11 
Yan
2022
15:16
45
174
1596
Virtual karabakh

Nigar Şıxlinskaya: “İnternetin gələcəyi insanların həyat keyfiyyətini yaxşılaşdıracaq servislərə bağlıdır”

11 Yan, 2022
15:16
1596

Nigar Şıxlinskaya: “İnternetin gələcəyi insanların həyat keyfiyyətini yaxşılaşdıracaq servislərə bağlıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVID-19 pandemiyası istehlakçı davranışı üzrə əsas tendensiyaların transformasiyası üçün başlanğıc nöqtəsi oldu. Bu tendensiyalar əsasən mobil cihazlara olan bağlılığımızı daha da dərinləşdirdi və sosial aktivliyə təsir etdi. Əyləncə mərkəzlərinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı bütün dünyada mobil tətbiqlərin yüklənməsi 45 % artdı, bununla birlikdə isə elektron ədəbiyyat bazarı da inkişaf etdi. Rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi ilə bilavasitə bağlı olan yeni reallıq Azərbaycanın lider mobil operatorunun sosial layihələrinin formatına da öz təsirini göstərib. “Azercell” şirkətinin “Bookmate” platforması və digər rəqəmsal həlləri vasitəsilə Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasına və təbliğinə yönəlmiş layihələri necə həyata keçirməsi barədə bu gün “Azercell Telekom” MMC-nin Media ilə Əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskaya ilə danışacağıq.

- Deyə bilərsinizmi, “Azercell” şirkəti “Bookmate” ilə əməkdaşlığa və bədii əsərlərin rəqəmsal formata keçirilməsinə niyə bu qədər diqqət ayırır?

- Elektron kitabxana “Bookmate” mobil tətbiqli ilə bağlı layihəyə başlayarkən qarşımızda xüsusilə bu gün mobil cihazlardan fəal şəkildə istifadə edən gənclər arasında mütaliənin populyarlaşdırılması məqsədi dayanırdı. Formalaşmış stereotiplərə əsasən, bu cihazlar təhsil və mədəni irs kimi mövzularla o qədər də uzlaşmır və daha çox kommunikasiya və əyləncə vasitəsi kimi çıxış edir. Smartfonlar oyunlar, qısa videolara baxmaq, sosial şəbəkələrdə vaxt keçirmək, biznes-kommunikasiya və s. üçün istifadə olunur. Biz də mobil cihazlarda mütaliə mədəniyyəti elementini formalaşdırmaq istədik. Elə edək ki, gənclər nəyi və harada oxuyacaqlarını düşündükdə ağıllarına, ən əlçatan bir vasitə kimi, öz smartfonları gəlsin. Birincisi, bu, rahatdır, çünki bir mobil cihazda “Bookmate” mobil tətbiqi vasitəsilə dünyanın demək olar ki, bütün dillərində iki milyon kitab əldə edə bilərsiniz. Bu illər ərzində biz “Bookmate” kitabxanasına Azərbaycan dilində 1000-dən çox kitab yükləmişik. Bundan əlavə, biz audiokitab kimi daha da populyarlaşan formata xüsusi diqqət yetirdik. Bu gün biz Azərbaycan dilində 300-dən çox audiokitab səsləndirərək yükləmişik. Elektron kitabları günün istənilən vaxtında və dünyanın istənilən nöqtəsində, yolda və ya evdə oxumaq və dinləmək mümkündür. İkincisi, biz hər il daha böyük auditoriyanı cəlb edən bu mobil tətbiq vasitəsilə Azərbaycan mədəniyyətini və ədəbiyyatını dünyada tanıtmaq və təbliğ etmək məqsədini güdürdük. Geniş imkanlara malik olan müasir rəqəmsal platformadan istifadəni nəzərdə tutan bu məqsədlər mobil operatorun siyasəti ilə tamamilə üst-üstə düşürdü.

“Bookmate” ilə əməkdaşlığımızda daha bir element də var idi - Azərbaycanın gənc yazıçılarına dəstək göstərmək. “Azercell” tərəfindən 60 əsər əsasında hazırlanmış ilk audiokitablar toplusuna təkcə dünya və Azərbaycan ədəbiyyatının klassikası deyil, həm də müasir müəlliflərin əsərləri daxil edilmişdir. Bundan başqa, biz gənc yazıçılarla birlikdə bu platforma ilə işin elə bir modelini yaratmışıq ki, biz orada yalnız vasitəçi kimi çıxış edirik. Biz onları birbaşa “Bookmate” ilə əlaqələndirməyə çalışırıq ki, orada onların öz əsərlərini yerləşdirmək, onları geniş kütlələrə çatdırmaq və əlbəttə ki, pul qazanmaq imkanı olsun. Bu layihə “Azercell” üçün gəlirli layihə deyil, hərçənd mobil tətbiqə abunə olmaq üçün simvolik abunə haqqı var. Biz bu layihəyə bütövlükdə məhz sosial layihə kimi yanaşırıq və fəxr edə bilərik ki, abunəçilərimizin sayı gündən-günə artır və bu yaxınlarda ölkəmizdə 100 minə çatıb.

- Bununla belə, elektron kitabxana platformasında siz “Nizami Gəncəvi İli”nə həsr olunmuş kifayət qədər genişmiqyaslı layihə həyata keçirmisiniz…

- “Azercell” hər zaman mədəni irsimizin təbliği ilə bağlı tədbirlərdə fəal iştirak edir. Əlbəttə ki, Prezidentin sərəncamı ilə dahi şair və mütəfəkkirin 880 illiyi münasibətilə elan edilmiş “Nizami Gəncəvi İli” kimi tədbir də istisna olmadı. Qeyd edim ki, elektron kitabxana və audiokitab layihəyə hansısa konkret hadisələrlə bağlı təşəbbüs göstərilməyib. Dövlət səviyyəsində keçirilən tədbirlər bizə bu və ya digər dövr ərzində müxtəlif əhəmiyyətli mədəni hadisələrə qatılmağa kömək edir. Məsələn, 2019-cu ildə biz Azərbaycanın ən görkəmli şairlərindən olan İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Bookmate” mobil tətbiqinə şairin seçilmiş qəzəllərini üç dildə səsləndirərək audiokitab formatında daxil etmişik. Ötən il xalqımızın mədəni irsinin qorunması məqsədilə vətənpərvərlik və qəhrəmanlıq tariximizi əks etdirən “Koroğlu” dastanını da audiokitab formatında “Bookmate” istifadəçilərinə təqdim etmişik. Maraqlıdır ki, dastanın 10 boyunu tanınmış jurnalist və səyyah-bloqer Azər Qərib səsləndirib, yazılar eyni zamanda Vüsal Rzasoyun eksklüziv musiqi kompozisiyaları ilə müşayiət olunub. Bundan başqa, “Koroğlu” audiokitabı, üzərində gənc rəssamlar Bəxtiyar Zaidzadənin və Zəhra Əzimzadənin işlədiyi bədii illüstrasiyalarla tərtib olunub. Vətən müharibəsi dövründə aparılan və Böyük Qələbədən sonra başa çatdırılan dastan üzərində işlə yanaşı, Azərbaycan Milli Kitabxanası ilə birlikdə Qarabağ haqqında müxtəlif məqalələr, elmi materiallar və oçerkləri rəqəmsal formata keçirdik. Bu gün siz onları dünyanın istənilən nöqtəsində “Bookmate” elektron kitabxanasında *.pdf formatında əldə edə bilərsiniz.

2021-ci ilin Nizami Gəncəvi ili elan olunması münasibətilə isə biz elektron kitabxananın zənginləşdirilməsi və Azərbaycan mədəniyyətinin incisi olan Nizami irsinin beynəlxalq elektron platformada tanıdılması üçün daha bir layihə həyata keçirdik. Şərqin ən məşhur orta əsr şairlərindən və filosoflarından birinin əsərlərini rəqəmsal formatda və beş dildə dünya ictimaiyyətinə təqdim etmək bizim üçün böyük şərəf oldu. Mən bu məqamda hələ iki il bundan əvvəl Nəsiminin qəzəlləri ilə bağlı audiokitablar üzərində iş prosesində böyük peşəkarlıq nümayiş etdirən və Nizami Gəncəvinin əsərlərinin də audiokitab formatına salınmasında bizə partnyorluq edən tərəfdaşımız Teymur Nəcəfzadə və onun rəhbərlik etdiyi “ColorIT” Yaradıcılıq Emalatxanasına təşəkkürümü bildirirəm. Ölməz Nizaminin 40-dan çox əsərinin səsləndirilməsində bilavasitə dil daşıyıcıları və peşəkar aktyorlar iştirak ediblər. Əsərləri rus dilində Konstantin Qayçuk, fransız dilində David Düklo, ingilis dilində Stiven Kinq, türk dilində isə Batur Özdemir səsləndirib. Ana dilimizdə olan əsərlər isə Səməd Hətəmovun ifasında səslənib.

Bu audiokitabların hazırlanmasının səciyyəvi xüsusiyyətlərindən biri də onların orijinal fon musiqisi ilə təqdim edilməsi oldu. Ud, tar və kamança sədaları altında, dil daşıyıcıları tərəfindən səsləndirilən poeziya nümunələri yeni həyat qazandı. Yeri gəlmişkən, bu dəfə biz audiokitablara komikslər də daxil etmək qərarına gəlmişik. Hələlik “Bookmate” mobil tətbiqində bu konsepsiyada Nizami Gəncəvinin “Kərpickəsən qocanın hekayəti” və “Adil Nuşirəvan ilə vəzirin hekayəti” kimi əsərləri Azərbaycan, rus və ingilis dillərində mövcuddur, lakin biz komikslərin hazırlanması və şairin digər əsərlərinin rəqəmsal formata köçürülməsi üzərində işi davam etdirmək istəyirik. Qeyd etdiyim kimi, bu yanaşma bizə gənc nəsildə klassik ədəbiyyata qarşı maraq oyatmağa şərait yaradır. 

- Niyə məhz audiokitablara xüsusi diqqət yetirirsiniz?

- Əslində, bizim vacib hesab etdiyimiz vəzifəmizdən biri Azərbaycan dilində keyfiyyətli məzmunun ümumi həcmini artırmaqdır — həm *.pdf, həm də audio formatda. Qeyd etdiyim kimi, bu gün “Bookmate” mobil tətbiqində Azərbaycan dilində 1300-dən çox müxtəlif formatlı kitab yükləmişik. Audiokitablara gəldikdə isə, bu, tamamilə fərqli bir dünya, tamamilə fərqli emosiyalar və kitabdan tamamilə fərqli təəssüratlar deməkdir. Burada mütaliənin bizdə oyatdığı vərdiş etdiyimiz hisslərə bir neçə yeni amil də qoşulur ki, bu amilləri insan adi informasiya qəbulu zamanı əldə etmir. Məsələn, qiraətçinin səsi və intonasiyası, musiqi müşayiəti və ləpələrin səsi və ya yağan yağış şəklində hər hansı səs effekti. Audiokitab çoxsəhifəli sənədin quru formatından köklü şəkildə fərqlənən bir təcrübədir. Məhz audiokitabın istifadəçilər üçün rahat məzmun növü olduğu müasir həyatın artan dinamikasını nəzərə alaraq, biz həm klassik, həm də müasir Azərbaycan müəlliflərinin əsərlərinin rəqəmsallaşdırılması və bu formata köçürülməsi işi ilə məmnuniyyətlə məşğul oluruq. Mən çox şadam ki, biz özümüz üçün belə bir ənənə yaratmışıq və ədəbiyyatımızı tanıtmaq, yeni rəqəmsal platformalarda onun ömrünü uzatmaq və zamanla ayaqlaşan müasir cəmiyyət üçün daha əlçatan etmək istiqamətində hər il bir addım irəli atılırıq. İnanılmaz informasiya axınları ilə müşayiət olunan və bu qədər sürətlə dəyişən rəqəmsal dünyada biz bugünkü cəmiyyətin ehtiyaclarına uyğun olaraq transformasiya olunmalıyıq.

Yeri gəlmişkən, Nizami Gəncəviyə həsr edilmiş layihə dəfələrlə “Bookmate” ilə əməkdaşlığımızın çərçivəsindən kənara çıxıb. “Azercell” tərəfindən bu klassikin yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizaynı hazırlanıb. Əlifbanın hərfləri şairin “Xəmsə” əlyazmasına daxil olmuş poemaların qəhrəmanlarını, onun əsərlərinin məşhur obrazlarını və şairin həyatında xüsusi rol oynamış insanları əks etdirir. Nizaminin şeirlərindən parçalar və məşhur sitatlar mütəmadi olaraq sosial şəbəkələrdəki hesablarımızda dərc edilib, şairin yaradıcılığı ilə bağlı müsabiqələr keçirilib. Bütün bu təşəbbüslər auditoriyamız tərəfindən sosial şəbəkələrdə böyük ruh yüksəkliyi ilə qarşılanıb.

- Belə təəssürat yaranır ki, mədəni irsin rəqəmsal formata köçürülməsi kimi təşəbbüslər özəl şirkətlərin üzərinə düşən işdir? Dövlət bu cür layihələrin həyata keçirilməsində sizə dəstək göstərirmi?

- Bilirəm ki, dövlət bu istiqamətdə miqyasına görə bunlardan heç də kiçik olmayan layihələr həyata keçirir və burada biznesin dövlətlə tərəfdaşlığı çox gözəl elementdir və, yeri gəlmişkən, biz bu istiqamətdə də fəal işləyirik. Ancaq bu suala cavab olaraq Con Kennedinin “Soruşma ki, sənin ölkən sənin üçün nə edib, özündən soruş ki, sən öz ölkən üçün nə edə bilərsən” ifadəsini xatırlatmaq istərdim. Mən düşünmürəm ki, bütün təşəbbüslərin yalnız dövlət tərəfindən irəli sürülməsini gözləmək düzgün deyil. “Azercell” öz vəzifəsini yaxşı bilən, bazarda güclü rəqəmsal oyunçu və Azərbaycanda mobil rabitə bazarının lideri olan şirkətik. Biz bu cür mövqeləri tutarkən ölkə üçün nə edə biləcəyimizə dair böyük məsuliyyət hiss edirik. Ona görə də bu gün ən yaxşı bacardığımız bir işi görməyə, texnoloji innovasiyalar və rəqəmsallıq vasitəsilə yaşamı asanlaşdırmağa çalışırıq. Bizim yeni məqsədimiz də belə səslənir “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik”. Bu yaxınlarda biz özümüz Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası ilə ədəbi irsimizin rəqəmsal formata köçürülməsi məsələləri ilə bağlı danışıqlarda təşəbbüskar kimi çıxış etdik. Bu, cəmiyyətimiz tərəfindən qiymətləndirilsə və qəbul edilsə, “Azercell” buna ancaq sevinər.

- Bəs regionun digər ölkələrinin mobil operatorlarının bu cür layihələrin həyata keçirilməsində o qədər də fəal olmamasının səbəbini izah edə bilərsinizmi? Qonşu ölkələrin bazarlarına nəzər salsaq, görərik ki, orada Sosial Məsuliyyətə o qədər də çox diqqət yetirilmir.

- Avrasiya bazarında mobil rabitə operatorları ilə iş üzrə 15 ildən artıq təcrübəyə malik olduğum üçün deyə bilərəm ki, onların hamısı öz sosial proqramlarını həyata keçirirlər, lakin “Azercell” bu sahədə həmişə daha fəal olub. Bizə də çox xoşdur ki, “Azercell”in təşəbbüs və xidmətləri beynəlxalq səviyyədə mütəmadi olaraq qiymətləndirilir. Şirkət dəfələrlə nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb, onlardan biri STEVIE Beynəlxalq Biznes Mükafatıdır. Bu, bütün dünyada holdinqlərin və korporasiyaların rəhbərlərindən ibarət münsiflər heyəti tərəfindən verilən tam şəffaf mükafatdır.

Azərbaycanda ilk Korporativ Sosial Məsuliyyət (KSM) şöbələrindən biri 2006-cı ildə “Azercell”də yaradılıb və şirkətimiz ölkədə KSM-ni öz siyasətinin bir hissəsi kimi təbliğ etməyə başlayan ilk şirkətlərdən biri olub. 2008-ci ildə biz Bakıda KSM sahəsində ilk konfrans təşkil etdik və bu gün mən, heç vaxt olmadığı qədər, inanıram ki, bütün bu işlər düzgün şəkildə görülüb. Axı indi birbaşa marketinq mesajı istifadəçilərin reaksiyasına səbəb olmur. Biznes sferasında olan və beynəlxalq və yerli təcrübə ilə tanış olan bir insan kimi, baş verən dəyişiklikləri müşahidə edirəm. Məsələn, mən özündə hansısa dəyər daşıyan şirkətlərin məhsullarından istifadə etməyə üstünlük verirəm. Əgər məhsulu keyfiyyətinə, qiymətinə və hər hansı digər göstəricilərinə görə seçməli olsam, onda məhz obrazı, fəaliyyəti, mədəniyyəti və cəmiyyətə ötürdükləri dəyərlərə görə rəğbət bəslədiyim şirkətlərin təkliflərinə görə üstünlük verməyə hazıram. Bu gün eyni hal işəgötürən şirkətin seçilməsinə də şamil olunur. Müasir dünyada birbaşa marketinq şüarları artıq o qədər də effektiv deyil və bəzən heç də səmimi səslənmir.

Sosial məsuliyyət daha dərin bir anlayışdır. Bu, təkcə və heç də marketinq naminə həyata tətbiq edilmir. Bu, gələcək üçün, şirkətə etimadın artırılması üçün tətbiq edilir. Bundan başqa, sosial öhdəlik kimi bir anlayış da var. Yəni, əgər şirkət cəmiyyətdən pul qazanırsa, o, bu cəmiyyət üçün yaxşı bir şey etmək öhdəliyi daşıyır. “Azercell” olaraq, biz bu fəlsəfəyə inanırıq və cəmiyyət üçün həqiqətən dəyərli bir şey etməyə çalışırıq. Ona görə biz özümüzə daha yaxın və tanış olan rəqəmsal sahədə yeni layihələr həyata keçirməyə çalışırıq. Buraya həm audiokitabların hazırlanması, həm kibertəhlükəsizlik üzrə təlimlərin keçirilməsi, həm də bir çox digər rəqəmsal layihələrin həyata keçirilməsi daxildir. Bu sahəyə rəqəmsal və telekommunikasiya layihəsinin gözəl nümunəsi olan “Uşaq Qaynar Xətti” xidmətini də aid etmək olar. Biz əlimizdə olan təsir mexanizmləri vasitəsilə uşaqlarımız, cəmiyyətimiz və abunəçilərimizin həyat keyfiyyətini yaxşılaşdırmağa çalışırıq.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri