Dek
2022
16:28
119
14
591
Virtual karabakh

Qərəzli Makron və təxribatçı parlament: Cənubi Qafqazda oyundankənar qalan Fransa - ŞƏRH + FOTO

1 Dek, 2022
16:28
591

Qərəzli Makron və təxribatçı parlament: Cənubi Qafqazda oyundankənar qalan Fransa - ŞƏRH + FOTO

Dövlət başçıları, parlament üzvləri, siyasətçilər həm də ölkələrinin nüfuzunun beynəlxalq aləmdə artmasına xidmət edirlər. İlk növbədə bu, inam və etibarın artması, qorunmasına şamil olunur. Bu baş verməzsə, həmin dövlətin vətəndaşları ilə ticarət əlaqələrinin qurulmasında da problem yaranar. Çünki həmin dövlət başçısına, deputatlara təmsilçilik səlahiyyətini seçicilər verirlər.

Bu məntiqlə Fransadan olan iş adamları da etibarsız sayıla bilərlər. Onlar həm seçici, həm də vergi ödəyicisidirlər. Həmin şəxslərin səsləri ilə seçilən prezident və formalaşan parlament bir çox baxımdan onların da etibarlılığına təsir göstərir.

Fransa hakimiyyəti və parlamenti Azərbaycan torpaqları işğal altında olanda ermənilərə yardım etməklə məşğul idi. ATƏT-in keçmiş Minsk qrupunun üzvü və beynəlxalq vasitəçi, həmsədr olaraq o, işğala qarşı bir cümləlik bəyanat belə, verməmişdi. Torpaqların işğaldan azad edilməsi ilə bağlı keçirilən antihəmlə əməliyyatı zamanı isə Ermənistanı hərtərəfli dəstəkləyir, yardım göstərirdi. Hətta Fransa rəsmiləri və KİV-i dünya mediası arasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına liderlik ediblər.

Ötən gün bu ölkə parlamentinin Aşağı Palatası (Milli Assambleya) Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran qətnaməyə səs verib. Palatanın 256 üzvü bu sənədin lehinə səs verib.


Qeyd edək ki, Fransa parlamenti iki palatadan Senat (Yuxarı Palata) və Milli Assambleyadan (Aşağı Palata) ibarətdir. Senatın isə 348 üzvü var. Bundan əvvəl oxşar addımı Yuxarı Palata atmışdı.

Bütövlükdə parlamentin qəbul etdiyi qətnamələr məntiqsizdir. Çünki Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində heç bir əməli addım atılmayıb. Ən başlıcası, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyən olunmayıb, sülh müqaviləsi imzalanmayıb. Belə olan şəraitdə Fransa parlamenti hansı torpaqların azad olunmasından bəhs edir?

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində tərəfsiz sənəd qəbul olunsa idi, daha mütərəqqi sayılardı. Ancaq Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı Fransa parlamenti bir addım atmadığı halda Azərbaycana qarşı qətnamələri məsələyə qərəzli yanaşmaya örnəkdir.

Aşağı Palata Ermənistanın “müdafiə qabiliyyətinin yüksəldilməsi”ni də Fransa hökumətinə təklif edib. Qətnaməyə Azərbaycanın ərazi bütövlüyünə qarşı da müddəa daxil olunub.

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi parlamentarilərin səhvlərini hakimiyyət bölgüsünün üzərinə yıxıb. Ancaq bu qətnamələrdən bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron Azərbaycana qarşı çıxış edərək, Ermənistanın yanında olduqlarını bildirmişdi: “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir... Biz erməniləri tək qoymayacağıq”.

Azərbaycana qarşı sanksiya ilə bağlı çağırışın arxasında da Makronun məlum açıqlamasının durduğu istisna deyil: “Fransa Azərbaycandan qaz almır”.

Deməli, alsa idi, məsələ başqa cür olar bilərdi...

Bu baxımdan nazirliyin açıqlaması bütövlükdə Fransa hakimiyyətinin ermənilərə olan tərəfli münasibətini gizlətməyə uğursuz cəhddir.

Qeyd edək ki, XİN sözçüsü parlamentarilərin bu təşəbbüsünün Fransa hökumətinin rəsmi mövqeyi olmadığını və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edildiyini bildirmişdi.

Azərbaycanın Xarici İşlər Nazirliyi Milli Assambleyanın qətnaməsini Fransanın Azərbaycana qarşı növbəti təxribatı adlandırıb.

Qərəzli münasibət tutan Fransa hakimiyyəti, Emmanuel Makron Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi olmaq və iki ölkənin liderlərinin görüşündə iştirak etmək istəyir. Axı bu cür vasitəçilik olmur. Belə bir görüş baş tutsa, onda Azərbaycan iki erməni mövqeyi ilə müzakirə aparmalı olacaq.

Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə görüşməyə hazır olduğunu bildirib. Fransa Prezidenti bu görüşdə hansı rolda çıxış edəcək? O artıq mövqeyini açıqlayıb.

Rəsmi Bakı danışıqlarda Makronun iştirakına razılıq verməyib. Bu isə perspektivdə Fransanın Cənubi Qafqazda fəaliyyətinə mənfi təsir göstərə bilər.

Makron Ermənistanın yanında olduqlarını açıqlamaqla tərəflər arasında vasitəçilik haqqını çoxdan itirib. Assambleya və senatın qəbul etdikləri qətnamələr isə Fransada ali icraedici orqanla qanunverici qurumların Ermənistanın qərəzli və pozuculuq fəaliyyətini dəstəklədiklərini isbatlayır. Bu həm də Fransa XİN-in “hakimiyyət bölgüsü prinsipi” bəhanəsinin də uğursuzluğunu təsdiqləyir.

Parlamentin hər iki palatası, Prezidenti ermənistansevər mövqeyi ilə Fransa nümayəndəsinin Azərbaycan-Ermənistan danışıqlarına vasitəçilik etmək arzusunu gözündə qoyur. İndiki şəraitdə rəsmi Parisin görüşlərə istənilən sifətdə qatılması Cənubi Qafqazda, Azərbaycanla Ermənistan arasında gərginliyin artmasına xidmət edər. Ona görə də yersiz, əsassız açıqlamalar, qıcıqlandırıcı, qərəzli mövqe Fransanı regionda oyundankənar vəziyyətə salır.

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri