Fev
2023
16:52
138
17
1227
Virtual karabakh

Deputat: “Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir” - FOTO

4 Fev, 2023
16:52
1227

Deputat: “Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları Azərbaycanın Avropaya enerji ixracı ilə əlaqədar yeni bir dönəmin başlanğıcı hesab edilə bilər. Bu iclaslarda müzakirə edilən məqamlar gələcək perspektivlər, bir çox dövlətlərlə enerji sahəsində genişləndirilmiş əməkdaşlıqlar, xüsusilə də yaşıl enerji ilə əlaqədar imkanlar vəd edir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, Azərbaycan Avropanın enerji təminatını həyata keçirmək və eyni zamanda yaxın 100 il üçün özünün enerji təhlükəsizliyini prioritetdə saxlamağı hədəfləyib:

“Bu günlərdə ölkəmizdə səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevlə görüşdü. Həmin müzakirələrdə bir daha aydın oldu ki, Rumıniya ilə ticari-iqtisadi əlaqələrimiz, həmçinin enerji sahəsində əməkdaşlığımız yaxşı səviyyədədir. Bu, həm də Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın göstəricisidir. Azərbaycan Avropanın enerji təminatında əhəmiyyətli ölkəyə çevrilir. Hazırda Rumıniyada 70-ə qədər yanacaqdoldurma stansiyamız, bir sıra enerji obyektlərimiz fəaliyyət göstərir. Rumıniya ilə Azərbaycan arasında siyasi münasibətlər yüksək səviyyədədir və enerji sahəsi ilə də əlaqələrimiz bundan sonra genişləndiriləcək.

Bakıda keçirilən Cənub Qaz dəhlizinin Məşvərət Şurası nazirlərinin 9-cu görüşü və ilk dəfə yaşıl enerji ilə bağlı görüş Azərbaycan üçün enerji sahəsi ilə əlaqədar yeni imkanlar vəd edir.

Məlumdur ki, biz TANAP layihəsi ilə Avropaya ixrac edilən qazın həcmini 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər artırmağı düşünürük. Bu o deməkdir ki, Azərbaycanın qaz ehtiyatları kifayət qədər böyükdür. TAP layihəsinin ixrac həcmi isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər qaldırılacaq. Bütün bu addımlar bir daha sübut edir ki, Avropanın enerji təchizatı baxımından Azərbaycan önəmli ölkəyə çevrilir. Halbuki vaxtilə Azərbaycan bununla bağlı layihələri, boru kəmərlərini təklif edəndə Avropa bunu o qədər real qəbul etmirdi. İndi isə Avropa özü xahiş edir ki, belə layihələr artırılsın, qaz ixracı genişləndirilsin”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü yaşıl enerji layihələri də bu cür önəmli olacaq. Çünki ölkəmizin həm günəş, həm külək enerjisi ilə əlaqədar kifayət qədər yüksək potensialı var:

“Bununla bağlı ölkəmizin bütün bölgələrində, həmçinin Şərqi Zəngəzur və Qarabağda da böyük potensial var. Hətta xatırlatmaq istəyirəm ki, bu ərazilər yaşıl enerji zonası elan edilib. Burada günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Yaşıl enerji ilə bağlı müzakirələrdə gələcək perspektivlər haqqında da məlumat verildi. Qeyd edildi ki, azad edilmiş ərazilərdə tikilməsi planlaşdırılan 30-dan artıq orta və kiçikhəcmli su elektrik stansiyasından 5-i artıq istismara verilib.

Azərbaycan xüsusilə külək enerjisinin istehsalı ilə əlaqədar yüksək potensiala malikdir. Hətta Bakının “küləklər şəhəri” adlandırılması da təsadüfi deyil və xalq arasında səslənən bu deyim Xəzər dənizi sahillərinin nə qədər küləkli olduğunu bir daha göz önünə gətirir. Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir. Ehtimal ki, enerji şirkətləri bp kimi addım atacaqlar və nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar.

Biz gələcəyə baxırıq. Ölkə prezidentinin siyasəti həm ekoloji cəhətdən təmiz enerji ixrac edilməsi, həm də ölkəmizin enerji təminatı baxımından gələcəyini düşünməsidir. İmkanımız var ki, həm günəş, həm külək, həm də su elektrik stansiyalarının sayını artırıb, enerji təchizatımızı təhlükəsiz həyata keçirək.

bp-nin Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. Zəngəzur dəhlizindən eyni zamanda elektrik enerjisi ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir.

İnanıram ki, Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi ölkələrin sayı getdikcə artacaq. Azərbaycan yaşıl enerjisini də xaricə satmaq imkanı əldə edəcək. Enerjinin satılması dövlət büdcəsinə xeyli fayda gətirir. Bu gəlirlər isə xalqın gələcəyinə, sosial rifahına sərf edilir”.

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri