30 
Noy
2022
18:12
343
58
1251
Virtual karabakh

“İranın ermənilərlə qardaşlıq münasibəti Azərbaycan və Türkiyəyə qarşı nifrətinin ifadəsidir” - RƏY + FOTO

30 Noy, 2022
18:12
1251

“İranın ermənilərlə qardaşlıq münasibəti Azərbaycan və Türkiyəyə qarşı nifrətinin ifadəsidir” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İranın ermənilərlə olan qardaşlıq münasibəti Azərbaycan və Türkiyəyə qarşı nifrətini ifadə etməyin bir yoludur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

İranın çoxmillətli ölkə olsa da, ermənilərə münasibətdə fərq qoyduğunu bildirən deputat əlavə edib ki, İran əhalisinin 40 faizdən çoxu azərbaycanlılar olduğu halda onların bütün hüquq və azadlıqları əllərindən alınıb:

“İranda eynilə digər millətlərin nümayəndələrinə də ermənilərdən dəfələrlə çox olmalarına baxmayaraq heç bir hüquq və azadlıqlar verilmir və daim təzyiq altında saxlanılırlar. Ermənilərə isə xüsusi münasibət var. Tehranda və digər regionlarda erməni dilində məktəblər fəaliyyət göstərir, erməni dili tədris olunur, erməni kilsələrində sərbəst ibadətə şərait yaradılır və hətta erməni dilində televiziya kanalı da fəaliyyət göstərir. Birinci Qarabağ müharibəsi zamanı da İran ASALA-nın üzvləri ilə yaxından əməkdaşlıq edib və ərazilərimizin işğal olunmasında onlara dəstək göstərib. İranın terrorçu Monte Melkonyanla əlaqələri, Azərbaycan ərazilərinin işğalı ilə bağlı hazırlanan əməliyyatdan xəbərdar olması və digər təxribat planları üzə çıxıb”.

Onun sözlərinə görə, torpaqlarımız işğal altında olduğu 30 ildə Azərbaycan düşünülmüş şəkildə Ermənistanı blokadaya saldığı halda İran ermənilər üçün nəfəslik olub:

“Eyni zamanda, torpaqlarımız işğal altında olduğu zaman bu ərazilərdəki yaşayış məntəqələrinin sökülərək İrana daşınması ilə bağlı faktlar da öz təsdiqini tapıb. Özünü islam ölkəsi adlandıran İran işğal altındakı ərazilərimizdəki 67 məscidi dağıdaraq təhqir edəndə ermənilərə güldən ağır bir söz deməyib. Maraqlıdır, necə olur ki, islam məbədi sayılan məscidlər dağıdılıb, təhqir olunduğu halda İran səsini çıxarmayıb”.

“Hətta İkinci Qarabağ müharibəsi zamanı da İran öz ərazisindən ermənilər üçün silahların daşınmasına imkan yaradıb. O cümlədən yanacaqla və digər məmulatlarla Ermənistanı təmin edərək onlara mümkün dəstək göstərib. 44 günlük Vətən müharibəsində öz suveren ərazilərini azad etdikdən sonra İran Azərbaycana qarşı açıq şəkildə bəyanatlar səsləndirməyə və özünün düşmənçilik siyasətini ifadə etməyə başlayıb. Belə ki, son iki ildə sərhədlərimizdə iki dəfə hərbi təlimlərin keçirilməsi bunun açıq ifadəsidir. Necə olur ki, torpaqlarımız işğal altında olduğu 30 ildə 132 kilometrlik ermənilərin nəzarətində olmuş sərhəddə heç bir dəfə də belə hərbi təlim keçirilməyib və indi Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra İran bu cür addım atır”, - deputat vurğulayıb.

A.Badamov xatırladıb ki, Ermənistanın ərazi bütövlüyünün özü üçün “qırmızı xətt” olduğunu bəyan edən İran hər vasitə ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına maneə törətməyə çalışır:

“İranın ermənilərə olan bu qardaşlıq münasibəti Azərbaycan və Türkiyəyə qarşı öz nifrətini ifadə etməsi üçün olduğunu hesab edirəm. İran öz düşmənçilik siyasətindən əl çəkməyincə özü də böhran və daxili etirazların girdabında batıb çabalayacaqdır. Ancaq qonşularla dostluq münasibətləri, sülh və öz əhalisinə dəyər vermək siyasəti ölkəni gələcəyə və inkişafa apara bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri