Dek
2022
15:46
58
152
4887
Virtual karabakh

Necə yəni, mən öz ölkəmdə hərəkət edə bilmərəm?

7 Dek, 2022
15:46
4887

Necə yəni, mən öz ölkəmdə hərəkət edə bilmərəm?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Biri var idi, biri yox idi. Bir jurnalist var idi. Qarlı-çovğunlu günlərin birində bu jurnalist öz Vətənində, öz el-obasında, öz torpağında çəkiliş etməyə çıxır. Üzü Xocalıya gedən jurnalistin yoluna bir dəstə yolkəsən “sülhməramlı” çıxır. Hələ bir sərsəmləyib deyirlər ki, “get gəldiyin yerə, buradan o yana keçə bilməzsən!”  

Jurnalist də deyir ki, ay “sülhməramlı”, sənin adın nədir, hərbi rütbən nədir? Necə yəni, mən öz ölkəmdə hərəkət edə bilmərəm?  Bura mənim torpağımdır, heç yerə qayıdan deyiləm. “Sülhməramlı” dirənir ki, yox. Hədə-qorxu gəlir, təhdid edir, əl-qol atır, jurnalisti təxribata çəkməyə çalışır. Özü də jurnalistin əlində ancaq sarı mikrofon - yəni silahsız, “sülhməramlı”nın əlində isə avtomat. 

“Sülhməramlı”nın bütün məlum təzyiqləri ilə üzləşən jurnalist, İctimai Televiziyanın əməkdaşı Fikrət Doluxanov isə bir ağızdan operator həmkarına səslənir ki, “Fərmayıl, çək!” 

Fərmayıl də sağ olsun, o basqının, o təzyiqin altında əsl peşəkar kimi dayanmadan işləyir. Kim zəmanət verə bilərdi ki, o məqamda Rusiya “sülhməramlısı” bizim uşaqlara atəş açmayacaq? Həmin kadrlara baxanda elə düşündüm ki, əlisilahlı “sülhməramlı” bu dəqiqə tətiyi çəkəcək. 

Fərmayılın çəkdiyi kadrlardan, jurnalist Fikrət Doluxanovun dediklərindən bir daha əmin oluruq ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilimiş Rusiyanın “sülhməramlı” kontingenti öz mandatlarına uyğun davranmır və özlərini Rusiyanın hərbi birləşməsi-kontingenti kimi aparırlar. Məncə onlara yerlərini göstərməyin zamanı çatıb artıq.

Rusiyanın baş komandanlığı görəsən bu hərbi kontingentə hansı tapşırığı verib ki, bunlar özlərini belə qudurğan aparır, Azərbaycan vətəndaş(lar)ının hüquqlarını pozur, özlərini olduqları yerin ağası sayırlar?! Hansı hüquqi müstəviyə uyğun olaraq hərəkət edirlər?! 

Artıq iki gündür ki, Rusiya hərbi kontingentinin kobud, yolverilməz rəftarı Azərbaycan mediası tərəfindən işıqlandırılır. Artıq iki gündür ki, rusiyalı əsgərlər bizim evimizdə, öz torpağımızda bizə təzyiq göstərir, “hələ ki əlində kamera var, bəs sonra?” deyərək təhdid edirlər. İndi siz deyin görüm bu nağılın sonu necə olacaq? 

Nağılın sonu isə daha tez gələcək. Göydən isə üç alma yerinə “Kızılelma” düşəcək. Çünki heç kim, heç bir qüvvə, heç bir yad qüvvə Azərbaycanın suveren ərazisində at oynada bilməz! 

Rusiyalı hərbi kontingent həqiqətən də unudub ki, onların burada missiyası 2025-ci ilə kimi davam edəcək. Bu templə davam etsələr onlar daha tez, dan yeri sökülməmiş yola salınacaqlar deyəsən. Çox böyük ehtimal ki, onlar bunu gözə almırlar. Çünki şovinist və vəhşi olmaları onları daha axmaq edir. 

Biz qəddar, qaniçən rusiyalı əsgəri ilk dəfə 1990-cı ilin 20 yanvarında Bakıda və Azərbaycanın digər regionlarında qırğınlar törədərkən görmüşük. Rusiyalı əsgərin silahsız əhaliyə divan tutmasını, əliyalın insanları tankların altında əzmələrini görmüşük. Məhz 20 yanvar 1990-cı ildə Bakıda qətliam törətdiklərinin də şahidi olmuşuq. 

Xocalıda törətdikləri vəhşilik isə rusiyalı əsgərlərin əsl siması, yaratdıqları QANLI MƏNZƏRƏDİR. Məhz bu gün də öz repertuarına sadiq qalaraq rusiyalı əsgərlər Ukraynada eyni vəhşiliyi daha böyük şövqlə həyata keçirirlər. Amma bu dəfə unudublar ki, onlar artıq tək Ukrayna ilə deyil, bütün dünya ilə savaşırlar. Artıq neçə müddətdir ki, Rusiyanın ordusu iki dizini də yerə atıb, Ukraynadakı bataqlıqdan çıxa bilmir. Böyük şərəf və sevinc hissi ilə bildirirəm ki, heç çıxmayacaq da. 

Qayıdıram rusiyalı hərbi kontingentinin eyni davranışı Azərbaycanda, QARABAĞ İQTİSADİ RAYONUNDA sərgiləməsinə. Rusiyalı hərbi kontingenti təcili surətdə Azərbaycanın suveren ərazilərini tərk etməlidir! Çünki 2020-ci ildə üç ölkə başçısının imzaladığı üçtərəfli razılığa ancaq Azərbaycan tərəfi riayət edir. Rusiya da öz bildiyini edir, erməni də. 

Ermənilər Azərbaycanın suveren ərazisində yenə də terrorçuluq fəaliyyəti göstərir, mütəmadi olaraq Azərbaycan ordusunun mövqelərini atəşə tutur, Azərbaycana məxsus olan faydalı qazıntıları daşıyıb aparır, ekoloji terrorla məşğul olurlar. Rusiya hərbi kontingenti də öz növbəsində bu “kommersiya fəaliyyəti”ndə pay şəriki olaraq ilk növbədə cibini, sonra isə öz eqosunu təmin edir. Yalnız və yalnız qanunsuz erməni birləşmələrinin mənafeyini güdür. 

O zaman təklif edirəm ki, Putin həmin erməniləri də Rusiyanın hərbi kontingenti ilə birgə Rusiyaya təxliyə eləsin. Çünki jurnalisti belə olan xalqın gör hərbçisi nə edər?! 

Yeri gəlmişkən, bu materialı yayımlayan İctimai Televiziyanın rəhbəri Balaş Qasımov başda olmaqla, televiziyanın cəsur və peşəkar əməkdaşları Fikrət Doluxanov və Fərmayıla təşəkkür edirəm. 

Onların sayəsində biz Rusiya hərbi kontingentinin sülhü necə qoruduqlarının şahidi olduq. Necə deyərlər, sübutla, sənədlə.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri