22 
Apr
2021
10:45
80
21
5468
Virtual karabakh

Cavid Qurbanov: “Transferimdən 5 000 manat qazanmışam”

22 Apr, 2021
10:45
5468

Cavid Qurbanov: “Transferimdən 5 000 manat qazanmışam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə kiberidman üzrə yarışlar təşkil edən “Gaming League Azerbaijan” ilk transferini rəsmiləşdirdi.

“Gaming League Azerbaijan”ın yetirməsi Cavid Qurbanov 25 min manat qarşılığında GMT Esports - “Guardians of the Maiden Tower” - “Qız Qalasının keşikçiləri” klubu ilə rəsmi müqavilə imzaladı.

Kiberidmanda 25 min manatlıq transferin səbəbkarı kimdir? Oxucularımızı Cavid Qurbanovla daha yaxından tanış etmək qərarına gəldik.

Dosye: Cavid Qurbanov 1999-cu ildə Bakıda anadan olub. GLA tərəfindən keçirilən Milli Liqa yarışlarında qələbə qazanıb və dəfələrlə mükafatçılar sırasında yer alıb. Cavid MDB Çempionatında Azərbaycan üzrə ən yüksək nəticəni göstərib. O, FIFA EuroCup turnirində 2-ci yeri tutub.

- Kiberidmana gəlişiniz necə baş tutdu?

- Uşaq yaşlarından futbola böyük marağım var idi. Asudə vaxtlarımda kompüterdə futbol oynayırdım. Bir müddət sonra artıq FIFA üzrə turnirlərdə iştirak etməyə başladım.

- Böyük futbolda hansı kluba azarkeşlik edirsiniz?

- Sevimli klubum “Mançester Yunayted”dir. Azarkeşi olduğum futbolçu Kriştiano Ronaldodur. Milli komandalar arasında Portuqaliya yığmasının uğurlarına daha çox sevinirəm.

- Ümumiyyətlə kompüter oyunlarına münasibətiniz necədir?

- Münasibətim əladır. Kompüter vasitəsi ilə asudə vaxtımı maraqlı keçirirəm. Üstəlik pul da qazanıram, karyera qurmuşam. Kiberidman həyat tərzimdi. Arzularıma bu oyun vasitəsi ilə çatmışam. İndi əksər yarışlar onlayn baş tutur. Belə turnirlərdə sosiallaşmaq olur. Yəni yeni dostlarla tanış olursan. Hətta ingilis dilini təkmilləşdirmək də mümkündür.

- GLA-dan başqa şirkətin komandasına keçidini necə qiymətləndirirsiniz?

- İlk dəfə müqavilə imzaladığım peşəkar komanda “Gaming League Azerbaijan” (GLA) şirkəti olub. GLA-ya qoşulduğum ilk gündən maddi və mənəvi dəstək görmüşəm. GMT-yə transferimdən razıyam. Bundan sonra yeni komandamın uğurları üçün çalışacağam.

- Transferin 25 min manat dəyərindədir. İlk bahalı transfer olmaq necə hissdir?

- Azərbaycan tarixində ilk bahalı transfer olmaq maraqlıdır. GMT şirkətinə təşəkkür edirəm. Mənə inandıqları üçün. Bu dəyəri doğrultmağa çalışacağam. Fikrimcə bu başlanğıcdır. Çox istəyərdim ki, gələcəkdə transferlər daha bahalı olsun.

- 25 min manatdan nə qədəri sizə çatdı?

- Müqaviləyə görə 25 min manatdan bir hissəsi mənə aiddir. Dəqiq söyləsək 5 min manat.

- Gələcəkdə GMT-də uğur qazandıqdan sonra, yenidən GLA-ya transferiniz mümkündür?

- Maraqlı sualdır (gülür). Zaman göstərəcək.

- Kiberidmanla yeni məşğul olan gənclərə məsləhətiniz nədir?

- İlk növbədə təhsilə ciddi yanaşmağı məsləhət görərdim. Çünki peşəkar kiberidmançı digər sahələrdə olduğu kimi savadlı olmalıdır. Asudə vaxtlarında kiberidman üzrə master klassları izləmək yaxşı olardı. Təcrübələrini artırardılar. Sonra turnirlərdə iştirak etməklə oyun səviyyələrini yüksəltmək imkanları yaranacaq.

- Beynəlxalq arenada ən çətin yarışınız hansı olub?

- Rusiya Peşəkar Liqasında iştirak edərkən Moskva “Lokomotiv”inin oyunçusuyla oyunum ən çətin mübarizələrimdən biri kimi yadımda qalıb. İlk hissədə 1-0 hesabıyla öndə olmağıma baxmayaraq fasilədən sonra üstünlüyü qoruya bilmədim. Yekunda 1-2 hesabıyla uduzdum. Qeyri-adi hisslər keçirirdim. Axı udmağa çox yaxın idim. Rəqibim dünyada TOP-20 reytinq siyahısına daxil olan idmançıdır. Təcrübəli olduğu üçün oyunu xilas etməyi bacarmışdı.

- Gələcək planlarını bilmək istərdik…

- Kiberidman Asiya Oyunlarının proqramına daxil edilib. Gələcəkdə kiberidmanın böyük kütləvi yarışlarda təmsil olunacağını gözləyirəm. Əlbəttə GMT-nin heyətində qələbələr qazanmaq istərdim.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri