12 
Okt
2018
12:34
58
102
5984
Virtual karabakh

Günay Bayramova: Hamilə qadınlar sanki USM-dən çəkinirlər

12 Okt, 2018
12:34
5984

Günay Bayramova: Hamilə qadınlar sanki USM-dən çəkinirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər zaman qarşımıza çıxan hər hansı bir hamiləyə ilk sözümüz “Sağ-salamat” olur. Yəni, ona öz körpəsini sağlam qucağına almasını arzu edirik.

Lakin 2018-ci ildə - hər şeyin, ən əsası, texnika və təbabətin bu qədər inkişaf etdiyi bir dövrdə yaşasaq da, bu gün qüsurla doğulan körpələr də az olmur. Körpənin hər hansı bir qüsurla dünyaya gəlməsi hər zaman ailədə narahatlıq doğuran məsələlərdəndir və bu mövzu ginekologiya sahəsində qlobal problemlərdən biri olaraq qalmaqdadır.

Çox zaman övladının anadangəlmə qüsurlu olduğunu öyrənən valideynlər əsəb, stress və kinin nəticəsində öz həkimlərini günahlandırır və ona düşmən kəsilirlər. Görəsən, həqiqətən, hər zaman həkimlər günahkardırmı? Valideynin buradakı məsuliyyəti nədir? Bəs bunun əsl səbəbi nədir və bunun qarşısını almaq üçün nə etməliyik?

Oxu.Az bütün bu suallarla İngiltərə, Almaniya və Litvada öz təhsili üzrə ixtisaslaşan azərbaycanlı həkim, ultrasəs müayinə mütəxəssisi dr. Günay Bayramovaya müraciət edib.

- Günay xanım, müasir dövrdə qüsurlu körpələrin doğulmasının səbəbkarı və əsl günahkarı kimdir?

- Bu gün biz elə bir dövrdə və şəraitdə yaşayırıq ki, döldə olan qüsurları əvvəlcədən aşkarlamaq, müalicə edib, hətta bunun qarşısını da almaq mümkündür. Lakin təəssüf ki, televiziya və mətbuatda, sosial mediada, bir sözlə, ictimai fikrə təsir edə biləcək bütün platformalarda bu barədə nə qədər danışılsa da, maarifləndirmə işləri aparılsa da, insanlar sanki qulaq asmır və məsləhətlərə əməl etmirlər.

Bu gün hər hansı bir qadının hamilə qaldığı ilk həftələrdən ultrasəs müayinə aparatı ilə onun bətnindəki döldə baş verən bütün prosesləri görmək, problem varsa, onun diaqnozunu qoyub müalicə etmək 90 faiz hallarda mümkündür. 

Bunun üçün ilk növbədə yaxşı bir həkim lazımdır. Lakin qadınların özləri də nə yaşadıqlarını başa düşməlidirlər. Mən deyərdim ki, bu gün doğulan uşaqların 60 faizinin qüsurlu doğulması onun valideyninin günahından irəli gəlir. Çünki dəfələrlə deyilsə də, Azərbaycanda hamiləlik planlaması anlayışı yoxdur.

Qızlar ərə gedir və altı aydan, bir ildən sonra hamilə qalmadığı təqdirdə ginekoloqa müraciət edir. Halbuki bu, belə olmalı deyil. Evliliyə və valideyn olmağa hazırlaşan hər bir kəs hansı problemlərin və xəstəliklərin daşıyıcısı olduğunu bilməli və tədbir görməlidir.

İkinci halda səbəb və günah yenə də bizim düşüncə tərzimizdədir. Hamilə qalan qadınlar USM-dən sanki çəkinir və onun ziyanlı olduğunu düşünürlər. Bir də görürsən, dörd aylıq hamilə qadın müayinəyə gəlir və ilk dəfə USM-ə düşdüyünü bildirir. Bu halda dölün qüsursuz olacağına necə zəmanət vermək olar?!

- Günay xanım, dölün inkişaf qüsurlarının aşkar edilməsi üçün hamilələrin ultrasəs müayinəyə nə zaman gəlməsi tövsiyə olunur?

- İlk USM 7-8-ci həftələrdə, ikinci isə 12-14-cü həftələrdə olmalıdır. 16-17-ci həftədə ilk dəfə USM-ə gəlmək absurddur. Bütün problemlər insanların öz səhlənkarlığından irəli gəlir. Ultrasəs müayinənin üstünlüklərindən biri də hamiləlik dövründə döldə yaranan bir çox inkişaf qüsurlarını erkən mərhələdə təyin etməyə imkan verməsidir. Valideynlər düşünməməlidirlər ki, onlar sağlamdırsa, körpədə hər şey qaydasında olacaq. 

Hətta tam sağlam valideynlərin körpəsi belə inkişaf qüsuru ilə doğula bilər. Bu səbəbdən hamiləliyin ultrasəs müayinə vasitəsilə müntəzəm izlənməsi son dərəcə əhəmiyyətlidir. Təəssüf ki, zərərli olduğunu düşünərək USM-ə gec-gec gələn hamilələr çoxluq təşkil edir.

Bu fikirdə olan valideynlər körpələrinin sağlamlığının qayğısına qaldıqlarını zənn etsələr də, əslində, onların həyatını təhlükəyə atdıqlarının fərqində deyillər. Hamiləliyin I trimestrində (ilk 3 ayda) irsi xəstəliklərin və inkişaf qüsurlarının təyininin USM-in köməyi ilə aparılması mühüm əhəmiyyətə malikdir. 

Ultrasəs müayinəsində dölün müxtəlif inkişaf qüsurlarını aşkar etmək üçün hamiləliyin 11-13, daha sonra 20-24 və 32-34-cü həftələri ən uyğun vaxt hesab edilir. Hamiləliyin 12-13-cü həftəsində aparılmış ultrasəs müayinəsi zamanı döldə yarana biləcək inkişaf qüsurlarının yalnız 2-3 faizini aşkar etmək mümkündür.

Eyni zamanda, hamiləliyin bu dönəmində dölün ənsə qalınlığını ölçərək bir sıra irsi xəstəlikləri təyin etmək olar. Hamiləliyin 2-ci və 3-cü trimestrində aparılmış ultrasəs müayinəsi zamanı 90 faiz halda döldə yaranan inkişaf qüsurlarını aşkar etmək mümkündür.

- Bir hamilə qadın ilk dəfə USM-ə hamiləliyin 4-cü ayında gəlirsə, dölün qüsursuz olacağına necə zəmanət vermək olar?!

- Bütövlüklə inkişaf qüsurlarını iki qrupa bölmək olar: irsi fonda əmələ gəlmiş, yəni genlərdən və xromosomlardan irəli gələn, irsən ötürülən qüsurlar (hemofiliya, albinizm, Daun sindromu və s.) və irsi fonda yaranmayan, bətndaxili inkişafın gedişində qazanılan qüsurlar (anensefaliya, hidrosefaliya, anadangəlmə ürək qüsurları və s.) Təbii ki bu bölgü nisbidir, çünki əksər hallarda inkişaf qüsurları genetik dəyişikliklər və ətraf mühitin neqativ təsiri altında yaranır.

- Ana bətnində ikən körpədə inkişaf qüsuru aşkarlanarsa, bu hamiləlik mütləq sonlandırılmalıdır?

- Ultrasəs müayinəsi zamanı döldə inkişaf qüsurları aşkar olunduqdan sonra vacib məsələlərdən biri də ailədə hamiləliyi vaxtında sona çatdırmaq və ya dayandırmaqla bağlı sualların yaranmasıdır. Bunu nəzərə alaraq inkişaf qüsurlarını iki qrupa bölmək olar:

1. Dünyaya gəlmiş körpənin həyat qabiliyyətinin saxlanılması mümkün olan inkişaf qüsurları. Onların arasında - dovşandodaqlıq, qurdağızlıq, polidaktiliya - yəni yuxarı və aşağı ətraflarda yerləşən barmaqların sayının çox olması, sadə formada yaranmış ürək qüsurları və s. var. Bu tip qüsurların doğuşdan sonra cərrahi üsulla tam olaraq korreksiya edilməsi mümkündür.

2. Körpənin həyat qabiliyyətinin saxlanılmasının məsləhət görülmədiyi inkişaf qüsurları: Anensefaliya - dölün kəllə sümüklərinin və beyin toxumasının inkişaf etməməsi. Qastroşizis - qarnın ön divarının tamlığının pozulması nəticəsində burada yerləşən orqanların dölətrafı sulara xaric olması. Spina bifida - onurğa sütünunun kobud formada əmələ gəlmiş yırtıqları. Qarın boşluğu orqanlarında əmələ gəlmiş müxtəlif törəmələr. Bir neçə qüsurlardan əmələ gəlmiş mürəkkəb ürək qüsurları və digərlərini qeyd etmək olar.

Sadalanan ikinci növ inkişaf qüsurları zamanı hamiləliyin müddətindən asılı olmayaraq dayandırılması məsləhət görülür. Bu, nə qədər çətin olsa da, həkimlər bunu ailəyə izah etməyə çalışırlar. Lakin istənilən halda son qərarı yenə də ailə özü verir. 

Ümumiyyətlə, bu cür hallarla qarşı-qarşıya qalmamaq üçün və uşaqlarda inkişaf qüsurlarını azaltmaq məqsədilə cütlüklərin hamiləlik planlamadan öncə müayinə və müalicə olunması, qadınların hamiləliyin qeyd olunmuş həftələrində ultrasəs müayinədən və tibbi genetik konsultasiyadan keçməsi məsləhət görülür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri