Dek
2022
12:30
78
15
869
Virtual karabakh

Azərbaycanda Malayziya Təhsil Sərgisi təşkil edilib - FOTO

5 Dek, 2022
12:30
869

Azərbaycanda Malayziya Təhsil Sərgisi təşkil edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Malayziya Səfirliyi, Malayziyanın Turizm Nazirliyi, “Winning Magnitude” və “Linqva” Tədris Mərkəzinin təşkilatçılığı ilə təhsil sərgisi təşkil edilib.

Sərginin ilkin məqsədi Malayziyanın təhsil və yaşam ilə bağlı çox geniş imkanlarını azərbaycanlı şagird, tələbə və valideynlərə təqdim etmək olub.

Malayziya beynəlxalq dəyərləndirmələrinə görə qlobal olaraq tələbələr tərəfindən üstünlük verilən 11-ci məkandır, hər il on minlərlə tələbə gələcəkləri və karyeraları üçün Malayziyanı seçir.

“Hazırda ölkədə 100 mindən çox xarici tələbə var və Malayziya hökumətinin hədəfi bu rəqəmi 250 min nəfərə çatdırmaqdır. Azərbaycandan olan tələbələrə xüsusi olaraq, ilkin 20%-lik, daha sonrakı mərhələlərdə isə 50%-dək təqaüd imkanları yaradılır”, - sərginin ilk günündə keçirilən mətbuat konfransında ölkənin Azərbaycandakı müvəqqəti işlər müdiri Mardiana Muhamman Rohani qeyd edib.

Sərgidə iştirak edən dövlət və özəl universitet nümayəndələri sərgi iştirakçılarına təhsil keyfiyyəti, universitetlərin beynəlxalq reytinqləri,  təqaüd imkanları, çox uyğun yaşam xərcləri, geniş kütlə üçün əlçatan təhsil qiymətləri barədə məlumatlar verib, sualları cavablandırıblar.

“Malayziyada turizm və hotelçilik sektoru üzrə dünya reytinqlərində 16-cı yeri tutan universitetlər, içərisində nəinki xəstəxana, hətta morqun belə olduğu tibb universitetləri, nəinki diplomla, hətta beynəlxalq sertifikatla təmin edən maliyyə ixtisaslarının olduğu universitetlər, İngiltərə, Fransa, Kanada, Avstraliya ilə ikili diplom proqramları təklif edən təhsil məkanları var”, - deyə sərgi təşkilatçıları qeyd ediblər.

Sərginin ikinci günündə Malayziyada təhsil almış azərbaycanlı məzunların uğur hekayələri öz dillərindən səsləndirilib.

“Malayziyanın tədris proqramlarına ən yeni metod və biliklər daxil edilir ki, tələbələr keyfiyyətli təhsil alsınlar. Əldə etdikləri təhsil və məlumatlar isə onlara hər zaman  lazım olan biliklərdir. Amma tələbələrin burada qazandıqları isə yalnız təhsillə məhdudlaşmır. Şəbəkələşmə, sosiallaşma, müstəqillik və özünəgüvən hissiniz sizin karyera yolunuzda daim dəstəkverici faktorlar olur. Malayziya çox mehriban gülərüz insanların yaşadığı ölkədir və ora bir dəfə gedən hökmən qayıtmaq istəyir”, - təqdimatçılar bildiriblər.

Daha sonra sərgi iştirakçılarına universitetlərin qəbul şərtləri, təhlükəsizlik və güvən, eyni zamandan yaşam xərclərinin detallı əks olunduğu slaydlar təqdim olunub.

Rövşən Bağırov çıxışında qeyd edib ki, keyfiyyətli təhsil almaq istəyənlər əminliklə Malayziya universitetlərini seçə bilərlər:

“Malayziyada təhsilə başlamaq üçün sizdən SAT, GMAT, YÖS kimi imtahan nəticələri tələb olunmur. Sizin dil biliklərinizin və attestat qiymətlərinizin yüksək olması təhsilə başlamaq üçün yetərlidir. Siz il ərzində 1 yox, 3-6 qəbul imkanından rahatlıqla istifadə edib, doğru planlama edə bilərsiniz. 2022-ci il beynəlxalq Sülh İndeksində Malayziya 163 ölkə arasında 18-ci yerə çıxıb, yəni tam yəqinlik hissi ilə övladınızı oxumaq üçün bu keyfiyyətli və güvənli ölkəyə göndərə bilərsiniz”.

“Yaşam və qida xərcləri bir çox Avropa ölkələrindən qat-qat aşağıdır, məsələn bir tələbə 250-300 dollar büdcə ilə həm yaşama, həm qida, həm də nəqliyyat xərclərini tam qarşılayır, bəzi şəhərlərdə isə bu məbləğ hətta 200 dollara qədər enir”, - Rövşən Bağırov əlavə edib.

Tədbirə qatılan jurnalist və bloqer Kubra Məhərrəmova bu yaxında baş tutan Malayziya səfərindən olan təəssüratlarını bölüşüb:

“Təsəvvür edin ki, universitet içində tələbə üçün arzusunda olduğu hər şey var, əyani dərsə qoşula bilməmisənsə, distant qoşul, yox, bu da, hər hansı səbəbdən alınmırsa, yüksək keyfiyyətli dərs yazısına bax. Universitetlərdə on minlərlə kitabların olduğu əyani və onlayn kitabxanalar, tələbələrin dincəlmələri üçün “coffee shop” və restoranlar var. Bir sözlə, yalnızca “otur və oxu!”

Malayziya Asiyanın ən güclü ali təhsil mərkəzlərindən birinə çevrilib - bunu Asiya 2023-cü il QS universitetlər reytinqi deyir. Bütün Asiyada top 50-100-cü sırada universitetlərin çoxu Malayziyada yerləşir. Ölkədə olan 590 ali məktəbdən hər cür büdcə, zövq və ixtisasa uyğun universitet seçmək mümkündür. Yetər ki, keyfiyyətli təhsil almaq istəyiniz olsun!

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri