17 
Yan
2023
16:44
173
21
1963
Virtual karabakh

Britaniyadan Hulusi Akara dəvət: Portfeldən çıxan sənədlər - TƏHLİL + FOTO

17 Yan, 2023
16:44
1963

Britaniyadan Hulusi Akara dəvət: Portfeldən çıxan sənədlər - TƏHLİL + FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar britaniyalı həmkarı Ben Uollesin dəvəti ilə Londonda səfərdə olub.

Uolles-Akar görüşü Rusiya-Ukrayna müharibəsi, Türkiyənin genişlənən xarici siyasət gündəliyi, Ankara-Afina gərginliyi, Yaxın Şərqdəki prioritetlər və Cənubi Qafqazdakı mümkün gizli planların fonunda maraq oyadır.

Britaniya ABŞ və Avropa İttifaqından fərqli olaraq özünü Türkiyənin qarşısına qoymur. Britaniya ekspansiya hüdudlarını qorumaq və onun uclarını uzatmaq siyasətində Türkiyənin gücündən yararlanır.

Regionlarda ulduzu parlayan hər yeni güc Britaniyanın nəzər-nöqtəsində tərəfdaşdır. Britaniya nüfuz dairələrinin bölüşdürülməsində dominant mövqelərini möhkəmlətmək üçün Türkiyə kimi oyunçunun məharətinə ehtiyac hiss edir.

Britaniyanın Türkiyəyə artan simpatiyası ikitərəfli gündəlikdəki strateji tərəfdaşlığı və güclü əməkdaşlığı inkişaf etdirmək zərurəti yaradır.

Ehtimal ki, Akarla Uolles həmin konsepsiyanın müdafiə, kəşfiyyat və təhlükəsizlik ölçülərini müzakirə ediblər.

Qarşılıqlı maraq doğuran dairə genişdir. İki ölkənin regionlar üzrə müştərək prioritetlərini kateqoriyalaşdıra bilərik. Britaniya ilə Türkiyənin ikitərəfli münasibətlərin çərçivələri regional əməkdaşlıq platformalarına qədər uzanır.

Rusiya-Ukrayna müharibəsi, Türkiyə-Yunanıstan gərginliyi məsələsindəki prioritetlərdə mübahisələr olduğu görünür. Ancaq Böyük Britaniya ilə Türkiyə Cənubi Qafqazdan tutmuş Suriyaya qədər geniş coğrafiyada gizli müttəfiqlik statusunda irəliləməyi qarşıya hədəf qoya bilərlər.

İkitərəfli münasibətlərdəki problemlərin həcmi də azalmaqdadır. Britaniyanın müdafiə sənayesi məhsullarının Türkiyəyə satışına dair qoyduğu qadağanı aradan qaldırması prioritetlərdə yeni səhifə açır.

Türkiyə 2023-cü il prezident seçkisində ölkəyə yönələ biləcək təhdidləri önləmək üçün Britaniya kəşfiyyatının məlumatlarına söykənməyi məqsədəuyğun sayır.

Türkiyə Yunanıstanın şişirdilib Ankaraya qarşı üfürülməməsi üçün Britaniyadan dəstək gözləyir.

Ancaq Böyük Britaniya da Türkiyədən qarşılıq gözləyir: Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə maneə yaratmamalıdır.

Mövzunu Cənubi Qafqazdakı hadisələr fonunda da inkişaf etdirmək lazımdır.

Azərbaycanın Ermənistanı fakt qarşısında qoyması, Rusiyanın oyun qaydalarındakı rolu, Fransanın cığallığı, İranın kükrəməsi, Gürcüstanın təhlükəsizliyi Britaniya-Türkiyə birgə maraqlarını aktuallaşdırır.

Ola bilsin ki, Akarla Uolles Azərbaycana qarşı təzyiqlər və təhdidlərin miqyasını kiçiltmək üçün də müzakirələr aparıblar.

Bu, daha çox İranla əlaqəli görünür: Çünki:  

- Tehrana qarşı beynəlxalq oyun qaydaları sərtləşdirilir;

- İslam Respublikasının region ölkələrinə təhdidi artır;

- İsrail İrana qarşı cəbhəni gücləndirir.

Britaniya ilə Türkiyə gələcək strateji layihələrin həmmüəllifi olmağın labüdlü məntiqindən yola çıxaraq Azərbaycana dəstəyin formalarını yeniləyə bilərlər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri