28 
Yan
2023
11:36
16
189
1196
Virtual karabakh

Vladimir Mesamed: “İran Azərbaycanla ikitərəfli münasibətləri gərginləşdirmək istəyir”

28 Yan, 2023
11:36
1196

Vladimir Mesamed: “İran Azərbaycanla ikitərəfli münasibətləri gərginləşdirmək istəyir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndiki zorakılıq dalğası (səfirliyə hücum, sözsüz ki, elə zorakılıq dalğasıdır) yuxarıdan atılan addım olmasaydı, qeyri-mümkün olardı”.

Bu sözləri tanınmış israilli şərqşünas, iranşünas, Yerusəlim Yəhudi Universitetinin əməkdaşı, doktor Vladimir Mesamed Tehrandakı terror aktı ilə bağlı vəziyyəti Oxu.Az-a şərh edərkən deyib.

“ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü, Hudzon İnstitutunun baş tədqiqatçısı Mayk Doran haqlı olaraq demişdi ki, İranda rejim tələb etmədikcə heç bir iş görülmür. Bu icazə, azı, İranın çətin vaxt keçirdiyi üçün verilə bilərdi. Diqqət edin - İran küncə sıxışdırılıb, bir çox şeylərə, o cümlədən Ukraynadakı müharibədə iştirakına görə tənqid olunur. İranlılar nə qədər yaxalarını kənara çəkmək istəsələr də, orada İran silahlarından, PUA-lardan istifadə olunur, bu, sübuta yetirilib. Digər tərəfdən, əsl inqilabın baş verdiyi İranın daxilində də vəziyyət gərginləşib, öldürülən nümayişçilərin sayı ilə bağlı məlumatlara baxmaq kifayətdir. Son günlərdə isə ölkədə rəhbərliyin mərkəzləşdirilməsi kampaniyası gedir, etiraz aksiyalarına rəhbərlik və koordinasiya edə biləcək şəxslər müəyyənləşdirilirlər.

Bundan əlavə, unutmaq olmaz ki, İran həmişə Azərbaycanla İsrail arasında münasibətlərə mənfi münasibət bəsləyib. Son zamanlar İranda bir çox narahatedici hadisələr baş verib. Uzun illərdir ki, Azərbaycanın Təl-Əvivdəki səfirliyi açılmırdı. Amma indi iranlıların ayaqları altından yer qaçır. 2022-ci ilin martında Azərbaycan İsraildə turizm ofisi açıb, ötən il noyabrın 18-də isə Milli Məclis səfirliyin açılması barədə qərar qəbul edib. Bu, Azərbaycanla İsrail arasında dialoqun güclənməsinin heç vaxt onun xeyrinə olmadığını anlayaraq bunun qarşısını almağa çalışan İrana çox ciddi zərbə oldu.

Daha bir hadisəni də nəzərə almaq lazımdır - bu yaxınlarda Bakıda İsrail Xarici İşlər Nazirliyinin İsrailin Avrasiya ölkələrindəki səfirlərinin xidməti iclası keçirildi. İran gördü ki, Azərbaycan öz evinin ağasıdır və istədiyi kimi hərəkət edə bilər. Bundan əlavə, bu görüş ölkələrimiz arasında çox ciddi əlaqənin göstəricisi idi.

Bütün bunları nəzərə alaraq, mənə elə gəlir ki, İran gücünü göstərməyə imkan verəcək hansısa addım atmağa qərar verib. Bundan əlavə, bu həm də İran cəmiyyətinin diqqətini etirazlardan başqa problemlərə çevirmək istəyidir. Eyni zamanda Tehran aksiyanı “şəxsi motiv”lərlə ört-basdır etməyə çalışıb. Amma görünən odur ki, İran Azərbaycanla ikitərəfli münasibətlərin yenidən kəskinləşməsini istəyir”, - o qeyd edib.

Şərqşünas deyir ki, İran anti-Azərbaycan aksiyasının Cənubi azərbaycanlıları qəzəbləndirə biləcəyini hesaba almır:

“Ola bilsin, Tehran hesab edir ki, hazırda ölkədə, o cümlədən azərbaycanlıların yaşadıqları dörd vilayətdə etiraz aksiyaları keçirilsə də, onlar periferiyadadır, ona görə də Tehran hadisələri İran azərbaycanlılarının diqqətini cəlb etməyəcək. Amma istənilən halda bu, ikitərəfli Azərbaycan-İran münasibətlərini çətinləşdirir. İranlılar isə, dediyim kimi, gərginliyi süni şəkildə artırmaq istəyirlər, çünki hesab edirlər ki, məhz belə bir vəziyyətdə güclərini ortaya qoyub, diqqəti iqtisadi problemlərdən yayındıra bilərlər”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri