30 
Mar
2023
13:20
138
10
846
Virtual karabakh

“Soyqırımlarından dərs çıxarmağımız xalqımızda vətənpərvərlik ruhunu yüksəldir” - RƏY + FOTO

30 Mar, 2023
13:20
846

“Soyqırımlarından dərs çıxarmağımız xalqımızda vətənpərvərlik ruhunu yüksəldir” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra xalqımıza qarşı törədilən soyqırımlarına siyasi, hüquqi qiymət verilməsi vacib idi. Çünki bu, tarixi, milli yaddaşımızın düzgün əsaslarla formalaşması üçün böyük əhəmiyyət kəsb edirdi”.

Bu sözləri Oxu.Az-a 31 Mart soyqırımının 105-ci ildönümü haqqında danışarkən deputat Hikmət Babaoğlu deyib. O qeyd edib ki, 1903-05-ci illərdə, 1918-ci ildə, 1948-53-cü illərdə və ondan sonrakı dövrdə Azərbaycan xalqına qarşı törədilən soyqırımları, hərbi-siyasi cinayətlər öz hüquqi qiymətini almadıqca belə əməllərin təkrarlanmaması üçün tədbirlərin görülməsinə çətinlik yaradırdı:

“Ona görə böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” kimi əbədiləşdirilməsi ilə bağlı tapşırıq verdi. Bununla əlaqədar 1998-ci ildə ulu öndərin xüsusi fərmanı qüvvəyə mindi.

Tarixi faktların, erməni vəhşiliyinin izlərinin gələcək nəsillərə çatdırılması, bütün dünyaya nümayiş olunması üçün 2007-ci ildə Quba şəhərində aşkarlanan soyqırımı qurbanlarının kütləvi məzarlığında Quba Soyqırımı Memorial Kompleksi yaradıldı. Bütün bunlar sonrakı mərhələdə yeni nəslin və bütövlükdə xalqımızın milli yaddaşının düzgün əsaslarda formalaşmasına təkan verdi. Azərbaycanlıların yaşadıqları faciələr xalqımızı vahid amal uğrunda birləşdirdi, həmrəy olmağımıza köməklik göstərdi. Biz xalq olaraq bu birliyimizi ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad olunması yolunda atılan addımlarımızla möhkəmləndirdik.

Təsadüfi deyil ki, məhz faciələrimizdən dərs çıxararaq, öyrənərək və öyrədərək gəldiyimiz nəticə Azərbaycan xalqında vətənpərvərlik ruhunu daha da yüksəldir. Bütün bunlar həm də gənc nəslin yeni formalaşan milli şüuru üçün vacibdir.

Ulu öndər Heydər Əliyevin imzaladığı Fərman 1918-ci ildə Azərbaycanın bir çox rayonlarında, Cənubi Azərbaycanda soyqırımı qurbanlarının anılması baxımından olduqca əhəmiyyətli qərar oldu.

Azərbaycanlıların harada yaşamalarından, hansı dövlətin vətəndaşlığını daşımalarından asılı olmayaraq, başına gətirilən müsibətləri unutmamaları, daim anmaları milli özünüdərkin əsas təməl sütunlarından birini təşkil edir. Bu, milli birliyimizi və həmrəyliyimizi təmin edən vasitədir”.

Xatırladaq ki, 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində və Azərbaycanın demək olar, bütün bölgələrində, xüsusilə Şamaхı, Quba, Göyçay, Kürdəmir, Salyan, Lənkəranda onminlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Bu qırğınlar erməni millətçilərin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə planladıqları və həyata keçirdikləri siyasətin tərkib hissəsi idi.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri