28 
Noy
2022
15:54
149
83
4678
Virtual karabakh

A bala, oxu!

28 Noy, 2022
15:54
4678

A bala, oxu!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Bizim kimi hələ də formalaşmaqda olan cəmiyyət üçün savad, bilik, elm ən vacib şərtdir. Nə bilim, hava kimi, su kimi. 

Əvvəl rus çarları qoymadı oxuyaq, çünki xalq nə qədər savadsız olsa, onu idarə etmək bir o qədər asandır siyasətindən istifadə etdilər, əvəzində isə ermənini oxudub saldılar canımıza. Sonra isə “Qırmızı terror”, yəni sovet hökuməti ziyalılarımızı güllələdi, kimini Sibirə sürgün elədi, axırına çıxdı. 

Elə sovetdən canımızı qurtardıq ki, rüşvətxor məmurlar iş başına keçib təhsilin evini yıxdılar. Açığı xalq olaraq biz də müqavimət göstərmədik. Dedik ki, gəl bu beş-on manatı qoy cibinə, “zaçotu” yaz, gedim. 

Bu minvalla 30 il keçdi. İndi də savadlı həkim tapmaq üçün az qala bütün qohum-əqrəbaya, tanışlara sorğu göndərirsən ki, sən Allah bir məsləhətli həkim tap mənə. Amma bir balaca araşdırsan, bəlkə də  həkimlərin savadsızlığından ən çox şikayət edən, elə ali məktəblərdə pulla qiymət yazanlar olacaq. 

Nəysə ki, indi ipi dartdıqca gedib çıxacaq nazirə. Misir müəllim bu nazirliyin daşının necə əyri qoydusa, hələ də bu daşı düzəldə bilən yoxdur. Açığı bu daşı da ətəyindən tökə bilən xeyli adam var idi ki, onlar başını götürüb getdi xarici ölkələrə. Kimi təqaüd qazandı, kimi borc götürdü oxudu. Axır ki, min-bir zülmlə təhsil aldı. 

Günü bu gün də, bir az imkanı olan valideyn çalışır ki, övladına xaricdə təhsil versin. Övladından uzaq düşən valideyn bilir ki, övladı xaricdə normal təhsil alacaq, ağılı, biliyi olsa müxtəlif təqaüdlər qazanıb daha üst səviyyə universitetlərdə magistr təhsili alacaq. Daha aylıq xərac vermək üçün dekanlığın qapısında yatmayacaq. 

Bu gün dünyanın hər yerində təhsil almaq mümkündür. İstər ənənəvi, qədim Qərb universitetlərində, istər ABŞ-də, istərsə də Şərqdə. 
Düzdür bizimkilər məsafə, dil, din və təbii ki, qan bağlılığı olan Türkiyəyə daha çox üz tutur təhsil üçün, amma Asiyanı da gözə almaq lazımdır. 

Asiyanın ən inkişaf etmiş ölkələrindən biri məhz Malayziyadır. İqtisadi qüdrəti, siyasi dayanıqlığı Malayziyanı Asiya ölkələri arasında ən iddialı ölkəyə çevirib. Təbii ki, bu iddia özünü həm təhsildə, həm də səhiyyədə əks etdirir. 

Uzun müddət İngiltərənin müstəmləkəsi olan Malayziya müstəqillik əldə edəndən sonra ilk növbədə yerli kadrların hazırlanmasına fokuslandı. Bunun üçün də güclü təhsil sistemi qurdu. 

Malayziya universitetlərinin yaşı çox azdır. Onlardan ən birincisi - Malaya Universiteti hesab olunur ki, o da 1962-ci ildə yaradılıb. Buna baxmayaraq bu gün o, artıq Asiyanın ən yaxşı universitetləri siyahısında 13-cü yerdədir. Ümumiyyətlə Malayziya universitetləri təhsil keyfiyyətini yüksəltmək, qərb standartlarına uyğunluğunu maksimal həddə çatdırmaq üçün öz aralarında çox ciddi rəqabət qurublar. 
Malayziyada səfərdə olduğum müddətdə üç universitetdə (“Sunway”, “Taylors”, “SEGI”) görüşüm oldu. 

Həm universitetin rəhbərliyi, həm müəllimləri, həm də tələbələri ilə. 

İndi isə növbə ilə bir-bir. 

İlk növbədə onu qeyd edim ki, Malayziya universitetlərində təhsil qiymətləri Qərb universitetlərindən 3-4 dəfə aşağıdır. Amma təhsilin səviyyəsi və tələbələr üçün yaradılan şərait olduqca yüksəkdir. 

Malayziya dünyada ən təhlükəsiz ölkə hesab olunur. Cinayətkarlıq çox aşağı səviyyədədir, yəni hərə cibində bir bıçaq gəzdirmir. Bu isə olduqca vacib məqamdır. 

Tələbələr üçün kampusda hər bir şərait yaradılıb. Yataqxanaya görən də, çıxan da “barmaq izi” skaneri vasitəsilə qeydə alınır. Əgər tələbə tərəfindən hər hansı qaydaları pozma halı yaşanırsa valideyn bu barədə məlumatlandırılır. 

İkincisi kampuslarda kitabxanalar, xüsusi oxumaq otaqları, marketlər, kafelər, idman zalları, üzgüçülük hovuzları, əyləncə üçün zallar, hətta “Taylors” universiteti tələbələrin şəhərə çıxmaması üçün dünyanın tanınmış qəhvə brendlərinin birini kampusda yerləşdirib. Yəni ki, a bala sənin iki milyonluq şəhərdə nə işi var? Hər şeyi yığmışıq kampusa, təki oxu. 

İndi gəlirəm oxumaq məsələsinə. Dərslər ilk növbədə adi-ənənəvi qaydada, auditoriyada keçirilir. Əgər tələbənin auditoriyaya gəlmək imkanı yoxdursa, problem deyil. Buyur dərsə hibrid qoşul. İştirak et, sual ver və s. 

Əgər hər hansı bir səbəbdən tələbə hibrid dərsə də qoşula bilmirsə, o da problem deyil. Hər keçilən dərsin videoyazısı universitet tərəfindən qeydə alınır ki, bunu da öz növbəsində tələbələrin elektron kabinetinə göndərir. Otur bax, öyrən. Və ya hansısa dərsi anlamadınsa, təkrar-təkrar bax. 

Kitabxanalarda həm ənənəvi köhnə kitablar, həm də elektron versiyalar mövcuddur. Yəni hər hansı bir tələbəni öyrətmək öhdəliyini üzərinə götürən Malayziya universitetləri bütün vasitələrlə uşağı təmin edəcəklər ki, a bala, oxu! 

Bütün bunlardan başqa Malayziya universitetləri artıq bir müddətdən sonra tələbələri iş təcrübəsinə göndərir. Bu da o deməkdir ki, bakalavrı bitirən gənc artıq tam hazırlıqlı kadr kimi çıxır universitetdən. Nəzərə alsaq ki, dünyanın aparıcı brendləri, İT şirkətləri, böyük holdinqləri Malayziyada fəaliyyət göstərir, o zaman əminliklə deyə bilərik ki, bir az fərasəti, ağlı, təhsili olan gənclər asanlıqla uğur əldə edə bilər, inkişaf edə bilərlər. İndi gələk dil məsələsinə. 

Qeyd etdiyim kimi, Malayziya Britaniyanın müstəmləkəsi olduğu üçün əhalinin yarıdan çoxu ingilis dilində danışır. Yəni dil baryeri yoxdur. Malay ləhcəsinə alışmaq isə çox asandır. 

Bizim üçün vacib məqamlardan biri də odur ki, Malayziya müsəlman ölkəsidir. Və burada əhalinin 65 faizi müsəlmandır. Malayziya həm də dünyaya “Halal” sertifikatını bağışlayan ölkədir. Daha bizim kimi zirzəmidə kolbasa düzəldib, üstünə “halal” yazanlardan yox. Bütün qaydalara, özü də çox ciddi şəkildə riayət olunur. Məsələn Malayziyanın paytaxtında restoran və kafedə qeyri-halal mətbəxdirsə, girişdə bu barədə elan yazılır. Yəni ki, heç kim aldadılmır. 

Bu isə birbaşa təhsilə dayanan məsələdir. Çünki cəmiyyət nə qədər təhsilli, ziyalı olursa onun yalan danışmaq, yalan addım atmaq kimi məqsədi olmur. Çünki adamlar ziyalıdırlar.

Malaylar öz övladlarına təhsil verməkdə çox iddialı olduqları üçün, yerli kadrlar bu gün ölkənin əsas sahələrində yer alıb. Paytaxt Kuala Lumpurda olduğum (“Sunway”, “Taylors”, “SEGI”) hər üç universitetin ən əsas şərti və məqsədi sadəcə olaraq karton parçası (diplom) vermək deyil. 

Məsələn əgər tələbə turizm-hotelçilik fakültəsində təhsil alırsa ona hotel nömrəsini necə qaydaya salınmasından tutmuş, restoranda salfetlərin necə bükülməsinə, baristanın necə qəhvə çeşidlərini hazırlanmasına kimi dərs keçirilir, tədris edilir. A kişi, professor gəlir auditoriyaya və bir-bir hər qəhvə növünü tələbəyə öyrədir. 

Və ya universitetin daxilində xüsusi olaraq hotel nömrələri, restoran və kafe kimi dərs otaqları düzəldilib ki, orada da həmçinin tələbəyə hotel nömrəsində yastıq üzünün necə olması barədə belə dərs keçilir. 

İndi deyəcəksiniz ki, nəyə lazımdır bu? 

İndi isə ən maraqlı məsələyə gəlirik. Malayziya universitetlərində turizm-hotelçilik ixtisasını bitirən gənc sabah hər hansı bir hoteldə top menecer olanda, istənilən otağa girəndə biləcək ki, hotel nömrəsi standartlara uyğundur, ya yox. Kafesində çalışan baristanın hazırladığı qəhvə keyfiyyətlidir, ya yox.

Anlayıram, “zəng”, “tapış” hesabına işə düzələn orta statistik azərbaycanlı üçün bu qəribə səslənə bilər, amma dünyanın tələb etdiyi yüksək keyfiyyətli kadr budur. 

Bu keyfiyyət standartı isə Malayziya universitetlərinin hər birində həyata keçirilir. 

Fakültəsindən asılı olmayaraq, əgər bu tibb istiqamətində formalaşan universitetdirsə, (məsələn “SEGI” universiteti) o zaman onun daxilində tibbi fənlərin öyrənilməsi üçün hər cür elmi-texniki baza qurulur. Bu universitetin hətta öz morqu da var. Təsəvvür edirsiniz? 

Və ya əgər fakültə biznes, menecment istiqamətlidirsə, o zaman elə I kursdan tələbələrə biznes mühitinin qurulması üçün öz biznes layihələrinin təşkili üçün şərait yaradırlar. 

Yaxud da, aşpazlıq, qənnadçılıq və s. istiqamətidirsə, universitetin daxilində ucu-bucağı görünməyən, ən yüksək səviyyədə peşəkar restoran mətbəxləri təsis olunub ki, tələbələr bilavasitə orada dərs keçirlər. Daha bizdəki kimi “dayday” kafesində deyil. 

Sonda bunu da qeyd edim ki, bu gün, yüksək tərəqqi dövründə ayaqda qalmağın bir yolu var. O da yüksək keyfiyyətli təhsil. 162 ölkədən olan tələbənin bu gün məhz Malayziyanı seçməsi də təsadüfi deyil.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri