28 
Dek
2021
15:12
66
18
1201
Virtual karabakh

Dünyanın nömrə bir texnologiyası olan “Grenzebach” texnologiyasına əsaslanan böyük zavodun təqdimatı keçirildi

Ölkəmizin tikinti materiallarının qabaqcıl istehsalçılarından olan “Mətanət A” Şirkətlər Qrupunun “AĞDAĞ” Natural Gipskarton Lövhələri Zavodunun geniş təqdimatı “Alov Qüllələri“ndə keçirilib.

Tədbirdə müxtəlif dövlət qurumları, biznes assosiasiyaları, inşaat şirkətlərinin rəhbər şəxsləri, eləcə də tikinti materiallarının satışı ilə məşğul olan fərdi sahibkarlar iştirak edib. 

Öncə qonaqlar zavodu ziyarət edib və istehsal prosesi ilə tanış olublar. Zavodun direktoru Alim Bayramov qonaqlara məlumat verib ki, zavod qabaqcıl “Grenzebach” alman texnologiyasına əsaslanır, istehsal prosesi tam avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə nəzarət PLC xüsusi proqram təminatı ilə avtomatik həyata keçirilir. “AĞDAĞ” Natural Gipskarton Lövhələrinin istehsalında spesifik kartondan istifadə edilir, son məhsul maksimum elastikliyə və yüksək müqavimətə malikdir. Məhsulun keyfiyyəti Almaniya bazarlarındakı bu tip məhsul ilə eyni keyfiyyətdədir. “AĞDAĞ” Natural Gipskarton Lövhələrinin istifadəsi işin effektivliyinin artmasına və nəticədə tikinti xərclərinin azalmasına kömək edir.

Tədbirdə çıxış edən Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, millət vəkili, akademik Ziyad Səmədzadə “Mətanət A” Şirkətlər Qrupunun inşaat sektorunda daim innovasiyalarla fərqlənərək ölkəmizdəki sahibkarlıq fəaliyyətinin təşkilində xüsusi rolu olduğunu deyib. Bu gün yeni iqtisadi modellərin elm, innovasiya və istehsalın vəhdəti üzərində qurulduğunu və dövlət-özəl sektor tərəfdaşlığının mərkəzindəki bu üç faktorun önəmliliyini vurğulayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov isə öz çıxışında yeni istehsal müəssisələrinin yaradılmasının sənayenin inkişafı, idxaldan asılılığın azaldılması və məşğulluğun təmin edilməsindəki önəmi barədə fikirlərini bölüşüb. Qeyd edib ki, “AĞDAĞ” Natural Gipskarton Lövhələri Zavodu da qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcəkdir. Orxan Məmmədov bildirib ki, KOBİA tikinti xammal ehtiyatlarından səmərəli istifadə olunmaqla sahibkarlıq fəaliyyətinin qurulmasında və inkişaf etdirilməsində maraqlıdır.

“Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının rəhbəri Elxan Bəşirov qeyd edib: “Şirkət olaraq uğurumuzun təməlində duran əsas amillərdən biri də dövlət dəstəyinin olmasıdır. “Mətanət A” Şirkətlər Qrupuna məxsus bir çox zavodlar dövlətin sahibkarlığın inkişafına dəstək proqramı çərçivəsində həyata keçirilib. Zavodlarımızın bir çoxunun açılışında Prezidentin iştirak etməsi bir daha şirkətimizə və bizim timsalımızda bütün sahibkarlıq subyektlərinə birbaşa qayğının əsas göstəricisidir. Milli iqtisadiyyatımızın inkişafına töhfə vermək isə fəaliyyətimizin təməl prinsipidir.

İşğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşunun həyata keçirilməsi istiqamətində edilən çağırışlara “Mətanət A” Şirkətlər Qrupu da qoşulub və həmin ərazilərin iqtisadi və investisiya potensialının artırılması məqsədilə Qarabağda yeni zavodların tikilməsi planlanlaşdırılıb. Artıq bu barədə müvafiq dövlət qurumlarına müraciətlər edilib. Ərazilər müəyyən edildikdən sonra şirkət iki il ərzində iki yeni zavodun tikintisini başa çatdırmaq niyyətindədir. İnanırıq ki, ölkəmizin bütün bölgələrində uğurla davam edən iqtisadi inkişafa bu zavodlarımızda çalışacaq insanlar sayəsində Qarabağda da yeni-yeni uğurlar əlavə edəcəyik. Növbəti məhsulumuzun təqdimatını isə Qarabağda həyata keçirəcəyik”.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov “Mətanət A” Şirkətlər Qrupunun istehsalda yaşıl texnologiyaların tətbiqi və ətraf mühitinin qorunmasındakı xüsusi tələbkarlığından bəhs edib. Gələcəkdə bu tip texnologiyaların işğaldan azad edilmiş ərazilərdə tətbiqinin vacibliyini qeyd edən Vüqar Zeynalov şirkətlər qrupunun bu istiqamətdəki fəaliyyətində uğurlar arzu edib.

Tədbirə Almaniyadan canlı bağlanan dünyamiqyaslı “Grenzebach” Korporasiyasının vitse-prezidenti Kristof Habiqorst “Ağdağ” Gipskarton Lövhələri Zavodunda tətbiq etdikləri ən son texnologiyadan danışıb və bu zavodun dünyada bu sahədə ən müasir zavodlardan biri olduğunu vurğulayıb. Bildirib ki, qarşılıqlı fəaliyyət zamanı “Mətanət A” Şirkətlər Qrupu daim istehlakçı məmnuniyyətini rəhbər tutaraq keyfiyyətli məhsul istehsalına böyük önəm verib. Odur ki, zavodların tikilməsində ən son texnologiyaların tətbiqini ənənəyə çevirib. Məhz bu siyasətin nəticəsidir ki, həmin zavodlarda istehsal edilən məhsullar Avropadakı məhsullarla eyni keyfiyyət göstəricilərinə malikdir.

Tədbirdə “AĞDAĞ” Gipskarton Lövhələrinin yeni istifadə sahəsi haqqında da geniş məlumat verilib. Belə ki, Ağdağ Gipskarton Lövhələrinin təkcə tavanlarda deyil, eyni zamanda evin daxili arakəsmələrinin yaradılmasında da geniş tətbiq imkanları var, daş yunu ilə birgə istifadə edildikdə isə yüksək səs və istilik izolyasiyası yaradan unikal məhsuldur.

Sonda “Mətanət A” Şirkətlər Qrupunun vitse-prezidenti Fuad Bəşirov inşaat şirkətlərini və ticarət nöqtələrini “Ağdağ” Gipskarton Lövhələri Zavodunun məhsulları sahəsində geniş əməkdaşlığa dəvət edib.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri