21 
Sen
2022
14:45
168
22
1403
Virtual karabakh

Türkiyədən gələn psixoloq heyətinin rəhbəri qazilərə səsləndi - MÜSAHİBƏ

21 Sen, 2022
14:45
1403

Türkiyədən gələn psixoloq heyətinin rəhbəri qazilərə səsləndi - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyə Respublikasından peşəkar psixoterapevtlər növbəti dəfə Azərbaycana gəlib.

Türkiyədən 20 nəfərdən artıq peşəkar psixoloq Vətən müharibəsi ilə əlaqədar psixoloji sarsıntı yaşayan vətəndaşlarımızın reabilitasiyasını həyata keçirəcəklər.

Türkiyədən Azərbaycana gələn psixoloq heyətinin rəhbəri, psixoloq, sosioloq Selçuk Demirbaş Oxu.Az-ın suallarını cavablandırıb.

- Bildiyiniz kimi, ötən ildən FHN ilə birgə Vətən müharibəsi ilə əlaqədar psixoloji sarsıntı yaşayan vətəndaşlar üçün psixoloji yardım həyata keçirilir. Sözügedən layihə indiyədək neçə nəfəri əhatə edib?

- Vətən müharibəsindən sonra biz ilk dəfə 2021-ci ilin yanvar ayında Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə 25 psixoloqla birlikdə Azərbaycana gəldik. Biz səkkiz ay ərzində müharibədə doğmalarını itirmiş şəhid ailəsi üzvləri, qazilərə, erməni terrorundan fiziki və mənəvi zərər görmüş 2 mindən çox insana psixoloji yardım göstərdik.

- Ötən illə müqayisədə qazilərin vəziyyətində nələr dəyişib?

- Müharibədən sonra qazilərdə travma sonrası stres pozulması deyilən bir sindrom görülür.

Təbii ki, müharibə ilə bağlı həmin vaxt sindrom təzə idi. Bizə və Azərbaycandakı həmkarlarımıza müraciət edənlərin əksəriyyəti müalicə olunublar. Amma bizə müraciət edə bilməyənlərdə bu sindrom davam edir.

Məsələn, sevgilisindən ayrılan, həyat yoldaşından boşanan, psixoloji problemi olduğu üçün ailə və dostlarıyla ünsiyyəti gərginləşən övladlarımız var. Eyni zamanda, bəzi qazilərdə genetik olan psixi xəstəliklər də aşkarlanır. Bunun nəticəsində onlar özlərinə və qarşı tərəfə zərər verə bilirlər.

Bizim gördüyümüz bu sindromu yaşayan insanlarda yenidən həyata tutunmaqla bağlı ciddi problemlər yaşanır və ümidsizliyə qapanırlar. Ümidsizliyə qapanmağa səbəb yoxdur, çünki bu sindrom 3-4 seanslıq müalicələrlə sağala bilər.

- İki həftədir ki, Türkiyədən 20 nəfərdən artıq peşəkar psixoloq Azərbaycandadır. Bu müddətdə nə qədər insana psixoloji reabilitasiya həyata keçirilib?

- Müharibədə fiziki olaraq yaralanmayanlar olsa da, onların mütləq əksəriyyəti psixoloji problem yaşayıb. Biz müraciətlərin sayı tam azalana qədər Azərbaycanda idik. Daha sonra qərara aldıq ki, bir müddət fasilə verək. Artıq iki həftədir ki, burdayıq. Bakıda və rayonlarda doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, qazilərin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasını həyata keçiririk.

Hazırda 345-ə yaxın insanın müalicəsi davam edir. Məqsədimiz psixoloji reabilitasiya ehtiyacı olan insanlara burada olduğumuzu çatdırmaqdır. Çünki Azərbaycan hökuməti və FHN bizə dəstək verirlər. Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlara ödənişsiz müalicə həyata keçirilir. Həmin şəxslər bilməlidir ki, biz onların qısa zamanda sağlamlığına qovuşması üçün burdayıq.

- Müraciət edənlər var. Amma daha çox müraciət edilməsi üçün nələr edilməlidir?

- Televizor, sayt və sosial mediada bununla bağlı məlumatların daha çox olması lazımdır. Onlar vasitəsilə müharibədən qayıdanlar, şəhid ailələri məlumat ala bilərlər.

Müharibədən sonra şəhid ailəsi, qazi və erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlara göstərdiyimiz psixoloji yardım uğurlu Azərbaycan modelidir. Bəlkə də, bu, gələcəkdə dünyanın istifadə edəcəyi bir modelə çevriləcək. Bu, çox vacib və təqdirə layiqdir. Burada ən vacib məqam insanlara daha çox məlumat verilməsidir. Biz FHN-in psixoloqları ilə birgə həmin insanlara köməklik edirik və davam etməyə hazırıq.

- Həmin şəxslərin aldığı psixoloji seansın effekti nə vaxt özünü göstərməyə başlayır?

- İlk seansdan artıq effekt görməyə başlayırlar. Çünki ilk seansda bədəndəki stresi, hirsi, nifrəti boşaltmaq olur. Bu zaman da yuxusuzluqla bağlı problemlər, baş ağrıları həll olur. Üçüncü seansdan sonra da digər simptomların aradan qalxdığı və həyata yenidən bağlandıqlarını bildirir, təşəkkür edirlər. Biz vətəndaşı qəbul etdikdə ona nə qədər seansın lazım olduğunu bilirik və həmin müddətdə onunla bu problemi keçmək üçün birlikdə mübarizə aparırıq.

- Hansı sindromları hiss edənlər sizə müraciət etməlidir?

- Yuxusuzluq, baş ağrısı, hirs, nəfəs çatışmazlığı, boğulma hissi, əllərdə əsmə və tərləmə, ürək döyüntüsü, stres, ailə üzvlərinə şiddət göstərmə, kabus görmək, yuxudan oyanıb qışqırmaq və digər bu kimi əlaməti olanlar bizə müraciət edə bilərlər. Biz onlara yenidən həyata bağlanması üçün köməklik göstərəcəyik.

- Hazırda erməni təxribatı ilə bağlı müəyyən gərginlik var. İnsanlara bu gərginlik fonunda nə tövsiyə edərdiniz?

- Əvvəlcə, müharibədən qayıtmış qazilərə səslənmək istəyirəm. Onların döyüş yoldaşları hazırda sərhəddədir və onları başa düşürük. Həmin şəxslər sosial şəbəkələrdə meyit görüntülərinə baxmamalıdırlar ki, döyüşdə yaşadıqlarını daha tez unutsunlar. Sosial mediada bu cür şəkillərin olmaması olduqca vacibdir. Ən əsası bütün valideynlər uşaqların bu cür görüntüləri görməməsinə çalışmalıdır.

- Siz bildirirsiniz ki, Türkiyədən gələn psixoloqlar müxtəlif regionlardadırlar. Hansı rayonlarda psixoloqlar köməklik göstərəcəklər?

- Bakı, Sumqayıt, Bərdə, Qəbələ, Lənkəran və Gəncədə psixoloqlar köməklik göstərirlər.

Qarşıdakı aylarda həkimlərimiz bölgələrdə qazilərə, şəhid ailələrinə, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasını həyata keçirəcəklər. Vətəndaşlar onlara ən yaxın bölgəyə gedib, psixoloqlarımızdan dəstək ala bilərlər.

Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Fövqəladə Hallar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

- Selçuk bəy, uzun illərdir ki, bu sahədəsiniz. Həm də ailə psixoloqusunuz. Ailələrdə hansı psixoloji problemlər var?

- Dünyada tək müharibə deyil, koronavirus pandemiyası ilə də mübarizə aparılır. Nəticədə iqtisadi problemlər yaşanır və insanlar aqresivləşib. Ailədə insanlar bu müddətdə bir-birlərinə dəstək olmalıdırlar. Ancaq problemi bu cür həll etmək olar.

- Bəzən deyirlər ki, bir adam psixoloqa gedirsə, dəlidir. Bu cür düşüncələri geridə qoymaq üçün nə etməliyik?

- Psixoloq ağıllı insanlarla çalışır. Hər birimiz yaşadığımız bir hadisəyə görə, depresiyaya düşə bilirik. Zaman-zaman elə vaxt ola bilər ki, bu xəstəlik halına gələ bilər. Hər insanın ehtiyacı olan bir sahədir psixologiya.

- Əksər halda “Psixoloqlar da insana elə bildiklərimizi deyirlər”,- kimi sözlərlə qarşılaşırıq...

- Bu yanlış fikirdir. Məsələn, belə deyirlər ki, “Gedib, psixoloqla danışacağam və mənə nə xeyri olacaq?”. Psixologiya bir elmdir. Söhbət etmək iki dost tərəfində olur. Biz isə seans edirik və gündəmimizdə sadəcə həmin xəstəmiz olur. Bu, sadəcə danışaraq həll edilən bir şey deyil.

Psixoloqların istifadə etdiyi 70-ə yaxın müalicə üsulu var. “Alət çantamızda” hər cür üsul var və hər kəsə ona uyğun müalicə keçilir. Məqsədimiz insanları yenidən həyata qaytarmaqdır.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri