28 
Sen
2022
11:06
98
13
1230
Virtual karabakh

Dövlət təqaüdlü tələbə: “İmtahana hazırlaşanda sakitliyi qorumaq uğur qazanmağıma kömək etdi” - FOTO/VİDEO

28 Sen, 2022
11:06
1230

Dövlət təqaüdlü tələbə: “İmtahana hazırlaşanda sakitliyi qorumaq uğur qazanmağıma kömək etdi” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Koç Universitetinə təqaüd qazanan “Kaspi” liseyinin məzunu Hüseyn Nadirov Oxu.Az-ın suallarını cavablandırıb. 

- Hüseyn, necə oldu ki, Elm və Təhsil Nazirliyinin “Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət etdiniz?

- Mən ilk dəfə xaricdə təhsil almaq istədiyimi məzunu olduğum “Kaspi” liseyinin nəzdində qatıldığım yerli və beynəlxalq olimpiyada İT sahəsində əldə etdiyim uğurlar və qazandığım medallardan sonra qərar verdim. Fikirləşdim ki, gələcəyimi bu sahədə davam etsəm uğurlu ola bilərəm. 

- İstərdik ki, proqrama müraciət etmə prosesindən danışasınız. Təhsil alacağınız universitetləri necə araşdırdınız?

- Xaricdə təhsil almaq üçün lisey tərəfindən mənə məsləhət verildi. Eyni zamanda, özüm də araşdırmamı davam etdim. Təhsil almaq üçün ölkə olaraq, Türkiyəni özümə yaxın ölkə bildim və fakültəmə əsasən, universitetlərin imkanlarını araşdırdım. Daha sonra top universitetləri hədəflədim.

Çox insan da mənimlə razılaşar ki, Türkiyənin Koç Universiteti bu sahədə nömrə birdir. Mən həmin universitetdə Kompüter Mühəndisliyi fakültəsində təhsil almaq şansı qazandım. 

- Siz xaricdə təhsil almaq üçün TOEFL və SAT (Scholastic Aptitude Test) imtahanı verdiniz. Nə qədər bal topladınız? 

- SAT 1510 bal və TOEFL-dan 110 bal topladım. Nəticələrimi Koç Universitetinə təqdim etdim və 75 faiz təqaüd aldım. Daha sonra həmin qəbul məktubu və imtahan nəticələrimi Elm və Təhsil Nazirliyinin “Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na təqdim etdim və müsahibə prosesindən də uğurlu keçdikdən sonra tam təqaüdlə təmin edildim. 

- İmtahanlara hazırlaşan zaman daha çox hansı vəsaitlərdən istifadə edirdiniz?

- İmtahanlara hazırlıq prosesi zamanı əlimdən gəldikcə rəsmi materiallara üstünlük verməyə çalışdım. Mən intensiv şəkildə hazırlaşdım və vaxtımı düzgün bölüşdürdüm. İmtahanlara bir aya yaxın qalan vaxtda isə daha çox çalışmağa səy göstərdim.

- İmtahana hazırlaşan zaman müəllimləriniz sizə hansı dəstəyi göstəriblər?

- İmtahana hazırlıq prosesi bir-iki il görünə bilər. Amma bu, uzun zamanı əhatə edir. Mənə dəstək olduqları üçün müəllimlərimə, xüsusi olaraq, Ləman, Aysel xanıma təşəkkür edirəm. 

- Siz artıq uğur əldə etmisiniz. Bir abituriyent universitetə hazırlaşan zaman nələrə üstünlük verməlidir? Digər şagirdlərə hansı məsləhətləri verərdiniz?

- İmtahana hazırlıq prosesi çətin və stresli məqamdır. Bu zaman hər kəsə sakit qalmağı tövsiyə edərdim. Abituriyentlər nəzərlərində saxlamalıdırlar ki, universitetə hazırlıq bir-iki il fədakarlıq tələb edir və nəticəsində bir mükafat var. Zamanı düzgün bölməyi tövsiyə edirəm. 

- Hüseyn, biz sənə yeni tədris ilində uğurlar arzulayırıq, müsahibə üçün təşəkkür edirik. 

- Mən də müsahibə üçün sizə təşəkkür edirəm.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri