29 
Noy
2022
14:08
280
38
6669
Virtual karabakh

Məmurların cibinə axan milyonlar, korrupsiya, anonim məlumatlar: DTX hansı əsaslarla qapıları döyür? - FOTO

29 Noy, 2022
14:08
6669

Məmurların cibinə axan milyonlar, korrupsiya, anonim məlumatlar: DTX hansı əsaslarla qapıları döyür? - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) son günlər Naxçıvanda keçirdiyi əməliyyatlar cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bir anda diqqətin Naxçıvan Muxtar Respublikasına çevrilməsi sosial şəbəkələrdə də fərqli fikirlər yaradıb.

Ümumiyyətlə, ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin mexanizmi necə tənzimlənir? Dövlət büdcəsindən milyonlarla vəsait şəxs və ya şəxslərin, məmurların cibinə getmədən qarşısını almaq mümkündürmü, yoxsa hər dəfə anonim məlumat ötürərək DTX-dən kömək istəmək gərəkdir? İş-işdən keçdikdən sonra atılan addım effekt verirmi? Vəsaitlərin xərclənməsinə hansı qurum nəzarət etməlidir?

Mövzu ilə əlaqədar hüquqşünas Şamil Paşayev Oxu.Az-a açıqlamasında bildirib ki, “Hesablama Palatası haqqında” Qanunda qeyd edilib ki, bu qurum dövlət proqramlarına və layihələrə ayrılmış vəsaitin istifadəsi, dövlət satınalmaları, investisiyalar, dövlət əmlakının idarəedilməsi, dövlət sifarişləri və s. ilə bağlı rəy verir:

“Palata büdcə və qanun layihələrinə rəy verməklə yanaşı, Milli Məclisə hesabatlar təqdim edir. Hesablama Palatası (HP) istənilən qurumda yoxlamalar həyata keçirə bilər. Onun ölkədə fəaliyyət göstərən bütün qurumların xəzinədar məlumatlarına birbaşa çıxışı mövcuddur. Dövlət büdcəsi və büdcədənkənar fondların icrasını, hesabatları, məlumatları, eləcə də maliyyə, vergi, statistik uçotlar, mühasibatlıq və s. sistemlərə daxil olaraq yoxlamaq səlahiyyətlərinə malikdir.

Hesablama Palatası eyni zamanda konkret olaraq korrupsiyaya qarşı mübarizə ilə bağlı da qanunamüvafiq tədbirlər həyata keçirə bilər. Bu onun vəzifələri siyahısına daxildir. Amma hər hansı qurumda neqativ hallar aşkarlandıqda müvafiq sənədlər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilir”.

Hüquqşünas onu da qeyd edib ki, dövlət qurumlarında korrupsiya, rüşvət faktları ilə bağlı araşdırma aparılması, cinayət işi açılması üçün konkret səbəb və əsaslar olmalıdır:

“Səbəblər siyahısına törədilən və ya hazırlanan cinayətlərlə bağlı fiziki şəxslərin yazılı, yaxud da şifahi müraciətləri daxil ola bilər. Eyni zamanda hüquqi şəxslərin məktubları və KİV-ə daxil olan, ictimailəşdirilən faktlar, müvafiq məlumatların aidiyyəti orqanlara göndərilməsi cinayət işinin açılmasına səbəb ola bilər. Bununla yanaşı, məsələ ilə bağlı müstəntiq, prokuror özü də cinayəti aşkar etdikdə qanunamüvafiq qaydada faktla bağlı cinayət işi başlada bilərlər.

Cinayət işinin başlaması üçün əməliyyat-axtarış haqqında qanunun tələblərinə əsasən, daxil olan məlumatlar əsasında yoxlama aparıla bilər. Yoxlama nəticəsində faktlar öz təsdiqini taparsa, cinayət işinin başlanmasına əsas yaranır. Ümumiyyətlə, hər hansı dövlət qurumunda cinayət işinin, yoxlamaların başlanması böyük ehtimalla həmin qurumdan daxil olan müraciətlər, ehtimallar əsasında olur. Çünki bir çox hallarda bu cür yoxlamalar qurumların özündə çalışan əməkdaşların, əməliyyat qruplarının apardığı araşdırma zamanı izlərin aşkarlanması ilə də bağlı olur”.

Millət vəkili Arzu Nağıyev isə mövzu ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi çox ciddi əməliyyatlar həyata keçirirlər:

“Xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısı İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə korrupsiyaya qarşı mübarizədir və bu sahədə müvafiq normativ aktlar qəbul edilib. Korrupsiyaya qarşı hüquqpozmalarda əsas nüans vətəndaşların müraciəti və onların operativ şəkildə baxılmasının təmin edilməsidir. Bununla bağlı hər iki qurumda “qaynar xətt” mövcuddur.

Təbii ki, belə bir hal baş verdikdə qanuna əsaslanaraq zəruri addımlar atılır. “Əməliyyat-axtarış haqqında”, “Prokurorluq haqqında” qanunlarda vaxtilə müəyyən dəyişikliklər edilib, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti onlara da verilib.

Burada əsas məsələ cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına, maliyyələşdirilməsinə qarşı mübarizə aparmaqdır.

Son əməliyyatlar onu göstərdi ki, bir sıra məmurların səlahiyyətlərindən sui-istifadə edərək, həssas təbəqənin kartları vasitəsilə həyata keçirdikləri korrupsiya əməllərinin qarşısının alınması istiqamətində ciddi addımlar atılır”.

A.Nağıyev onu da əlavə edib ki, korrupsiyaya qarşı mübarizədə aparılan qanuni tədbirlərin bir neçə istiqaməti var:

“Təbii ki, bütün dövlət orqanları fəaliyyətlərində korrupsiyaya qarşı mübarizə məqsədilə özləri və tabeliklərində olan qurumlar üzərində nəzarəti həyata keçirməlidirlər. Korrupsiyanın qarşısının alınması üçün hüquqpozmalara görə, təbii ki, ciddi məsuliyyət olmalıdır. Eyni zamanda buna şərait yaradan amillərin də qarşısının alınması istiqamətində addımlar atılmalıdır. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən Milli Fəaliyyət Planı təsdiq edilib, sərəncamlar verilib. Dövlət qurumlarının fəaliyyətində şəffaflıq artırılmalı, korrupsiyaya şərait yaradan amillər aradan qaldırılmalıdır, dövlət orqanları cəmiyyət qarşısında hesabat verməlidir. 

Düşünürəm ki, ixtisaslaşmış aidiyyəti orqanlar öz fəaliyyətlərini digər qurumlarla birgə qururlar. Hüquq-mühafizə orqanları əməkdaşlarının yüksək məvaciblərlə təmin edilməsi bu kimi məsələlərin qarşısının alınmasında ciddi addımdır. Bu proseslər sosial sahədə maliyyə nəzarəti, rəqabət və biznes mühitinin gücləndirilməsi ilə də balanslaşdırılmalıdır. Maarifləndirici tədbirlərin sayı artırılmalıdır”.

“Korrupsiyaya qarşı mübarizə aparan aidiyyəti orqanlar ölkənin bütün qanunvericiliyinin normalarına tam uyğun hərəkət etməlidirlər. Xarici dövlət qurumları ilə əlaqələrimiz də genişləndirilməlidir. Hesablama Palatasının da bu proseslərdə rolu böyükdür, lakin o, istintaq aparan orqan deyil. HP məlumatları hansısa quruma təqdim edərək neqativ halların aradan qaldırılmasını tələb edə bilər, yaxud eyni hallar bir neçə dəfə təkrarlanıb, ciddi hüquq pozuntularına yol verilibsə, zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim edə bilər. Bu zaman məlumat, təbii ki, müvafiq orqanlara, Baş Prokurorluğa göndərilir. Ümumilikdə bu istiqamətdə aparılan tədbirlərin məqsədi ölkədə əmin-amanlığın, eləcə də əhalinin rifahının qorunmasıdır”, - deyə deputat sonda qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri