17 
Mar
2023
11:28
143
7
1509
Virtual karabakh

Japar Usenov: “Zəngəzur dəhlizi türk dövlətlərini vahid iqtisadi və hərbi məkanda birləşdirəcək” - MÜSAHİBƏ

17 Mar, 2023
11:28
1509

Japar Usenov: “Zəngəzur dəhlizi türk dövlətlərini vahid iqtisadi və hərbi məkanda birləşdirəcək” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi.

Zirvə görüşünün keçirilməsi təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. 

Fövqəladə Zirvə görüşünün yekununda Ankara Bəyannaməsi imzalanıb, Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin yaradılması barədə qərar qəbul edilib.

Bundan əlavə, sammit iştirakçıları Türk İnvestisiya Fondunun yaradılmasına dair sazişin imzalanmasını alqışlayıblar.

Qırğızıstandan olan siyasi analitik Japar Usenov Oxu.Az-a müsahibəsində ötən gün Ankarada baş tutan sammit barədə fikirlərini bölüşüb.

O qeyd edib ki, Türkiyədə baş verən son faciəli hadisələr göstərdi ki, türk dövlətlərinin gücü bir olmaqda, baş verən hadisələrə çevik reaksiya verməkdə və yardımlaşmadadır:

- Minlərlə insanın həyatını xilas etmək məhz bunun sayəsində mümkün oldu. Türkiyədə baş vermiş zəlzələyə ilk reaksiyanı verən, zərər çəkmiş bölgələrə ilk yardımları göndərənlər də türk dövlətləri oldular. Dünyada heç kim, hətta Türkiyə kimi güclü dövlət də təbii fəlakətlərdən sığortalana bilməz. Bizi Türkiyə ilə ortaq tarix, mədəniyyət, din və dil bağlayır. Allah özü bizə bir-birimizə kömək etməyi əmr edib. Qırğızıstan Türkiyədə zəlzələ nəticəsində dağılmış yaşayış məntəqələrinin bərpasında iştirak edəcək, bunu Prezident Sadır Japarov açıqladı. Yeri gəlmişkən, biz Türkiyəyə artıq bir neçə partiya yurt (alaçıq) göndərmişik, onların çoxu indi hətta məktəb və uşaq bağçası kimi istifadə olunur.

- Mülki müdafiə sahəsində əməkdaşlıq gələcəkdə türk dövlətlərinin hərbi-siyasi blokuna çevrilə bilərmi? Yəni bir ölkəyə edilən hücum hamıya hücum kimi qəbul edilsin? Xatırladım ki, bu prinsip NATO-da fəaliyyət göstərir – bu, Şimali Atlantika Müqaviləsinin məşhur beşinci maddəsidir. Bir çox ekspertlər türk dövlətlərinin hərbi-siyasi blokunun yaranma ehtimalından danışırlar.

- Burada beynəlxalq müqavilələrə və Türk Dövlətləri Təşkilatı ölkələrinin müxtəlif müdafiə ittifaqlarında iştirakına nəzər yetirmək lazımdır. Qırğızıstan KTMT-nin, Türkiyə isə NATO-nun üzvüdür. Ona görə diqqətli olmaq lazımdır. Ancaq düşünürəm ki, bunlar həll oluna bilən məsələlərdir, baxmayaraq ki, gələcəyə aiddir.

Xüsusilə qeyd etmək istədiyim bir nüans var. Mən gələcəkdə yaradılacaq birgə hərbi blokun daxili etirazları yatırtmaq üçün istifadə edilməsinin əleyhinəyəm. Buna misal olaraq, keçən ilin yanvarında Qazaxıstanı mitinqlər bürüyən zaman KTMT kontingentinin Qazaxıstana yeridilməsini göstərə bilərəm. Lakin əgər real xarici aqressiya varsa, bu, başqa məsələdir.

Türk dövlətləri bütün sahələrdə inteqrasiya etməlidirlər. İqtisadiyyatda biz Avropa İttifaqından nümunə götürə bilərik və o zaman bizim bazarımıza daxil olmaq istəyən digər dövlətlərin marağında olacağıq. Çox mühüm məqam bütün türk dövlətlərini vahid iqtisadi və hərbi məkanda birləşdirəcək Zəngəzur dəhlizinin gələcəkdə açılması ilə bağlıdır. Bizim hamımızın Azərbaycanla Türkiyə arasında əhatəli nəqliyyat əlaqəsinə ehtiyacımız var.

Ankara ilə Bakının əməkdaşlığını siz məndən yaxşı bilirsiniz. Türkiyə də Qırğızıstana yeni silah növlərinin alınması və istehsalında böyük yardım edir. Bu əməkdaşlığın nəticəsində Türkiyədə istehsal edilən müxtəlif pilotsuz təyyarələrə sahibik, lakin kəmiyyət baxımından biz, təbii ki, geri qalırıq (gülür - red.).

Hazırda aktiv şəkildə öyrəndiyimiz başqa silah növləri də var. Türkiyə isə Qazaxıstanda hətta bu dronların modellərindən birinin istehsalını təşkil etməyə hazırlaşır.

Ölkələrimiz hər tərəfdən mühasirəyə alınıb. “Çin dünyası”, “Rus dünyası”, “Qərb dünyası”, “müsəlman dünyası” var, hansı ki, müxtəlifdir. Bizim üçün tək mübarizə aparmaq çətindir, amma öz “türk dünyamızı” yaratsaq, birlikdə xarici təhlükələrə qarşı dayanmaq bizim üçün asan olacaq.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri