Dek
2022
18:04
693
27
1837
Virtual karabakh

“Azərbaycanla Türkiyənin dəmir yumruğu istənilən düşmənin başına endirilə bilər” - RƏY + FOTO

5 Dek, 2022
18:04
1837

“Azərbaycanla Türkiyənin dəmir yumruğu istənilən düşmənin başına endirilə bilər” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanla Türkiyənin dəmir yumruğu istənilən düşmənin başına endirilə bilər. Regionda qüvvələr balansı siyasi bəyanatlara yox, real hərbi gücə, o cümlədən konkret hərbi imkanlara əsaslanan siyasi nüfuza görə müəyyən olunur. Məhz bu təlimlərlə Azərbaycan və Türkiyə bir daha bölgənin real hərbi-siyasi gücünün kim olduğunu göstərməkdədirlər”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinə start verilməsinin, genişmiqyaslı təlimlərin müxtəlif qoşun növlərini və Şərqi Zəngəzurdan cənub sərhədlərimizədək müxtəlif arealları əhatə etməsinin bölgənin təhlükəsizliyi naminə ciddi hadisə olduğunu qeyd edən deputat bildirib ki, xüsusən cənubdan İranın qeyri-adekvat davranışları, o cümlədən Ermənistanın, habelə Paris, Tehran və İrəvanın təhriki ilə Qarabağ iqtisadi rayonundakı separatçıların son ritorikası fonunda Ankara-Bakı hərbi tandemi proseslərə ən uğurlu cavabdır:

“İkincisi, bu təlimlər Xankəndiyə diversant göndərən, habelə bir müddət öncə Arazboyu cənub sərhədlərimizdə təlimlər keçirməklə bizi təhdid etmək istəyən İran üçün reallığa dəvət hesab oluna bilər. Belə ki, noyabrın 25-i ADA Universitetində baş tutan beynəlxalq konfransda Prezident İlham Əliyev bəyan etmişdi ki, “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var”. Bu mənada, başlanan genişmiqyaslı birgə təlimlərimiz göstərir ki, Ankara və Bakının iradəsi yalnız bəyanatlarla məhdudlaşmır, biz əməli olaraq birik”.

Deputat əlavə edib ki, iki qardaş ölkə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə ponton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqların da icra edilməsi ilə həm də təlimlərin necə keçirildiyini, dağların, digər çətin ərazilərin, ələlxüsus da çayların, lazım gələrsə, necə keçiləcəyini hər kəsə göstərməkdədir:

“Birgə təlimlər həm də o reallığı üzə çıxarır ki, regionda özü kimi “fail state” olan Ermənistandan başqa müttəfiqi olmayan İrandan fərqli olaraq Azərbaycan Türkiyənin timsalında hər an yanında qərarlaşacaq müttəfiqlərə sahibdir. Bu gün Türkiyə ilə olduğu kimi, sabah qardaş İsrail, o biri gün Pakistan və s. olmaqla ölkəmizin istənilən ərazisində, arzu etdiyimiz istənilən formatda, istənilən miqyasda hərbi təlimlər keçirə bilərik. Hər kəs, o cümlədən İran, əgər daxildəki xalq hərəkatı molla rejimini çökdürməzsə, bu proseslərə hazır olmalıdır”.

“Amma bütövlükdə yanaşsaq, birgə təlimlərimiz Azərbaycan və Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə, o cümlədən Şuşa Bəyannaməsinin konsepsiyasına uyğun olaraq keçirilir və bölgədə təcavüzkar və irticaçı mövqe tutmayan, terror-təxribat təhlükələri yaratmayan, davamlı sülh üçün maneə törətməyən heç bir dövlətin bu güc göstərişindən narahat olmasına əsas yoxdur. ADA-da Prezidentin də qeyd etdiyi kimi, “Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib”.

Amma eyni zamanda da açıq formada bəyan edirik ki, əksinə, bölgədə pozucu fəaliyyətə köklənən, mümkün sülhə təhdid yaradan, əməkdaşlıq mühitini korlamağa çalışan, xüsusən Azərbaycana və Türkiyəyə qarşı xoş niyyət güdməyən hər bir qüvvə, hər bir subyekt bu təlimlərdən, Bakı-Ankara qardaşlığından narahat olmaqda haqlıdır. Biz bütövlükdə bölgənin mənafelərinə, rifahına xidmət edən, beynəlxalq hüququn ümumtanınmış prinsiplərini rəhbər tutan milli maraqlarımızı nəyin bahasına olur-olsun tam həyata keçirməkdə davam edəcəyik”, - B.Məhərrəmov vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri