21 
Noy
2022
14:14
51
189
9109
Virtual karabakh

Baş nazir kimə qonaqlıq verir? - FOTO

21 Noy, 2022
14:14
9109

Baş nazir kimə qonaqlıq verir? - FOTO

Kubra Məhərrəmova yazır...

Bizim üçün Malayziya nə qədər uzaq və ekzotik ölkə görünsə də, oradan dünyaya baxanda görürsən ki, Malayziya həddindən artıq inkişaf etmiş ölkədir. Və iddiaları da durmadan artır. 

Bir balaca faktı deyim. Bizdə 1998-ci ildə özümüzə təzə-təzə gələndə Malayziyanın paytaxtı Kuala Lumpurda artıq Petronas əkiz qüllələri var idi. Bu əkiz qüllələr bu gün də, elmi-texniki və iqtisadi tərəqqiyə malik olan Malayziyanın rəmzi hesab olunur. 

Bu qüllələr əkiz qüllə olaraq dünyanın ən hündür qüllələri hesab olunur. 452 metr hündürlüyə malik olaraq 88 mərtəbədən ibarətdir.  Binanın xərcini isə Malayziyanın “Petronas” şirkəti çəkib, elə bu nəhəng neft-qaz şirkətinin baş ofisi də burada yerləşir. Şirkət Malayziya hökumətinə məxsusdur və dünyanın 20-dən çox ölkəsinə neft-qaz hasilatı həyata keçirir. “Financial Times” isə PETRONAS-ı OPEC-ə daxil olmayan ölkələrin dövlətə məxsus ən güclü milli neft və qaz şirkəti adlandırıb. 

Ölkənin əsas gəlir yeri neft-qaz olsa da, başqa bir gəlirli sahə də palma yağı və kauçuk istehsalıdır. Qeyd edək ki, Malayziya palma yağının ixracı üzrə də lider ölkələrdən biridir. 

Ümumiyyətlə Malayziyanın iqtisadi tərəqqisi onun keçmiş Baş Naziri Mahathir Məhəmmədin adı və fəaliyyəti ilə bağlıdır. O, müasir siyasi kurs müəyyən edərək Malayziyanı adi Asiya ölkəsindən dünyaya meydan oxuyan, güclü iqtisadiyyata malik ölkəyə çevirir. 
Onu da mütləq qeyd edim ki, Malayziya uzun illər İngiltərənin müstəmləkəsi olub. Müstəqilliyi isə 1957-ci ildə əldə edib. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 13 ştata ayrılır. 30 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Əsas din İslam dinidir. Amma digər dinlərin nümayəndələri də bu ölkədə rahatca ibadətini edir, özünəməxsus məbədlərinə sahibdirlər. Məsələn ölkədə buddist, çin və ya hindu məbədləri kifayət qədərdir. 

Ölkənin əsas əhalisi malaylardır. Lakin onlarla yanaşı kifayət qədər etnik çin, hindu və başqa millətlər də yanbayan malaylarla birgə, Malayziyada şad-xürrəm ömür sürürlər. Ölkənin əsas dili malay dilidir. İkinci geniş yayılmış dil isə ingilis dilidir.  

Malaylar ümumiyyətlə çox nəzakətli, mehriban, mülayim xarakterə malikdirlər. Onların çox maraqlı salamlaşması var. Malay heç vaxt səndən soruşmaz ki, necəsən? Soruşacaq ki, sudah makan? Yəni yemək yemisən? Əgər yemək yemisənsə, deməli yaxşısan.

Ümumiyyətlə Malayziyanın çox maraqlı və mehriban adətləri var. Belə ki, müsəlmanların ən böyük bayramı olanı Ramazan bayramında, bir ay oruc tutandan sonra insanlar evlərini açıq (open house) elan edirlər. Məsələn kimsə elan edir ki, bu gün mənim evimin qapısı açıqdır, kim istəyir gəlsin. Səhərdən axşama kimi həmin ev(lər)də yemək verilir gələn qonaqlara. 

Bir anlıq təsəvvür edin ki, belə bir şey bizdə baş verir. Mən çətinlik çəkdim təsəvvür etməyə. 

İndi isə bir anlıq düşünün ki, bu açıq evi ölkənin Baş Naziri, həmçinin başqa siyasətçiləri edir və bütün şəhər axışır Baş Nazirin verdiyi qonaqlığa. Bu hadisə də hər il təkrarlanır. 

Təsəvvür etdiniz. Əla, indi isə o xülyaların üstündən xətt çəkin. Bizdə belə şey olası deyil. Qayıdaq Malayziyaya və onun gözəlliklərinə. 
Malayziya nəinki gənc tələbələr, cavan kadrlar üçün cəlbedici ölkədir. Malayziya həm də bütün ömrünü soyuq Avropa ölkələrində yaşamış, yaşlı və ahıl yaşında Malayziyaya köçmək istəyən təqaüdçülər üçün cəlbedicidir. Avropanın bir çox ölkələrindən ahıl cütlüklər bu ölkəyə axışırlar. Malayziyada qiymətlər daha münasib olduğu üçün Avropanın orta statistik təqaüdçüsü burada sultan kimi yaşayır, kef çəkir. 

Üstəgəl ölkə olduqca təhlükəsiz yerdir. Məsələn mən nə yolda, nə küçədə nə polis, nə də yol polisi görmədim. Amma hər yer kamera olduğu üçün cinayətkarlıq ən aşağı səviyyədədir. Məsələn mən axşam tərəfi gəzintidə olanda pul kisəm yerə düşdü, xəbərim olmadan. Bir də gördüm kimsə qışqırır. Çönüb gördüm ki, sən demə pul kisəm yerə düşüb. 

Balaca məqamdır, amma adamda güvən hissi yaradır. 

Güvən hissini yaradan daha bir məqam da, yollarda tıxacların olmamasıdır. Bütün gün yollarda olduğum halda tıxac görmədim. 
Bakıda sutkanın hansı saatı olursa-olsun küçəyə çıxıb bir maşallah qədər tıxac görməyə öyrəşən adam üçün 2 milyonluq Kuala Lumpurda tıxac görməmək fantastik məqamdır. Bunun həlli üçün isə Malayziya hökuməti iki həll yolu tapıb. Bir, yollar daima tikilir, genişlənir. İki, xeyli sayda ödənişli avtobanlar təsis olunub. 

Və adamlar seçim edir. Ya ödəniş edib, tıxaca düşmür. Ya da etmir tıxacda oturur. 

Yenə də deyirəm, mən tıxacda oturan görmədim. 

Yollarda həm də bahalı avtomobilə çox az rast gəlinir. Çünki ölkə özü avtomobil istehsal etdiyi üçün, kənardan gələn avtomobillərə 100, bəzən isə 150 faiz vergi tətbiq olunur. Yerli avtomaşınlardan Proton, Perodua və s. adlarını çəkmək olar. İçini deyə bilmərəm, kənardan qəşəng görünürlər. Bütün hallarda, bu addım ölkə iqtisadiyyatına dəstək göstərmək üçün atılırsa, yalnız və yalnız alqışa layiqdir. 

Maraqlı məqamlardan biri də ondadır ki, yol infrastrukturunu və genişmiqyaslı tikinti layihələrini Malayziyada çinlilər həyata keçirirlər. Və ölkənin ən böyük kapitalı da onların əlində cəmlənib. Amma milli malay siyasətinə uyğun olaraq çinlilər hakimiyyətdə təmsil oluna bilməzlər. Hakimiyyətdə yalnız və yalnız malaylar ola bilərlər.  

Yeri gəlmişkən, Malayziya və Azərbaycan dost ölkədir. Bütün beynəlxalq birliklərdə, təşkilatlarda və baş verən hadisələrdə Azərbaycanın yanındadır. Ölkəyə səfər etmək üçün isə viza tələb olunmur. Sadəcə özünüzlə yay geyimi götürün. Çünki ilin 365 günü hava 30 dərəcədən yüksək olur. Otel və biznes mərkəzlərinin havası isə komfortlu şəraitə kondisionerlərlə gətirilir. Mətbəxə gəldikdə isə ürəyiniz nə istəsə var. Dünya mətbəxindən tutmuş, çin, tay, malay mətbəxinə kimi. Vacib məqamlardan biri də ondan ibarətdir ki, Malayziya dünyanın iqtisadi, biznes mərkəzinə çevrildikcə dünyanın hər yerindən gələn qonaqların rahatlığı üçün onların ağız dadına uyğun da mətbəx tətbiq edir. Məsələn səhər tezdən qəhvə ilə isti kruasan da yemək mümkündür, yapon mətbəxindən suşi də, çin mətbəxindən yemək də. Qısası bizim kimi yeyib-içən millətdirlər. 

Ömürdə bir dəfə mütləq getməli olduğunuz ölkədir Malayziya. Yerli əhali Malayziyaya daha şirin Maleyja deyir.

Mən ancaq paytaxtda - Kuala Lumpurda olsam da, düşünürəm ki, gələn səfərimdə mütləq Malayziyanın məşhur adalarına səfər edib, onun təbii və əsrarəngiz gözəlliyinə şahidlik edim. Əgər yolunuz Kuala Lumpura düşübsə, onda bu mütləq bu məkanlara getmənizi tövsiyə edirəm.  

İlk növbədə  Kuala Lumpura quş uçuşundan baxmaq üçün Menara Kuala Lumpura gedin. Bura bildiyiniz teleqüllədir. Hündürlüyü 421 metrdir. Qüllə 5 il ərzində, 1991-1996-cı illərdə tikilib. Bu tikili də digər iddialı tikililər kimi keçmiş Baş Nazir Mahathir Məhəmmədin adıyla bağlıdır. Onun özülünün qoyulmasında Baş Nazir özü iştirak edib. Və qüllənin ortaya gəlməsində böyük əməyi olub. 

Menara Kuala Lumpurun, yəni qüllənin həm şəhərə baxış meydançası var, həm də restoranları var. Burada həm yemək yeyə, həm də göydələnlər şəhəri olan KL-ə baxa bilərsiniz. Yeri gəlmişkən, yerlilər Kuala Lumpura qısaca olaraq KL deyirlər. Ümumiyyətlə sevirlər adları qısaltmağı. Menara KL-in bu məkanında isə bina öz oxu ətrafında dövr edir ki, siz şəhərə 360 dərəcədə baxa bilərsiniz. 

Müasir texniki məqamlarla dolu olan Menara KL-dən çıxıb etnik, koloritli, rəngarəng yer istəyirsinizsə, o zaman hinduların Kəbəsi qədər müqəddəs hesab olunan Batu Caves, yəni Batunun mağarası adlanan məbədə üz tutun. 

Bura hindular üçün olduqca müqəddəs yer hesab olunur. Hindu tanrısı Muruqanın şərəfinə ucaldılıb. Məbəd mağaranın içində, yüksəklikdə yerləşir. Ora isə pillələr vasitəsilə qalxmaq mümkündür. 

Aşağıdakı meydanda isə xeyli sayda həyasız meymunlar var ki, gələn-gedəndən rüsum alırlar. Bu şirniyyat, banan və s. ola bilər. Bu meymunlara çalışın dişinizi göstərməyin, əks halda hücuma məruz qala bilərsiniz. Hücuma məruz qalsanız belə qorxmayın, onu uzaqlaşdırmağa çalışın. Hindu üçün İllah olan, bizim üçün sadəcə sarı meymundur, qorxmayın. 

Meydanda diqqətimi cəlb edən isə miqyasına görə heç yerdə görmədiyim “nəzir qutusu” çəkdi. Onu görəndə bizimkilərə şükür elədim. 

Görünür hindu inancında pul heç də zəif rol oynamır. Belə də baxanda bu buddanı ildə bir-iki dəfə rəngləmək var, əhəngləmək var. Hamısı da xərc-xəsarət. Özü də qızılı rəngdə. Yəqin çətintapılan rəngdir. Əgər buradan sağ-salamat, meymunların hücumuna məruz qalmadan çıxdınızsa, o zaman gedin dadlı çin restoranına şam etməyə. Çinin özündə olmamısınızsa, yerdə qalan bütün çin mətbəxi adı ilə sizə satılan yeməklərin üstündən bir yağlı xətt çəkin. Buradakı dad və qoxu fantastikadır. Həm də yeməkləri yaşıl çayla nuş edirlər. Bir də adama bir qulluq edirlər ki, deyirsən ay Allah, mən hər gün Bakıda ictimai nəqliyyatdan istifadə edərkən, dükanda-bazarda hərəkət edərkən, növbədə durarkən, küçədə piyada yol keçidindən istifadə edərkən, qısaca 24 saatın hər anını mücadilə edən orta statistik azərbaycanlı qadını yəqin ki, ölmüşəm və cənnətə düşmüşəm. 

Hamı adamın üzünə təbəssümlə baxır, (vacib qeyd, Qərbdən fərqli olaraq təbii təbəssüm), hamısı adama “please”, “thank you” deyir, boşqabını dadlı yeməklə doldurur. Hələ bir xəbər də alır ki, bəyəndiniz? 

İlahi, həqiqətən də coğrafiya qədər imiş. Xalqın formalaşması da, xasiyyəti də eynən. 

Nə isə, Malayziya haqqında çox şey yazmaq olar. Ona görə də sizi yormadan hekayəni burada dayandırıram. Çünki davamı olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri