Sen
2022
11:15
37
197
1120
Virtual karabakh

5G – daha güvənli olmağımız üçün lazım olan texnologiya

2 Sen, 2022
11:15
1120

5G – daha güvənli olmağımız üçün lazım olan texnologiya

5G texnologiyasının tətbiqinin genişlənməsi insanların gəlirlərinin artması ilə yanaşı yeni iş yerlərinin yaranmasına səbəb olur.

Cəmiyyət inkişaf etdikcə insan daim əldə etdiklərinin ən mükəmməlinə nail olmağa can atır. Təbii ki, mükəmməllik həm də sürət tələb edir.

Əgər bizim üçün əlimizdə olan mobil telefonda 15-20 il öncə GPRS və ya EDGE internetin olması normal idisə, bu gün artıq 4G sürət bəzən bizə kifayət etmir. Halbuki EDGE-nin maksimum sürəti 384 Kb/s olduğu halda, bu göstərici 4G-də 40 Mb/s-yə çatır.

Təbii ki, bütün bunlar dövrün tələb və istəklərinə uyğun formalaşır və elə bir zaman çatıb ki, artıq bizim üçün 5G istəkdən daha çox günün tələbinə çevrilib. 

İlk olaraq onu nəzərə almaq lazımdır ki, 5G texnologiyası sələfinə nisbətən 100 dəfəyə qədər daha böyük imkanlar təqdim edir. Onun maksimum sürəti 20Gb/s-yə, orta sürəti isə 100 Mb/s-yə bərabərdir. Hazırda dünyanın ən aparıcı ağıllı mobil cihaz istehsalçısı olan şirkətlər bu tələbi nəzərə alıblar və ölkəmizdə belə satışa çıxarılan bir sıra cihazlarda 5G texnologiyası mövcuddur.

Vaxtilə mobil telefon bazarında dünya lideri olan və sonradan məhz innovasiyaların gətirdiyi yeniliklərə görə rəqiblərinə uduzan “Nokia” hesab edir ki, 2030-cu ildə dünyada 5G texnologiyasına yatırılan investisiyaların həcmi 4,5 trilyon ABŞ dollarına çatacaq. Amma bu yeni nəsil texnologiya mənfəət və vergi daxilolmaları da nəzərə alınmaqla dünya iqtisadiyyatının 8 trilyon ABŞ dolları hissəsini formalaşdıracaq. Bu isə qlobal ÜDM-in 7%-i deməkdir.

Araşdırmalara görə, məhz bu yeni innovasiya dünyada səhiyyə, təhsil, nəqliyyat, enerji, məşğulluq sahələrinin inkişafında, həmçinin cəmiyyətimizdə mövcud olan bir sıra həssas qrupların ictimai təhlükəsizliyinin təminində əsas rolu oynayacaq.

Əksər inqilabi təşəbbüslər kimi 5G ilə bağlı ortaya atılmış və təsdiqini tapmamış iddia odur ki, bu insan sağlamlığına mənfi təsir göstərir.

Ötən əsrin 90-cı illərində ilk mobil telefon istifadəyə veriləndə də oxşar şayiələr yayılıb və iddiaların dəqiqliyini yoxlamaq üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), müstəqil ekspert qrupları və ictimai səhiyyə təşkilatları araşdırmalar aparıb. Nəticədə iddialar öz təsdiqini tapmayıb.

1996-cı ildə keçirilən məşhur tibb konfransında “Ericsson” şirkəti də elektromaqnit dalğalarının insan səhhətinə təsiri ilə bağlı 100-ə yaxın müstəqil tədqiqatı dəstəkləmişdi və alimlərin əldə etdikləri nəticələr elmi jurnallarda yayıldı. Həmçinin eyni mövzuda alimlərin 20 illik araşdırmaları 2018-ci ildə ictimaiyyətə açıqlandı.

Təbii ki, vətəndaşlarının səhhətinə daha çox diqqət yetirən Qərb ölkələrində 5G şəbəkəsində istifadə edilən radiodalğaların insan sağlamlığına mənfi təsir etməsi ilə bağlı iddialar irəli sürüldü.

Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (The International Agency for Research on Cancer – IARC) də müraciəti əsasında araşdırmalara başlandı. Nəticədə ÜST, Avropa Komissiyası, Kanada Hökuməti, İngiltərənin İctimai Səhiyyə Təşkilatı, Avstraliyanın ARPANSA, Norveçin DSA, Finlandiyanın STUK, İrlandiyanın EPA adlanan qurumu, İsveçin İctimai Səhiyyə Agentliyi, Yeni Zelandiya Hökuməti həmin fikirlərin əksini təsdiqlədilər.

Bu ölkələrdəki səlahiyyətli orqanların ortaq fikri belədir ki, 5G şəbəkəsində istifadə edilən elektromaqnit dalğaları 4G və 3G şəbəkəsində olduğu kimi insan səhhətinə təsirsizdir və həmçinin 5G avadanlıqları hesab edilən həm mobil cihazlar, həm də baza stansiyaları mövcud şəbəkələrdə olan cihazlarla eyni standartlara malikdir.

Nəzərə almaq lazımdır ki, 5-ci nəsil silahlardan istifadə edərək 30 ilə yaxın işğal atında qalan torpaqlarını azad edən Azərbaycan qısa zamanda həmin ərazilərdə “Yaşıl enerji zonası” və “Ağıllı kənd” və “Ağıllı şəhər”lər qurmağa nail oldu. Təbii ki, bu infrastrukturun qurulması və dayanıqlığının təmin edilməsi üçün də müasir 5G texnologiyandan istifadə önəmlidir.

Həmçinin yüksək səviyyəli səhiyyə, nəqliyyat xidmətlərindən yararlanmaq, eyni zamanda işsizlik və sosial təminat məsələlərinin həllinə nail olmaq istəyiriksə 5G-nin ölkəmizdə də tətbiqini sürətləndirməliyik. Bu həm də Azərbaycanın 4-cü sənaye inqilabının tələblərinə cavab verən iqtisadiyyat qurması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri