17 
İyl
2018
17:14
87
157
3455
Virtual karabakh

AZAL növbəti dəfə nüfuzlu “Skytrax” mükafatına layiq görülüb

17 İyl, 2018
17:14
3455

AZAL növbəti dəfə nüfuzlu “Skytrax” mükafatına layiq görülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti “Skytrax” Azərbaycanın milli aviadaşıyıcısının “4 Ulduzlu aviaşirkət” reytinqini növbəti dəfə təsdiq edib.

Bu, onu göstərir ki, “Azərbaycan Hava Yolları” (AZAL) xidmət keyfiyyətinə görə qlobal aviasiya bazarının tanınmış liderləri ilə bir sırada qiymətləndirilir.  

Oxu.Az xəbər verir ki, bundan əlavə, AZAL aviaşirkəti “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi olub.

Azərbaycanın milli aviadaşıyıcısı “Skytrax” tərəfindən ilk dəfə belə yüksək ada layiq görülüb.

Ən yaxşı aviaşirkətlərin mükafatlandırılması mərasimi 2018-ci ilin 17 iyul tarixində Londonda “World Airline Awards” rəsmi tədbirində keçirilib.

“Azərbaycan Hava Yolları»nın prezidenti Cahangir Əsgərov deyib:

“Skytrax” kimi nüfuzlu təşkilat tərəfindən növbəti dəfə belə yüksək mükafata layiq görülmək bizim üçün qürurvericidir və böyük şərəfdir.

Azərbaycanın milli aviadaşıyıcısının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi ölkə prezidenti İlham Əliyevin mülki aviasiya sahəsinə göstərdiyi böyük diqqətin və qayğının göstəricisidir.

Biz aviaşirkətin xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində çalışmağa davam edəcəyik”.

Mükafatlara dair şərh verən “Skytrax” təşkilatının baş direktoru Edvard Pleysted qeyd edib:

“Azərbaycan Hava Yolları”nın “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi olması son dərəcə möhtəşəmdir. Aviaşirkət məhsulun keyfiyyəti və xidmət sahəsində təkmilləşərək nüfuzunu getdikcə artırır və müştərilərini Bakıdakı beşulduzlu hava limanında xidmət göstərərək sevindirməyə davam edir”.

“4 Ulduz” reytinqinə layiq görülməzdən əvvəl müstəqil beynəlxalq auditorlar tərəfindən aviaşirkət göstərilən xidmətlərin keyfiyyətini və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən artıq meyar üzrə qiymətləndirilib.

Sərnişinlər üçün mühüm olan aviaşirkət məhsulunun komponentləri - ümumilikdə aviaşirkətin saytı, saytda yerləşdirilən məlumatın məzmunu, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər qiymətləndirilib.

Eyni zamanda təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi; təyyarədə sərnişinlər üçün əyləncə sistemi; heyət üzvlərinin xidməti geyim formaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə nəzərdən keçirilib.

Rüsumsuz ticarət (duty-free) xidməti, bort jurnalının məlumat tərkibi, sərnişinlər üçün təyyarədə qidanın keyfiyyəti, oturacaqların rahatlığı və s. xidmətlərin qiymətləndirilməsi də diqqətdən kənarda  qalmayıb. 

Qeyd etmək lazımdır ki, cari ilin may ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportu maksimal “5 ulduz” statusuna layiq görülüb və bununla da “Skytrax World Airport Awards” versiyası üzrə dünyada ən yaxşı doqquz aviaşirkətin siyahısına düşüb, postsovet ölkələrinin aviaşirkətləri arasında birinci yeri tutub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri