək ki, bu tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən üçüncü layihədir. Azərbaycan dostluq münasibətlərinin 30 illiyinə həsr edilən Yaponiya Mədəniyyət Festivalında Mərkəz benefisiarların əl işlərindən ibarət  “Ruandzi” adlı stendlə təmsil olunub. Əməkdaşlığın davamı olaraq, 24-25 iyun tarixində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin və Yaponiyanın aparıcı xeyriyyə təşkilatı “The Nippon Foundation”in dəstəyi ilə Bakıda Dənizkənarı Milli Parkda iki gün müddətində “True Colors Festival” təşkil edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri