Dek
2022
16:34
412
24
1446
Virtual karabakh

“Azərbaycan-Türkiyə birgə təlimləri bizə güc nümayiş etdirməyə çalışanlara açıq mesajdır” - RƏY + FOTO

6 Dek, 2022
16:34
1446

“Azərbaycan-Türkiyə birgə təlimləri bizə güc nümayiş etdirməyə çalışanlara açıq mesajdır” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qardaş Türkiyə ilə keçirilən təlimlər bizi istəməyən, bizə güc nümayiş etdirməyə çalışan, hətta deyərdim ki, xəyallarında bizi qorxutmaq istəyən dövlətlərə açıq mesajdır”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi Azərbaycanın suveren hüququdur və qardaş dövlətlə aramızda olan hərbi-strateji münasibətlərdən irəli gəlir:

“Bu təlimlər iki qardaş dövlətin silahlı qüvvələrinin idarəetmə prosesinin sistemləşdirilməsi, mərkəzləşdirilməsi və eyni zamanda, təbii olaraq şəxsi heyətin professionallığının artırılmasına hesablanıb. Təbii ki, hərbi təlimlərin keçirilməsində bir hədəf də dünyaya, xüsusilə də ölkəmizə qarşı aqressiv münasibətdə olan bəzi xarici dövlətlərə hərbi potensialımızı nümayiş etdirməkdir”.

Deputat Azərbaycanın hərbi qüdrətini iki il əvvəl, 44 günlük müharibə ərzində bütün dünyaya nümayiş etdirdiyini xatırladıb. O bildirib ki, Silahlı Qüvvələrimiz Ermənistanın illər ərzində əliyalın əhalimizə qarşı hücumları, terror aktları ilə ələ keçirdiyi, 30 ilə yaxın müddətdə möhkəmləndiyi torpaqlarımızı cəmi 44 günə azad etməklə dünya hərb tarixinə adını yazdırıb:

“Azərbaycan Ordusunun müasir müharibə taktikası dünyanın hərbi mərkəzləri tərəfindən öyrənilməyə başladı. Başqa sözlə, biz gücümüzü və hərbi potensialımızı dünyaya göstərdik. Ancaq Prezident İlham Əliyevin dediyi kimi, silahlı qüvvələr daim yenilənməli, müasirləşməli, profesionallığını artırmalı və təbii ki, texniki təchizatını təkmilləşdirməlidir. Hazırda keçirilən təlimlər həm də bu məqsədə xidmət edir”. 

E.Allahverdiyev bildirib ki, Türkiyə ilə keçirilən bu təlimlər bizi istəməyən, bizə güc nümayiş etdirməyə çalışan, hətta xəyallarında bizi qorxutmaq istəyən dövlətlərə açıq mesajdır:

“Birincisi, bizi heç nə ilə, o cümlədən sərhədlərimizdə keçirdiyiniz təlimlərlə qorxuda bilməzsiniz. Bu, birmənalıdır. Müasir silahımız da var, peşəkar, müharibə qalibi olmuş şəxsi heyətimiz də, güclü müttəfiqlərimiz də. İkincisi, bizə güc göstəririsinizsə, buyurun, indi siz bizim qüdrətimizi izləyin. Beş-altı aya sərhədlərimizdə 30 ildir keçirmədiyiniz təlimləri reallaşdırmışdınızsa, bunu biz də edə bilərik, necə ki edirik. Bu baxımdan, təlimlərin həyata keçirildiyi bölgə, sınaqdan çıxarılan ssenarilər təsadüfi deyil. Kimin ordusunun nəyə qadir olduğu, geridəqalmışlığı, yaxud müasirliyi, hansı silahla təchiz olunduğu – ötən əsrin 70-80-ci illərinin, yoxsa XXI əsrin hərbi texnikasından istifadə etdiyi aşkar görünür ki, bunun üçün vizual müşahidə yetərlidir”.

“Yəqin, İranın son təlimlərində Araz çayı üzərindən ponton körpülərin atılması ilə keçidini nümayiş etdirməsini heç kim unutmayıb. Açığı, mən həm pontonun özü, həm üzərindən keçən texnikanın köhnəliyi, həm bu əməliyyatın özünün hansı səviyyədə həyata keçirilməsi səhnəsinin olduğu kadrları yayımlamazdım. Ancaq indi baxsınlar bunu bizim Silahlı Qüvvələrimiz necə edir. Həmin ponton körpünün üstündən hansı növ texnika keçir.

Azərbaycan o dövlətlərdən deyil ki, onunla hədə dilində danışılsın. Bizim ordumuzun bu qədər güclü olmadığı, iqtisadiyyatımızın, maddi imkanlarımızın zəif olduğu dövrdə, torpaqlarımızın işğal altında olduğu illərdə belə təhdidlərə boyun əyməmişik. İran indi hərbi təlimlər, diplomatik təzyiqlər yolu ilə etdiyini vaxtilə Xəzərdə güc nümayişi ilə etmişdi. Nə oldu?! Qardaş Türkiyənin hərbi təyyarələri Bakı səmasında uçuşlar edən kimi bu hədələrə son verildi. İndi cavab vermək üçün bütün imkanlarımız, üstəgəl, güclü dostlarımız, strateji tərəfdaşlarımız var. Prezident bu yaxınlarda çıxışlarından birində Türkiyə və Azərbaycan ordularının birliyi mövzusuna da toxundu. Yəni bizi təhdid edənlər bu gerçəkliyi nəzərə almalıdırlar”, - E.Allahverdiyev vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri