25 
Mar
2023
16:37
640
12
2188
Virtual karabakh

“Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağdan çıxarıla bilərlər” - RƏY + FOTO

25 Mar, 2023
16:37
2188

“Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağdan çıxarıla bilərlər” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalara görə Rusiya da məsuliyyət daşıyır. 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Bəyanatın dördüncü maddəsi yerinə yetirilmir”.

Bunu “Report”a açıqlamasında BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

O bildirib ki, sözügedən sənədin tələbinə zidd olaraq qeyri-qanuni erməni silahlıları Qarabağdan çıxarılmayıblar:

“Əksinə, rusiyalı sülhməramlılar qanunsuz silah daşınmasına şərait yaradırlar. Bu isə onu göstərir ki, Rusiya, əslində, regionda sülhün və sabitliyin olmasında maraqlı deyil. Əksinə, bu dövlət gərginlik üçün çalışır. Çünki rəsmi Moskva sülhməramlıların Qarabağda daha uzun müddət qalmalarını istəyir. Perspektivdəki gərginlik isə bunun üçün fürsət ola bilər. Regionda sabitlik təmin olunacağı təqdirdə isə onların fəaliyyətinə ehtiyac qalmayacaq”.

S.Zahidovun sözlərinə görə, Moskva həm də Brüssel və Vaşinqton formatlarının onun maraqlarına uyğun olmadığına dair rəsmi Bakıya mesaj verməyə çalışır:

“Sözsüz ki, Azərbaycan da öz tələblərini Rusiyaya çatdırmalıdır. Biz Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını, həmçinin Üçtərəfli Bəyanatın dördüncü bəndinə uyğun olaraq, erməni terrorçuların Qarabağdan çıxarılmasını tələb etməliyik. Əks halda Rusiya hazırkı mövqeyini davam etdirəcək və belə davam edərsə, biz Moskvadan uzaqlaşa bilərik. Əgər Rusiya bizim milli maraqlarımızı nəzərə almırsa, biz də eyni cür davrana bilərik”.

Politoloq söyləyib ki, Azərbaycan Ordusu öz maraqları və təhlükəsizliyi naminə növbəti antiterror əməliyyatını keçirə bilər:

“Xüsusilə sülhməramlıların nəzarətinin zəif olduğu yerlərdə bu, mümkündür. Biz bir neçə dəfə oxşar əməliyyatlar icra etmişik. Bundan başqa, sülhməramlıların sənəddə göstərilən vaxtdan, yəni 2025-ci ildən daha tez Qarabağdan çıxmasını tələb edə bilərik. Doğrudur, sənəddə beş il yazılıb. Amma orada başqa bəndlər də var. Halbuki həmin bəndlərə nə Rusiya əməl edir, nə də Ermənistan”.

Qeyd edək ki, dünən, martın 24-də Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkət etdiyinə dair məlumat yayıb.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinə məxsus bir ədəd “ZTR-82A” döyüş maşını, ermənilərə məxsus üç ədəd tentli “KamAZ” və üzərində yanacaq çəni olan bir ədəd “KamAZ” avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər Üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.

Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.

Bundan başqa, ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdikləri məlum olub.

Bu, ilk belə hal deyil. Qarabağdakı sülhməramlı kontingent ermənilərin qanunsuz əməllərinə şərait yaratmaqla özlərinə olan inamı da sıfıra endirir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri