Mar
2023
20:48
109
16
1595
Virtual karabakh

AQEM Baş katibi: “Azərbaycanın sədrliyinin uzadılması onun yanaşmalarına tələbatdan xəbər verir” - MÜSAHİBƏ

3 Mar, 2023
20:48
1595

AQEM Baş katibi: “Azərbaycanın sədrliyinin uzadılması onun yanaşmalarına tələbatdan xəbər verir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammiti keçirilib və zirvə toplantısında təxminən 70 ölkənin dövlət və hökumət başçıları, eləcə də bəzi beynəlxalq təşkilatların başçıları, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay iştirak edib.

“Report”a müsahibəsində Kayrat Sarıbay dünənki sammitlə bağlı təəssüratlarını bölüşüb, AQEM ilə Azərbaycan arasındakı əməkdaşlıqdan, habelə COVID-dən sonrakı bərpa prosesindən danışıb.

- AQEM ilə Qoşulmama Hərəkatı arasındakı əməkdaşlıq necə davam edir? Qoşulmama Hərəkatının Bakı sammiti dünyada pandemiyanın nəticələrinə qarşı mübarizəyə hansı töhfələri verir?

- Qoşulmama Hərəkatı (QH) uzun tarixə malikdir. Müasir dünyada qoşulmayan ölkə demək olar ki, qalmayıb. QH ilə müqayisədə AQEM daha gənc təşkilatdır. Bizi üzv dövlətlərin çoxtərəfli diplomatiyanı inkişaf etdirmək istəyi birləşdirir. Bu gün lazım olan şey də budur. Pandemiya göstərdi ki, birgə səylər olmadan bu koronavirusu məğlub etmək və pandemiyanın nəticələrinin öhdəsindən gəlmək mümkün olmazdı. Bir daha əmin oluram ki, bu çətin vaxtda Azərbaycanın sədrliyi QH-nin “sükanı”nın çoxtərəfli diplomatiyanı dəstəkləyən ölkənin əlində olduğunu göstərdi. Ona görə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvətini özüm üçün çox vacib saydım. Bu dəvət mənə QH ölkələrini AQEM üzvü olan dövlətlərin pandemiyanın nəticələrini azaltmaq üçün atdığı addımlar ilə tanış etmək imkanı verdi.

- Azərbaycanın AQEM-dəki rolunu necə qiymətləndirirsiniz? Ölkə təşkilatda nə dərəcədə fəaldır?

- Azərbaycan beynəlxalq problemlərin həllində çoxtərəfli yanaşmalara sadiqdir və AQEM də istisna deyil. Bundan əlavə, Azərbaycan prosesimizə konkret töhfə verir. Pandemiyadan əvvəl Bakıda AQEM-in Gənclər Şurasının iclası keçirilib. Azərbaycan vacib sahənin, dəqiq desək, nəqliyyat dəhlizləri sahəsinin koordinatorudur və bu, böyük etimad deməkdir. Bu, Azərbaycanın coğrafi mövqeyinə, habelə qlobal qarşılıqlı əlaqəni inkişaf etdirmək üçün Azərbaycanın açıqlığına uyğundur. Bu gün nəqliyyat əlaqələri çoxtərəfli diplomatiyada vacib trenddir, lakin qarşılıqlı əlaqələndirmə sisteminin inkişafı olmadan qloballaşmanın müsbət tendensiyalarını dəstəkləmək çox çətin olardı.

Hesab edirəm ki, Azərbaycanın AQEM çərçivəsində məhsuldar əməkdaşlığı davam etdirmək üçün böyük perspektivləri var, çünki bu ölkənin çoxtərəfli diplomatiyasının uğurlarını bilirik – həm İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirliyi Şurasında sədrlik edəndə, həm də BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü kimi fəaliyyət göstərəndə. Bir çox beynəlxalq platformalarda, daha dəqiq desək, beynəlxalq problemlərə çoxtərəfli yanaşmalarda aktiv təşviqat Azərbaycanı müsbət mənada fərqləndirir. Təkcə elə QH-də Azərbaycanın sədrliyinin müddətinin üzadılması faktı Azərbaycanın xarici siyasətinin rəhbərliyinin nümayiş etdirdiyi bu cür yanaşmalara olan tələbdən xəbər verir.

Düşünürəm ki, AQEM-in öz qarşılıqlı əlaqəsini inkişaf etdirmək üçün ciddi perspektivləri var, təşkilatın üzvlərinin iştirak etdiyi müxtəlif formatlar var: məsələn, Orta Dəhlizin inkişafı üzrə “Türkiyə-Azərbaycan-Qazaxıstan” formatı. Bu, dənizə çıxışı olmayan ölkələrin ehtiyacları ilə tamamilə əlaqələndirilir. Orta Asiyada onların sayı 5-dir. Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokev təşkilatın ötən ilin oktyabrında Astanada keçirilmiş son iclasında dayanıqlı qarşılıqlı əlaqə üzrə şura yaradılması ideyasını irəli sürüb. Azərbaycan isə nəqliyyat dəhlizlərinin inkişafının koordinatoru olduğundan burada böyük bir sinerji var. AQEM katibliyi AQEM platformasında tədbir – davamlı qarşılıqlı əlaqə üzrə konfrans və ya seminar keçirilməsi üzrə Azərbaycanla sıx işləyir. Azərbaycanın Ələt limanı kimi gözəl layihəsi var. Keçən il oraya getmək, hər şeyi öz gözlərimlə görmək fürsətim oldu. Bundan əvvəl Qazaxıstanın ATƏT-dəki daimi nümayəndəsi kimi Xəzər dənizinin limanlarının, o cümlədən Ələt limanının, həmçinin Qazaxıstan və Türkmənistan limanlarının yaşıllaşdırılması ilə məşğul olmuşam. Bu problemi yaxşı bilirəm, müəyyən təsəvvürüm var və hesab edirəm ki, ciddi irəliləyiş əldə edə bilərik.

- AQEM pandemiyadan sonrakı bərpa mərhələsinə hansı töhfələri verir?

- AQEM bu çağırışa dərhal reaksiya göstərdi və 2020-ci ilin sonunda, Qazaxıstan AQEM-də sədr postuna seçilən kimi AQEM-ə etimad tədbirləri kataloqunu genişləndirməyi təklif etdi. Bu, üzv dövlətlərin qarşılıqlı əlaqələrinin cəmləşdiyi əsas alətimizdir. Qazaxıstan yeni tədbirlər həyata keçirilməsini təklif etdi: epidemioloji təhlükəsizlik və ictimai səhiyyənin təmin edilməsi sahəsində əməkdaşlıq. Bu tədbirlər təşkilatın bütün üzvləri tərəfindən dəstəkləndi.

AQEM-in üç ölkəsi hədiyyə olaraq böyük dərman partiyası aldı.

Bundan əlavə, pandemiyanın bir çox fərqli cəhətləri var, ilk növbədə, bu, tədarük zəncirlərinin pozulmasıdır, kiçik və orta biznes ən həssas sektorlar oldu. Bu baxımdan AQEM-in iş şurası və biznes forumu platformasında qarşılıqlı təcrübə, təcrübənin zənginləşdirilməsi üzrə xüsusi iclas keçirildi. Pandemiyanın çağırışlarına reaksiya verdik, kiçik və orta biznes üçün rəqəmsal həllər hazırlaya bildik. Həmçinin pandemiya zamanı özünü parlaq şəkildə göstərən ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə də toxunulub. Tədarük zəncirlərinin pozulması qida təhlükəsizliyini təmin edilməsi baxımından ciddi narahatlıq doğura bilər. Eyni zamanda, tədarükün davamlılığını təmin etmək üçün sabitlik və qarşılıqlı əlaqə məsələləri ön plana çıxır. Əsas odur ki, Asiyanın geniş məkanında infrastrukturu yeniləyərkən ətraf mühitin qorunmasına, “yaşıl” transformasiyaya diqqət yetirək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri