28 
Mar
2023
18:16
124
9
1399
Virtual karabakh

“Ermənilərin reaksiyaları göstərir ki, onlar separatçılıq meyillərindən uzaqlaşa bilmirlər” - ŞƏRH + FOTO

28 Mar, 2023
18:16
1399

“Ermənilərin reaksiyaları göstərir ki, onlar separatçılıq meyillərindən uzaqlaşa bilmirlər” - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan tərəfi yenidən konstruktiv mövqe nümayiş etdirərək, Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün ikinci dəfə Bakıya dəvət etdi. Lakin erməni tərəfi öz ənənəsinə sadiq qalaraq bu təklifi də cavabsız qoydu. Bu, həm Ermənistanın, həm də Qarabağda yaşayan ermənilərin gündəlikdə olan məsələlərə, təmasların inkişafına  qeyri-konstruktiv münasibətini nümayiş etdirməklə yanaşı, mövcud vəziyyətdən nəticə çıxarmadıqlarını da göstərir.

Məsələ ilə əlaqədar Oxu.Az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu diqqətə çatdırıb ki, Prezident İlham Əliyev dəfələrlə Azərbaycan ərazisində yaşayan ermənilərin təhlükəsizliyinin öz daxili işimiz olduğunu nəzərə çatdırıb. Ölkəmiz bunu heç kimlə müzakirə etmək fikrində deyil:

“Biz həmişə təklif etmişik ki, Azərbaycan ərazisindəki ermənilər Azərbaycan qanunlarına tabe olaraq, Konstitusiyamız altında mövcudluqlarını tam təhlükəsiz şəkildə davam etdirə bilərlər. Təbii ki, biz səsləndirdiyimiz mövqeyimizə uyğun praktiki addımlar atmalı olduğumuzu da sübut etdik. Xocalı şəhərində ermənilərin nümayəndələri ilə Azərbaycan tərəfi arasında görüş keçirildi. Bundan sonra iki dəfə belə görüşün Bakıda təşkil olunması təşəbbüsü irəli sürüldü.

Hər şeydən öncə, Azərbaycan tərəfinin belə təklif irəli sürməsi, hesab edirəm ki, dünyaya sülhsevər və xoşniyyətli olduğumuzu sübut etdi. Dəfələrlə qeyd etmişik ki, bütün dünyanın bu haqda aydın təsəvvürləri mövcuddur. Ölkəmizdə bütün xalqların nümayəndələri dinc şəkildə yaşayırlar. Eyni zamanda ermənilərin reinteqrasiyası prosesinin Azərbaycan tərəfindən şərtləndirmək iradəsi də nümayiş etdirilib. İstəyimiz odur ki, ölkəmizin daxilində yaşayan ermənilər öz mövcudluqlarını Azərbaycanın qanunlarına tabe olaraq davam etdirsinlər. Bu həm də bütün ərazilərimiz boyunca suverenliyimizin tam təmin edilməsi olacaq”.

Deputatın fikrincə, görüşün Bakıda keçirilməsi təklifi həm də ona xidmət edir ki, dövlətimiz ermənilərin yaşadıqları ərazilərdə həyat üçün zəruri olan şəraitin yaradılması istiqamətində də addım atmaq niyyətindədir. Bu isə bir daha Azərbaycanın xoş niyyətini, ərazilərimizdə yaşayan ermənilər üçün heç bir ayrı-seçkiliyin olmadığını aydın göstərir:

“Ermənilər tam təhlükəsiz şəraitdə Bakıya gəlib, müvafiq istiqamətdə müzakirələrdən sonra geri dönəcəkdilər. Onların həyatları üçün heç bir təhdid olmayacaqdı və yoxdur. Bu da Azərbaycanın haqlı mövqeyini gücləndirəcəkdi.

Ermənilərin reaksiyaları bir daha nümayiş etdirir ki, onlar separatçılıq meyillərindən uzaqlaşa bilmirlər. Görünür ki, kənardan onlara müdaxilə böyükdür və regiondakı proseslərin aləti rolunda istifadə olunmaqdadırlar. Belə olduğu halda Azərbaycan digər vasitələrə əl atmağa məcbur olacaq. Məsələn, keçmiş münaqişə şəraitində də Azərbaycan uzun illər Ermənistana münaqişənin dinc yolla həllini təklif edirdi. Bu, nəticə verməsə, güc yolu ilə torpaqlarımızı azad edəcəyimizi bildirdik. Ermənistan isə bunu düzgün dəyərləndirə bilmədi və nəticədə hərbi yolla torpaqlarımızı işğaldan azad etdik, Ermənistana ağır zərbə vurduq. Məğlubiyyətə uğrayan düşmən hələ də müxtəlif problemlərin girdabında qalıb.

Bu gün də biz ərazilərimizdə yaşayan ermənilərə məsələləri müzakirə və dinc yolla həll etməyi təklif edirik. Onlar yenə də separatçı qismində ərazilərimizdə mövcud olacaq, təhlükəsizliyimizə təhdid yaradacaqlarsa, bütün ərazilərimiz üzrə suverenliyimizin təmin olunmasını əngəlləyəcəklərsə, məsələni yenə də güc yolu ilə həll etməli olacağıq. BMT nizamnaməsinin 51-ci maddəsi də dövlətə təhlükəsizliyinə olan təhdidləri güc yolu ilə aradan qaldırmaq hüququ verir”.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri