“Azərikard” fəaliyyətini ölkə hüdudlarından kənarda genişləndirməyi planlaşdırır - FOTO
“Azərikard” fəaliyyətini ölkə hüdudlarından kənarda genişləndirməyi planlaşdırır - FOTO
“Azərikard” MMC-nin rəhbərliyi 13-15 noyabr tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən “Caspian Energy Investment Forum Tashkent 2023” forumunda iştirak edib və bir sıra yerli təşkilatlarla görüşlər keçirib. Özbəkistan Respublikasına səfər zamanı “Azərikard” MMC-ni baş direktor Fərid Quliyev və baş direktorun Biznesin inkişafı və dəstək üzrə müavini Zakir Əhmədov təmsil ediblər.
“Azərikard”ın baş direktoru Fərid Quliyev forumda çıxışı zamanı təşkilatın son illərdə əldə etdiyi uğurlu nəticələr, strateji hədəflər və əsasən də şirkətin yaratdığı “TezÖdə” məhsulu haqqında forum iştirakçılarını ətraflı məlumatlandırıb.
Təşkilatın rəhbər heyəti Özbəkistan Respublikasının Banklar Assosiasiyasının, İnnovasiyaların və Texnologiyaların transferi üzrə Milli ofisinin, İnnovasiyaların inkişafı üzrə Dövlət Agentliyinin, Özbəkistan İT Parkının, UZUM ekosisteminin və bir sıra kommersiya banklarının, həmçinin maliyyə-ödəniş təşkilatlarının rəhbər şəxsləri ilə görüşlər keçirib.
Görüşlərdə “Azərikard Prosessinq” Mərkəzinin fəaliyyət sahələri barədə ətraflı məlumatlar və son illərdə dünyada nağdsız ödənişlərin artmasını nəzərə alaraq, “Azərikard”ın yaratdığı yeni, innovativ “TezÖdə” məhsulu xüsusi yer alıb. “TezÖdə” məhsulunun innovativliyi və unikallığı görüşlər keçirilən təşkilatların rəhbər şəxsləri tərəfindən böyük maraqla qarşılanıb.
Xüsusən “TezÖdə” məhsulunun Özbəkistan Respublikasında da istifadəyə verilməsi istiqamətində fikir mübadilələri aparılıb və təşkilatların rəhbərliyi tərəfindən adı çəkilən məhsulun tətbiqinə böyük maraq göstərilib, həmçinin növbəti addımlar üzrə fikir mübadilələri aparılıb.
Özbəkistan Respublikasının bəzi Dövlət qurumları və kommersiya təşkilatları ilə əməkdaşlığın daha sıx təşkilinə dair razılıqlar əldə edilib və bununla da Memorandumların və Əməkdaşlıq sazişlərinin imzalanması nəzərdə tutulub.