Mar
2021
11:00
21
164
10725
Virtual karabakh

Ziba Mustafayeva: “Azercell elə indi sizinlə birlikdə gələcəyi quracaq şirkət ola bilər”

2 Mar, 2021
11:00
10725

Ziba Mustafayeva: “Azercell elə indi sizinlə birlikdə gələcəyi quracaq şirkət ola bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən yeni texnologiyaların inkişafına sərmayələrin yatırılması bir telekommunikasiya şirkəti üçün ən prioritet sahə sayıla bilər. Şirkətin texnologiyalara nə qədər zaman və vəsait ayırmasına baxmayaraq, uğurun mənbəyi - inkişafın təkanverici qüvvəsi məhz insanlardır. Bu, həm iri holdinqlər, həm də kiçik bizneslər üçün, həm dövlət təşkilatları, həm də müxtəlif ölkələrdə nümayəndəlikləri olan multimilli korporasiyalar üçün keçərlidir. İnsanlar da, öz növbəsində, işdən məmnunluq duymaq və öz fəaliyyətinin nəticələri ilə fəxr etmək istəyirlər. Özünü uğurlu hiss etmək, gərgin səylərinin qiymətləndirildiyini anlamaq insan üçün vacibdir. Hər bir şirkət effektiv, rəqabətədavamlı olmaq və fasiləsiz olaraq baş verən dəyişikliklərə cəld reaksiya vermək üçün mütəmadi olaraq öz əməkdaşlarını inkişaf etdirməli, onların bacarıqlarını təlimlər vasitəsilə təkmilləşdirməli, onlara nailiyyətlər əldə etmək və uğur qazanmaq imkanı verməlidir.

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin özünün sürətli rəqəmsallaşma vədinə sadiq qalaraq həm telekommunikasiya, həm xidmət keyfiyyəti, həm də cəmiyyətin və insanların inkişafı sahəsində fəaliyyətinin nəticəsi uzun müddətdir ki, beynəlxalq qurum və təşkilatların diqqət mərkəzindədir. Bu dəfə şirkət dünya şöhrətli “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının ən yüksək pilləsi hesab edilən Platin sertifikatına layiq görülüb. Bu standart korporativ idarəetmənin səviyyəsi və şirkət mədəniyyətinin dayanıqlı inkişafı, eləcə də insan resurslarının idarə edilməsi təcrübəsi daxil olmaqla, 9 əsas fəaliyyət göstəricisinin qiymətləndirilməsinin nəticələrinə əsasən təqdim olunur. IIP standartı şirkətin fəaliyyətinin səmərəliliyinin artırılması, əməkdaşlara müasir inkişaf imkanlarının verilməsi, onların qərar qəbul etmə prosesində iştirakı və insan potensialının inkişafına yönəlik effektiv idarəetmə kimi prinsipləri ölçür və onların daha da inkişaf etdirilməsini təşviq edir. Azercell həm ölkəmizdə, həm də MDB məkanında IIP Platin sertifikatı almış ilk və yeganə şirkətdir ki, bu da korporativ idarəetmənin və bu sahədə uğurun yüksək göstəricisidir. Qeyd etmək lazımdır ki, Platin sertifikatı həmin akkreditasiya mərkəzinin apardığı qiymətləndirmənin ən yüksək səviyyəsidir və IIP tərəfindən akkreditə olunmuş bütün təşkilatlarının yalnız 2 %-i bu statusa malikdir. Azercell-in İnsan Kapitalının İdarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva Oxu.Az xəbər portalına müsahibəsində şirkətin bu məqsədə nail olmaq üçün keçdiyi yoldan danışıb.

- Zəhmət olmasa, “Investors in People” standartı barədə danışardınız. Bu standart təşkilati strukturun effektiv idarə edilməsi sisteminin yaradılması sahəsində digər beynəlxalq standartlardan nə ilə fərqlənir, və ya onları nə ilə tamamlayır?

- Biznesin idarə edilməsi üzrə beynəlxalq standartlar kifayət qədər çoxdur. Onların arasında ən geniş yayılanları, sözsüz ki, ISO standartlaşdırma təşkilatı tərəfindən işlənib hazırlanmışdır. Bu təşkilat 2016-cı ildən başlayaraq İnsan Kapitalının İdarə edilməsi təcrübələri üzrə standartlar tətbiq edir. Məsələn, bu standartlar əməkdaşların axtarışı və işə götürülməsi, hesabatlılıq və s. kimi bir sıra ayrı-ayrı insan resursları ilə bağlı məsələləri əhatə edir. “Investors in People” (IIP) standartı, öz növbəsində, liderlik və insan resurslarının idarə olunması üzrə yeganə vahid, beynəlxalq standartdır. Hazırda bu standart 66 ölkədə təmsil olunur və bütün dünyada 50 000-dən çox təşkilatı əhatə edir. IIP mövcud olduğu 30 il ərzində liderlik və insan resurslarının idarə olunması üzrə qlobal bençmarka, yəni ölçü nümunəsinə çevrilmişdir.

- 2005-ci ildə Azercell şirkəti MDB məkanında “Investors In People” sertifikatına layiq görülmüş ilk və yeganə telekommunikasiya şirkəti oldu. Bu dəfə sizə Platin sertifikatı təqdim olundu və siz, hələ də, Azərbaycanda və MDB məkanında bu cür yüksək qiymətləndirilən yeganə şirkət olaraq qalırsınız. Bu məqsədə nail olmaq üçün necə bir yol keçməli oldunuz?

Əvvəlcə qeyd edim ki, IIP 4 növ sertifikasiya səviyyəsinə malikdir - standart, gümüş, qızıl və platin. Fəaliyyət göstərdiyi müddət ərzində IIP standartının tələbləri artır və bu tələblərə akkreditə olunmuş təşkilatlardan gözləntilər də bu tələblərə əlavə olunur. Təkrar akkreditasiya isə 3 ildən-bir aparılır.

Azercell şirkəti IIP yoluna 2005-ci ildə qədəm qoymuşdur. 2011-ci və 2014-cü illərdə təkrar akkreditasiya zamanı şirkət Silver (Gümüş), 2018-ci ildə isə Gold (Qızıl) səviyyəli sertifikatlara layiq görülmüşdür. 2020-ci ildə aparılmış sertifikatlaşdırma auditi zamanı Azercell ən yüksək səviyyəli Platin sertifikatına layiq görülmüş və beynəlxalq arenada liderlik və insan resurslarının idarə edilməsi məsələlərinə əsas diqqət yetirildiyini bir daha nümayiş etdirmişdir ki, bu da, öz növbəsində, şirkətin biznes göstəricilərinə müsbət təsir göstərməkdədir. Biz fəxr edirik ki, IIP tərəfindən akkreditə olunmuş 50 000 təşkilat arasında Azercell şirkəti Platin akkreditasiyasının ən yüksək səviyyəsinə uyğun olan həmin 2 %-ə daxildir.

Bu gün dövlət strukturlarının və onların müxtəlif bölmələrinin korporativ idarəetmə sisteminə keçidi istiqamətində dövlət səviyyəsində işlər görülür. Bu standart şirkətdaxili təcrübələrin beynəlxalq korporativ idarəetmə sisteminə uyğunluğunu təmin etməklə bu keçidi sürətləndirmiş olur. Onu da qeyd etmək istərdim ki, yerli şirkətlərdən bizə Azercell-in təcrübəsi ilə bağlı müraciətlər daxil olub və biz IIP sertifikatlaşdırmasına hazırlıq üzrə təcrübəmizi məmnuniyyətlə onlarla bölüşürük.

- Bilavasitə sertifikatlaşdırmanın özü nə qədər vaxt aparır və bu proses nədən ibarətdir?

- Audit və akkreditasiya təxminən 9 ay çəkir. Qiymətləndirmə IIP-nin London ofisinin auditorları - müstəqil ekspertlər tərəfindən həyata keçirilir. 2020-ci ildə pandemiya şəraitində bu tədbirlər onlayn rejimdə həyata keçirilsə də, onlar öz intensivliyinə görə heç də ekspertlərin şirkətin ofislərində fərdi və qrup iclaslarını keçirdiyi əyani görüşlərdən geri qalmırdı. 

Bu akkreditasiya prosesində ümumi məlumatlarla kifayətlənmək mümkün deyil. Görülən işlərin və ən əsası, bunun biznesə necə təsir göstərdiyini, başqa sözlə, korporativ idarəetmə və liderlik sisteminizin rolunu sübut etmək lazımdır.

Məsələn, Azercell innovasiya mədəniyyətinin inkişafı üzrə proqram həyata keçirir ki, bu proqram çərçivəsində də “Dizayn Təfəkkürü” üzrə təlim keçirilir, innovativ həllər üzrə daxili “kraudsorsinq” sistemi fəaliyyət göstərir və s. IIP eksperti tərəfindən bizə verilən əsas sual budur: “Bunun bilavasitə biznesə təsiri nədən ibarətdir?” Bu standartın fərqləndirici xüsusiyyəti də məhz bundadır. Ona uyğunluq insan resursları mütəxəssisini şirkətdaxili xidmət təminatçısı kimi deyil, məhz biznesin idarəedici qüvvəsi kimi düşünməyə ruhlandırır. Bu Standart insan resurları anlayışını biznesin tələbi ilə bu və ya digər funksiyaları yerinə yetirən strukturdan tamhüquqlu biznes-tərəfdaşa çevrilməsinə təkan verəcəkdir. Beləliklə, IIP, bir növ, sizi sağlam biznes-tonusda saxlayan bir trenajordur.

- Yeri gəlmişkən, bəs Azercell şirkətinin bir qayda olaraq əməkdaşları üçün təşkil etdiyi tədbirlər necə keçirilirdi? Onlar da onlayn rejimə aparılıb?

- COVID-19 pandemiyası baş qaldırandan bəri biz bütün tədbirlərimizi onlayn rejimdə keçiririk. Bizim bir çox layihələrimiz, təlim proqramlarımız, koordinasiya xarakterli brifinqlərimiz, eləcə də komanda şəklində həyata keçirilən digər proqramlarımız bu rejimə keçirilmişdir. 

- IIP sertifikatlaşdırması çərçivəsində Azercell-in neçə əməkdaşı ilə müsahibə aparılıb?

- Ekspertlərlə birbaşa ünsiyyətdə şirkətin ştatda olan işçilərinin təxminən 45 %-i iştirak edib. Bu, müxtəlif funksiyalar icra edən, müxtəlif səviyyəli vəzifələr tutan, müxtəlif şöbə və bölümlərdən olan insanların, gənc əməkdaşların və əmək təcrübəsi çox olan peşəkarların daxil olduğu çoxistiqamətli bir qrup idi. Hədəf auditoriyanın seçilməsi ilə IIP auditorları özləri məşğul olurdular. Bundan əlavə, bütün əməkdaşlarımız təşkilatın diaqnostikası alətlərindən biri olan onlayn sorğuda iştirak ediblər.

- Böyük Britaniyada əməkdaşlar “Investors in People” standartı üzrə sertifikatlaşdırılmış şirkətləri nadir hallarda tərk edirlər. Azercell şirkətinin əməkdaşların həvəsləndirilməsi məsələlərində əsas prinsipləri nədən ibarətdir?

- Zamanla ayaqlaşmaq üçün biz mütəmadi olaraq Azercell şirkətinin artıq çalışan əməkdaşlarımıza və əmək bazarında iş axtaran şəxslərə nə ilə maraqlı olması ilə bağlı araşdırmalar aparırıq. Cavablardan biri - şirkətin tətbiq etdiyi beynəlxalq təcrübələr, əməkdaşların inkişaf etdiyi və öz imkanlarını nümayiş etdirə biləcəyi bir mühitin olmasıdır. Əməkdaşlar korporativ novatorluq mədəniyyətinin güclü olduğu bir şirkətdə işlədiklərini dərk edirlər. IIP və Azercell-in tələblərini yerinə yetirdiyi digər standartlar sayəsində insanlar bu şirkətdə çalışmağa başlamaqla öz gözləntilərinin doğrultduğunu görürlər. Qeyd etmək istərdim ki, 1996-2020-ci illərdə şirkət təkcə əməkdaşların inkişafına 26 milyon ABŞ dollarına yaxın sərmayə yatırmışdır. 

Biz yaxşı başa düşürük ki, keçdiyimiz yolun müəyyən bir mərhələsində əməkdaş şirkəti tərk edə də bilər. Biz fəxr edirik ki, bizim “məzunlarımız” karyera yüksəlişi yaşayır, iqtisadiyyatın müxtəlif sahələrində yüksək vəzifələr tuturlar, çünki Azercell-də iş təcrübəsi əmək bazarında yüksək qiymətləndirilir. Amma bu o demək deyil ki, biz öz resurslarımızı saxlamağa üstünlük vermirik. Ancaq, şübhəsiz ki, bəzən bir insanın daha yüksək pilləyə qalxmalı olduğunu dərk etdiyimiz hallar da olur. Belə hallarda isə şirkət, sadəcə, onu dəstəkləyəcəkdir.

- Azercell şirkətində işləməyə can atanlara qarşı tələblərin də yüksək olduğunu demək olarmı?

- Mən deyərdim ki, biz kifayət qədər tələbkar təşkilatıq. Lakin, bununla yanaşı, öz tələblərimizi aydın şəkildə formulə edən və namizədlərdən nəyin gözlənildiyinin dolğun mənzərəsini təqdim edən bir şirkətik. Bu gözləntilər, ilk növbədə, özünü inkişaf etdirmək potensialıdır. İş axtaran namizədlərdə bizə lazım olan bacarıq və vərdişlərin hamısı olmaya bilər, xüsusilə də texnoloji bacarıqların yenilənməsi müddətinin 3-4 ilə endiyi bir dövrdə. Buna görə də biz yeni təcrübə əldə etməyə açıq olan və çətin, lakin maraq doğuran problemli məsələlərdən qorxmayan namizədlər axtarırıq. 

- Şirkətdə potensial əməkdaşlarla müsahibələr necə aparılır və yeni namizədləri harada axtarırsınız? Məsələn, Azercell-in gənclərlə işə yönəlik təqaüd proqramları və sizin karyera sərgilərində mütəmadi iştirakınız da şirkətə yeni kadrların axınını təmin edirmi?

- Biz əməkdaşların axtarışı və xarici istedadların ehtiyat bazasının hazırlanması üzrə müxtəlif taktikalardan istifadə edirik. Sizin də düzgün qeyd etdiyiniz kimi, ali məktəblərin tələbələri və məzunları ilə layihələr 10 ildən artıqdır ki, aparılır və özünü tam doğruldur. Bununla yanaşı, biz nəinki Bakının ali məktəbləri ilə, həm də Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərindəki təhsil müəssisələri ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığa Təqaüd proqramı və birbaşa Azercell şirkətində işləməyə imkan verən Təcrübə proqramı daxildir.

Əmək bazarının inkişafı fonunda namizədlərin axtarışı artıq çoxdandır ki, sizin vakansiya barədə elan etdiyiniz və müraciətləri gözlədiyiniz passiv axtarışdan işəgötürənin əvvəlcədən istedadlar bazası yaratdığı və namizədlərə birbaşa özünün müraciət etdiyi aktiv və proaktiv axtarışa keçid edib. Lakin bununla belə, Azercell-in vakansiyaları haqqında elanlar həmişə istənilən Azərbaycan vətəndaşı üçün əlçatandır.

- Azercell şirkətində əməkdaşların motivasiyası və həvəsləndirilməsi üçün hansı mexanizmlər mövcuddur?

- Qeyd etmək istərdim ki, motivasiya, ilk növbədə, hər bir insanın daxili və fərdi amilidir. İşəgötürən olaraq, siz sadəcə daxili drayverlər, yəni təkanverici qüvvələr üçün əlverişli mühit yarada bilərsiniz.

Məsələn, Azercell şirkətində təlim vasitəsilə motivasiya proqramı fəaliyyət göstərir. Bu proqram insanların təlim vasitəsilə nəinki öz sahələrində peşəkara çevrilməsini, həm də Azercell Akademiyasına və onun nəzdində fəaliyyət göstərən biznes məktəblərinə qəbul olunmaqla topladıqları bilikləri bölüşməyə başlamasını nəzərdə tutur. Bu, insanların öz biliklərini başqalarına ötürmək, təlimçi, mentor və ya şirkətdaxili məsləhətçi olmaq imkanı qazandığı daha bir motivasiya üsuludur. Kimin üçünsə motivasiya amili strateji layihələrin həyata keçirilməsinə cəlb olunmaqdır ki, burada da özünü yeni mühitdə sınamaq imkanı vardır. 

Yeri gəlmişkən, IIP tərəfindən çox yüksək qiymətləndirilmiş layihələrdən birini misal gətirim. Azercell şirkətinin müxtəlif departamentlərdən olan istedadlı əməkdaşları “İnno-Liqa” adlandırdığımız komandalara üzv seçilirlər ki, burada da onlar Dizayn təfəkkürü prosesi üzrə təlim keçirlər. Bundan sonra şirkət rəhbərliyi onların qarşısında aktual və real biznes-vəzifələr qoyur. 2020-ci il üçün belə vəzifələr arasında, məsələn, mobil tətbiqlərimizdən biri vasitəsilə virus kampaniyasının yaradılması, müştəri xidmətlərinin rəqəmsal kanallarının inkişaf etdirilməsi variantları, habelə məhsulların yaradılması prosesinin təkmilləşdirilməsi metodlarının müəyyən edilməsi və s. var idi. “İnno-Liqa” tərəfindən irəli sürülən bəzi həllər tətbiq edildi və həyata keçirildi. Burada həm biznes üçün fayda var, həm də iştirakçılar öz gündəlik işlərində rastlaşmayacaqları tamamilə yeni istiqamətlər üzrə qüvvələrini sınadılar. Motivasiya kimi isə onlar digər mütəxəssislərlə birlikdə komandada işləmək imkanı əldə etdilər, əlaqələrini genişləndirdilər, yeni prosesləri öyrəndilər, növbəti sertifikatlaşdırmadan keçdilər və Azercell-in innovasiya-biznes məktəbinin üzvü olmaq imkanı əldə etdilər. Beləliklə, Azercell Akademiyasının “Öyrənirik, öyrədirik” şüarı özünü tam doğruldur və öz mentorluq məktəbini inkişaf etdirməyə imkan verir.

- İşəgötürmə zamanı müsahibələrin keçirilməsi üzrə çoxsaylı dünya praktikaları mövcuddur. “Google” və ya “Amazon” şirkətlərində müsahibələrin keçirilməsi ilə bağlı hekayələr memə çevrilib. Bəs Azercell-də müsahibələr necə keçirilir?

- Biz hər vakansiya üzrə seçim prosesini apararkən əsaslandığımız tələb və gözləntilərimizi diqqətlə işləyib-hazırlayır və bu prosesi mümkün qədər şəffaf saxlamağa çalışırıq. Pandemiya dövründə daha da aktual olan video-müsahibə həllərindən istifadə edirik. Departamentimizin əməkdaşları müxtəlif qiymətləndirmə alətləri, o cümlədən SHL, MCT və s. kimi şirkətlərin qiymətləndirmə alətləri üzrə ixtisaslaşırlar. İT sahəsinə aid vakansiyalar üçün məşhur MOOC texnoloji həllindən istifadə edirik. Daha əvvəl də qeyd etdiyim kimi, təlim potensialına və insanın yeni vərdişlər əldə etməyə və zəruri olduqda müəyyən bilgi vərdişlərindən azad olmağa - “learn to unlearn” yanaşmasına nə dərəcədə açıq olduğuna xüsusi diqqət yetiririk. 

- Bu gün ali təhsilə önəm vermək lazım deyil - hazırda qlobal trend budur. Amma görünür ki, Azercell şirkətinin öz klassik qaydaları var. Çünki sizin təqaüd proqramlarınız və universitetlərdə keçirilən əmək yarmarkalarında iştirakınız şirkətin məhz ali təhsilli əməkdaşlar axtardığını göstərir.

- Vakansiyalarımızın əksəriyyətində siz ali ixtisas təhsili ilə bağlı tələblər görəcəksiniz, çünki telekommunikasiya şirkəti təhsilin texnologiyalarla işləməyə əhəmiyyətli dərəcədə kömək etdiyi bir mühitdir - burada mühəndislik prinsiplərinin tərkib elementlərinin dərindən başa düşülməsi prosesi baş verir. Azercell-in tələbə təqaüd proqramları gənc nəsil arasında ali təhsilin stimullaşdırılmasına yönəlmişdir. 

- Azercell-də işləmək istəyənlərə nə tövsiyə edərdiniz?

- Əgər texnologiyalarla zəngin gələcək və rəqəmsal həllər sizi ruhlandırırsa, siz qarşınıza çətin vəzifələr qoymağa və onlara nail olmağa, bununla da hər dəfə standartlarınızı yüksəltməyə hazırsınızsa, Azercell elə indi sizinlə birlikdə bu gələcəyi quracaq bir şirkət ola bilər. Əgər tələbəsinizsə, vakansiyalarımızı izləyin, layihə və proqramlarımızda iştirak edin. Komandamıza məhz sizin kimi insanları qəbul etməkdən məmnun olarıq. 

- Şirkət COVID-19 pandemiyası dövründə öz əməkdaşlarına necə dəstək göstərir?

- Pandemiyanın başlandığı dövrdən etibarən bütün iş prosesləri əməkdaşların, onların ailələrinin və müştərilərinin fiziki və emosional sağlamlığını qorumaq məqsədilə onların rifahının təmin edilməsi baxımından yenidən nəzərdən keçirilmişdir. Azercell əməkdaşlarının əksəriyyəti distant iş rejiminə keçirilmişdir. Biz, həmçinin, bəzi autsorsinq layihələri çərçivəsində Azercell şirkəti ilə işləyən şirkətlərin əməkdaşlarına da qayğı göstəririk. Bu şirkətlərin əməkdaşlarının müəyyən bir qisminə Azercell tərəfindən tibbi sığorta xidmətləri təqdim edilmişdir. Şirkət xidmət və satış mərkəzlərimizin əməkdaşlarını nəqliyyat vasitəsi ilə də təmin edir. 

Biz peşəkar təlimatçılar tərəfindən aparılan, uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş yoqa dərsləri də daxil olmaqla, bir sıra maarifləndirici vebinarlara start vermişik. Bu dərslər hələ də müntəzəm olaraq onlayn formatda keçirilir və çox populyardır. Həmçinin, Azercell-in “YouTube” portalındakı səhifəsində video-təlimatlar var ki, burada da həkim koronavirusa yoluxmanın simptomları, yoluxma zamanı qorunma tədbirləri və atılacaq addımlar barədə ətraflı məlumat verir. Azercell-in virusa yoluxan hər bir əməkdaşı şirkətin dəstəyini və qayğısını hiss edirdi.

- Ötən ilin sentyabrında ölkəmizin qarşısında daha bir çətin vəzifə dayanırdı - müharibə. Ölkəmiz bu vəzifənin öhdəsindən layiqincə gəldi. Əlbəttə ki, bu Qələbə bizə baha başa gəldi. Azercell Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak edən əməkdaşlarına və şəhid olmuş əməkdaşlarının ailələrinə necə dəstək göstərir?

- Azercell-in 9 əməkdaşı döyüş əməliyyatlarında yaxından iştirak etmiş, onlardan biri şəhid olmuşdur. Bu, şirkətimiz və bizim hamımız üçün böyük itkidir. Biz Vətən uğrunda canlarını qurban vermiş əsgərlərə olan borcumuzu heç vaxt ödəyə bilmərik. Biz döyüş əməliyyatlarında iştirak edən əməkdaşlarımızın ailələri ilə daim əlaqə saxlayırıq. Səhər tezdən Qələbə xəbəri gəldikdən sonra biz ilk işimiz olaraq onların ailə üzvlərinə zəng etdik, onlarla birlikdə ağladıq və sevindik. Mən onlarla birlikdə yaşadığımız bu hissləri hələ də xatırlayıram, çünki ilk olaraq onlarla danışmalı olduğumuzu başa düşürdük. Hazırda cəbhədən qayıdan bütün şirkət əməkdaşlarımıza reabilitasiya üçün vaxt verilib və tam tibbi müayinə təmin edilib.

Azercell komandasının bir çox üzvləri informasiya müharibəsinin iştirakçısı olub, sosial şəbəkələrdə və KİV-də dövlətin siyasətini fəal şəkildə dəstəkləyiblər. Əməkdaşların və ayrıca olaraq onların övladlarının bilik səviyyəsini artırmaq məqsədilə tanınmış tarixçi Fuad Axundovun iştirakı ilə onlayn sessiyalar təşkil edilib. 

Əməkdaşlarımız arasında qaçqınlar və məcburi köçkünlər də var. Onlar sosial media kanalları vasitəsilə Qarabağın azad edilməsinə həsr olunmuş aksiyalarımız çərçivəsində öz uşaqlıq və gənclik hekayələrini, xatirələrini bölüşüblər. Düşünürəm, bu elə bir zamandır ki, bütün azərbaycanlılar üçün vahid bir tam olmağın, ruhlanmağın, möhkəm yumruq olmağın vaxtı gəlib çatıb.

2020-ci ilin dekabr ayının sonunda aparılmış müstəqil tədqiqatların nəticələrinə əsasən, şirkət əməkdaşlarının şirkətə bağlılıq səviyyəsi rekord 91% təşkil edib - halbuki 80% artıq yaxşı göstərici hesab edilir. Bu, rəqəmlərdə əks olunan birlik və həmrəylik əlamətidir. Mən çox şadam ki, ömür boyu hafizələrimizdən silinməyəcək hadisələrin şahidi oldum...

Onu da qeyd etmək istərdim ki, bu il biz tələbə təqaüd proqramının qaydalarını dəyişmək qərarına gəldik və onu tam olaraq öz həyatlarını təhlükəyə ataraq Qələbəyə əvəzsiz töhfələr vermiş əsgərlərə yönəltdik. Döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçular arasından telekommunikasiya, İT və yaxın ixtisaslar üzrə təhsil alan 23 tələbə seçmişik. Onların arasında həm birinci kurs tələbələri, həm də magistratura bölməsində təhsil alan tələbələr var. Biz heç bir seçim prosesi həyata keçirmədik, sadəcə təhsil almalarında onlara dəstək göstərmək qərarına gəldik. Onlar təhsillərini başa vuranadək Azercell-in dəstəyini alacaq və şirkətin fəaliyyətinə cəlb olunacaqlar. Bu, bütün həyatı hələ qabaqda olan və sözsüz ki, ölkəmizin telekommunikasiya sektorunun inkişafına öz qatqısını verəcək gənc oğlanların öz təhsilini davam etdirməsi üçün minimal töhfə və stimuldur. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri