17 
Dek
2022
10:26
237
22
1223
Virtual karabakh

Ekofəalların Xankəndi yolundakı haqlı tələbləri “Kaspi” qəzetinin şərhində - FOTO

17 Dek, 2022
10:26
1223

Ekofəalların Xankəndi yolundakı haqlı tələbləri “Kaspi” qəzetinin şərhində - FOTO

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda dekabrın 12-də səhər saatlarından başlayan etiraz aksiyası artıq neçə gündür davam edir. Etiraz aksiyası keçirən azərbaycanlı fəallar və QHT nümayəndələri axşamları da ərazidə quraşdırılan çadırlarda gecələyirlər. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən etiraz aksiyası Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər. Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki avtomobillərin, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını bəyan edirlər.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Xatırladaq ki, bundan əvvəl dekabrın 3-də və 7-də Azərbaycanın İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. 

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

“Bu, Azərbaycan xalqının həmrəyliyinin göstəricisidir”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, ekofəalların, qeyri-hökumət təşkilatlarının belə bir addım atması çox önəmlidir:

“Bu, həm də Azərbaycan xalqının birliyinin, həmrəyliyinin göstəricisidir. Hesab edirəm ki, hamı bu aksiyalardan lazımi nəticəni çıxarıb. Ermənilər anlayırlar ki, artıq Azərbaycan öz mövqeyindən bir addım da olsa geri çəkilməyəcək. Biz tələblərimiz yerinə yetirilənə kimi bu aksiyanı davam etdirəcəyik. Bunu hər kəs bilməlidir ki, Azərbaycan heç zaman torpaqlarının işğalı, eləcə də yeraltı, yerüstü sərvətlərinin talan olunması, onların qeyri-qanuni istismarı ilə barışmayacaq. Əksinə, ərazilərin monitorinqi istiqamətində səylərini davam etdirəcək. Yekunda da mütləq öz məqsədinə nail olacaq. Hesab edirəm ki, bizim qeyri-hökumət təşkilatlarının keçirdiyi bu aksiya və verdikləri mesajlar tədricən prosesə öz töhfəsini verəcək”.

“30 il ərzində sərvətlərimiz dağıdılıb”

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da bildirdi ki, bu aksiya ictimai fəalların təşəbbüsü ilə başlayıb:

“Ümumiyyətlə, Qarabağ bölgəsi işğalda olduğu 30 il ərzində istər yeraltı, istərsə də yerüstü sərvətlərimiz dağıdılıb. Vətən müharibəsindəki qələbədən sonra işğaldan azad olunan torpaqlarımız istisna olmaqla, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə 30 il əvvəl olduğu kimi yenə də sərvətlərimizin vandalcasına dağıdılması davam etdirilib. Yəni son günlərdə Xankəndi və sülhməramlıların nəzarətində olan digər ərazilərdən intensiv işləyən maşınların şahidi olmuşduq. Bizim bunları müşahidə etmək imkanlarımız var. Bir sıra mütəxəssislər, ekspertlər, ekoloji problemlərlə məşğul olan vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri təşəbbüs göstərdilər ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan torpaqlarda bir monitorinq həyata keçirsinlər və qiymətləndirmə aparsınlar. Lakin erməni təxribatı nəticəsində buna imkan verilmədi. Nəticədə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ekofəallar aksiya başlatdılar və aksiya artıq neçə gündür davam edir. Özüm də bu aksiyada iştirak etdim”. 

“Böyük barışa aparan yolun başlanğıcı”

BAMF rəhbəri qeyd etdi ki, bu, ekoloji fəalların və Azərbaycan vətəndaş cəmiyyəti qurumlarının həyata keçirdikləri böyük bir aksiyadır:

“Hesab edirəm ki, aksiyanın olduğu məkan böyük barışa aparan yolun başlanğıcıdır. Bilirsiniz ki, talançılıq fəaliyyəti ilə məşğul olan qüvvələr separatçılardır və onlar 30 ildir sülhün yaranmasını istəmirlər. Çünki onlar bilirlər ki, barış olsa, Azərbaycanın yeraltı, yerüstü sərvətləri ilə bağlı talançılıq fəaliyyəti davam etməyəcək. Digər tərəfdən də kapitulyasiya aktında yer alan bəlli maddələr var ki, ona əməl edilməlidir. Oradakı erməni hərbi birləşmələri zamanında tərk-silah olunmalı idi. Əksinə, onlara müəyyən əlavə imkanlar yaradıldı. Bütün bunlar Azərbaycan insanının gözü önündə baş verir”.

“Vətəndaş cəmiyyəti bu talana “Yetər!” dedi”

U.Rəhimoğlu vurğuladı ki, torpaqlarımızın işğal altında olduğu 30 illik bir dövrdə nə qədər abidələrimiz, məktəblərimiz, uşaq bağçalarımız, sənaye obyektlərimiz, mülki obyektlərimiz, yaşayış məntəqələrimiz, qiymətli ağaclarımız talan edilib:

“Əlbəttə ki, bunu sözlə ifadə etmək mümkün deyil. Bu məqamda vətəndaş cəmiyyəti qurumları da bu talana “Yetər!” dedilər. Vətəndaş cəmiyyəti bu proseslərdə bir qüvvə kimi özünü ifadə etməyi bacardı. Azərbaycan insanı və qurumları necə ki, 44 günlük müharibə dövründə torpaqlarının böyük əksəriyyətini işğaldan azad elədi, əminəm ki, tezliklə əsarətdə qalan ərazilərimizdə də Azərbaycan bayrağı dalğalanacaq və qanunlarımız işlək vəziyyətə gələcək”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri