30 
Noy
2021
14:40
68
25
815
Virtual karabakh

Müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunan “UNEC İqtisadi Forumu” sabah başlayır

30 Noy, 2021
14:40
815

Müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunan “UNEC İqtisadi Forumu” sabah başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 30-cu  ildönümünə həsr olunan “UNEC İqtisadi Forumu” sabah başlayır.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021-ci ilin 1-3 dekabr tarixlərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər dövlət və özəl təşkilatlarla birgə Bakıda UNEC İqtisadi Forumunu keçirir.

Forumda 3 gün ərzində 5 panel üzrə 30-a qədər spiker və moderatorun iştirakı ilə müzakirələr keçiriləcək. Bunlardan əlavə forum müddətində tədbir iştirakçıları üçün 3 xüsusi görüş keçirilməsi də nəzərdə tutulub. Panel müzakirələri “Gülüstan” sarayında keçiriləcəkdir.

Xüsusi görüşlərdən ilk 2 görüş forumun ilk günündə keçiriləcək. Onlardan birincisi dekabrın 1-i saat 11:30-12:30 aralığında Nobel mükafatı laureatı Əziz Sancarın alimlərlə görüşüdür.

Əziz Sancarın bütün elm adamları üçün nümunə ola biləcək həyat və yaradıcılıq, elmi fəaliyyət və ictimai inkişaf yolu vardır.

Professor Əziz Sancar ilk türk kimi elm üzrə Nobel mükafatını almaqla Azərbaycan da daxil olmaqla, bütövlükdə Türk dünyasının dünya elminin zirvəsində təmsil olunmasını təmin edib.

420-dən çox elmi məqaləyə, 33 mindən çox elmi istinada malik olan, Hirşa indeksi isə 99-a çıxan Əziz Sancar fotoliyaz təmir mexanizmini kəşf etmək üçün 40 il, DNA ikili kəsim mexanizmini kəşf etmək üçün 35 il, kriptokrom və period proteinlərinin funksional mexanizmini kəşf etmək üçün isə 16 il zaman sərf edib.

Eyni gündə 17:00 - 18:00 aralığında 2-ci xüsusi görüş Polşanın Maliyyə naziri postunda çalışmış, polşa iqtisadiyyatının memarlarından sayılan, iqtisadçı, professor Qrzeqorz V. Kolodko ilə olacaq.

Professor Kolokdo sual-cavab sessiyasında alim və tədqiqatçıları maraqlandıran sualları cavablandıracaqdır.

Qrzeqorz V. Kolodko görkəmli iqtisadiyyat professoru və Polşa iqtisadi islahatlarının əsas memarıdır. O, universitet müəllimi, tədqiqatçı, Yeni Praqmatizmin orijinal paradiqmatik və heterodoks iqtisadiyyat nəzəriyyəsinin, çoxsaylı akademik kitabların və elmi məqalələrin müəllifidir. Varşavadakı Kozminski Universitetində TIGER – Transformasiya, İnteqrasiya və Qloballaşma İqtisadi Tədqiqatının təsisçisi və direktorudur. Q. Kolodko eyni zamanda BVF, Dünya Bankı, BMT, OECD kimi beynəlxalq təşkilatların məsləhətçisi, Avropa İncəsənət, “Academia Europaea”, Elmlər və Humanitar Elmlər Akademiyasının üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvüdür. O, Çinin Pekindəki Çinin Renmin Universitetində və “Chongyang” Maliyyə Tədqiqatları İnstitutunda qeyri-rezident baş elmi işçi, (HUST) “Huangzhou” Elm və Texnologiya Universitetinin professoru, Vuhan, Pekin Normal Universitetində İnkişaf etməkdə olan Bazarlar İnstitutunun görkəmli professorudur. 

Forumun 2-ci günü, 02 dekabr saat 14:30 – 15:30 aralığında Almaniyanın “SPRINGER” nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Kristian Rausçer gənc tədqiqatçılar və tədqiqat mərkəzlərinin rəhbərləri ilə fikir mübadiləsi aparacaq.

Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək. Panellər aşağıdakı kimidir:

- PANEL 1: Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar;

- PANEL 2: Post-pandemiya dövründə elm və təhsil;

- PANEL 3: İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar;

- PANEL 4: Post-pandemiya dövründə biznes transformasiyası;

- PANEL 5: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya.

Qonaqların dekabrın 4-də Qarabağa səfər etməsi də tədbirin proqramına daxil edilib.

Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye xadimlərini bir araya gətirəcək və beləliklə, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə və müəyyən etmək üçün platforma təmin edəcəkdir. 

Tədbirlə bağlı ətraflı məlumatı unecforum.az saytından və forumun rəsmi sosial media səhifələrindən əldə edə bilərsiniz.

Forumun “Instagram” səhifəsi: Instagram.com/uefbaku

Forumun “Facebook” səhifəsi: Facebook.com/uefbaku

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri