29 
Mar
2023
14:40
78
64
522
Virtual karabakh

Qusman: “Heydər Əliyevin şəxsiyyətinin miqyası son dərəcə böyükdür” - MÜSAHİBƏ

29 Mar, 2023
14:40
522

Qusman: “Heydər Əliyevin şəxsiyyətinin miqyası son dərəcə böyükdür” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk günlərindən ölkədə yeni həyat başlayıb. Respublika sözün əsl mənasında sürətlə inkişaf edirdi. Üstəlik, o vaxt Azərbaycanın inkişaf tempi heç bir respublika ilə müqayisə oluna bilməzdi. Biz ölkənin dəyişməsinə görə fəxr edirdik”.

Bunu “Report”a müsahibəsində Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, bakılı Mixail Qusman deyib. Qusmanla müsahibəni təqdim edirik:

- Heydər Əlirza oğlu Əliyev sizin üçün kimdir?

- Əgər biz Azərbaycanın ümummilli lideri Heydər Əliyevdən danışırıqsa, bu böyük insanın liderliyi altında böyüyən nəsil üçün onunla bağlı ən uyğun söz “lider” sözüdür. Bu, mübaliğə deyil, çünki onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi günü, yəni iyulun 14-nü yaxşı xatırlayıram. O vaxt 19 yaşım var idi və ətrafda dolaşan söhbətlər yadımdadır. Həmin dövrdə Azərbaycanda xeyli mənfi proseslər cərəyan edirdi. İnsanlar bunu görürdülər. Onlar başa düşürdülər ki, bu sovet respublikasının dəyişikliklərə ehtiyacı var. Amma o vaxt az sayda insandan başqa heç kəs respublikaya konkret kimin rəhbərlik edəcəyini bilmirdi.

Yadımdadır, həmin dövrdən uzun illər sonra, yəni 2001-ci ildə Heydər Əliyev Azərbaycan prezidenti kimi mənə böyük şərəf verdi – mənim proqramımda müsahibə verdi. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri olarkən SSRİ DTK-nın sədri Yuri Andropov tərəfindən necə dəvət edilməsi barədə danışmışdı. Y.Andropov bildirmişdi ki, onun Azərbaycanda ən yüksək vəzifəyə namizədliyinin irəli sürülməsinə dair fikri var. Amma Heydər Əliyev bu təklifdən imtina edərək, özünü hüquq-mühafizə orqanları sistemindən kənarda görmədiyini və bu rola hazır hesab etmədiyini demişdi. Heydər Əliyevin sözlərinə görə, bir neçə gündən sonra Andropov ona zəng edib və onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, Sovet İttifaqının birinci şəxsi Leonid Brejnevin yanına çağırılacağını bildirib. “İmtina etməyin, təklifi qəbul edin, çünki məhz Siz Azərbaycana rəhbərlik edə, ona tamamilə yeni görkəm verə və ölkədə islahatlara başlaya bilərsiniz”, - Yuri Andropov vurğulamışdı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk günlərindən ölkədə yeni həyat başlayıb. Respublika sözün əsl mənasında sürətlə inkişaf edirdi. Üstəlik, o vaxt Azərbaycanın inkişaf tempi heç bir respublika ilə müqayisə oluna bilməzdi. Biz ölkənin dəyişməsinə görə fəxr edirdik.

- Bəs onun müstəqillik dönəmində ölkəyə rəhbərlik etdiyi dövr haqqında nə deyə bilərsiniz?

- Müstəqillik dövründə Heydər Əliyev respublikaya rəhbərlik etməyə başladığı vaxt ölkə müflis vəziyyətdə idi, xəzinə boş idi. Üstəlik, Qarabağdakı vəziyyəti və çox sayda məcburi köçkünü nəzərə almaq lazımdır. Odur ki, Heydər Əliyev ölkəni birləşdirməli idi. O, təkcə ümummilli lider deyil, həm də müasir Azərbaycanın qurucusudur. O, İlham Əliyevə artıq formalaşmış, lakin iqtisadi cəhətdən o qədər də güclü olmayan ölkə miras qoymuşdu. İlham Əliyev bu təməl üzərində və atasının cızdığı memarlıq konstruksiyaları əsasında yeni ölkə qurmağa davam etdi. Düşünürəm ki, o, bunu parlaq şəkildə həyata keçirib. Azərbaycanın beynəlxalq səviyyədə ad qazanması, ən böyük hərbi qələbənin əldə olunması, əslində, Heydər Əliyevin oğluna verdiyi məsləhətlərin real şəkildə və uğurla həyata keçirilməsi deməkdir.

- Ümummilli liderlə görüşləriniz barədə danışardınız.

- Məktəbdə drujinaçı dəstənin komandiri idim. İctimai asayişin qorunmasında fəal iştiraka görə bizi təltif olunmaq üçün toplamışdılar. O vaxt Heydər Əliyev Azərbaycan DTK sədrinin müavini idi və mənə fəxri fərmanı məhz o təqdim etmişdi. Amma ən əhəmiyyətli görüşümüz 2001-ci ildə müsahibə zamanı baş tutmuşdu. O vaxt Heydər Əliyevə mənə verdiyi təşəkkür məktubunu göstərdim.

Müsahibənin daha sonra dramatik davamı oldu. Belə ki, son müsahibədən iki il keçmişdi və mən ondan 2003-cü il aprelin 22-də yeni müsahibə almaq istəyirdim. Bir gün qabaq Heydər Əliyev ovaxtkı “Respublika” sarayına getmişdi. O, çıxışı zamanı özünü pis hiss etsə də, nitqini tamamlaya bilmişdi. Çıxışının sonunda Heydər Əliyev hər kəsə cansağlığı arzuladı və bu, onun üçün son ictimai çıxış oldu...

O vaxt ekranın önündən çəkilə bilmirdim... Heydər Əliyev mənim üçün çox vacib şəxsiyyət idi. Bu şəxsiyyətin miqyası son dərəcə çoxşaxəlidir. Özündə böyük siyasi xadim üçün zəruri olan bütün keyfiyyətləri cəmləşdirirdi. Sarsılmaz iradə, parlaq və dərin ağıl, fenomenal analitik təfəkkür, fövqəladə hissetmə qabiliyyəti, hər bir həmsöhbət üçün həm valehedici, həm də heyranedici olmaq bacarığı - bir liderdə bütün bu keyfiyyətlərin olması çox nadir haldır.

Onun bir rəhbər kimi şəxsiyyətinin miqyası çox böyükdür. Əgər SSRİ-də hakimiyyət dəyişikliyi olmasaydı, o zaman Heydər Əliyev bütün ölkənin lideri olardı.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri