14 
Yan
2014
12:00
25
12
3653
Virtual karabakh

Fərid Həsənov: Finalda iştirak edən ölkələr bizdən çəkinirdi

14 Yan, 2014
12:00
3653

Fərid Həsənov: Finalda iştirak edən ölkələr bizdən çəkinirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çiyinlərimdə böyük yük daşıdığımı bilirdim”.

“Turkvision-2013” mahnı müsabiqəsinin qalibi Fərid Həsənovun məxsusi olaraq Oxu.Az İnformasiya Agentliyinə müsahibəsi:

- Fəridin ötən ildəki uğuruna sevinib, onun haqqında kifayət qədər məlumatı olmayan oxuculara özünüzü təqdim edin…

- Mən Həsənov Fərid Münasib oğlu aprel ayının 9-u 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. 1999-cu ildə orta məktəbdə təhsil almağa başlamışam. 5-ci sinifdən başlayaraq vokal dərsləri keçmişəm. 2010-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu fakültəsinə daxil oldum. Hal-hazırda həmin universitetin 4-cü kurs tələbəsiyəm.

- Biz sizi “Next” qrupundan tanıdıq. Qrupa gələnə qədər Fərid Həsənov nə ilə məşğul idi?

-10-cu sinifdə oxuyarkən “Yeni Ulduz” müsabiqəsinə qatıldım və finalçılardan biri oldum. Müsabiqədən dərhal sonra yeni, oğlanlardan ibarət yaranan “Next” qrupuna solist kimi dəvət olundum. Qrup Avropanın bir sıra ölkələrində konsert proqramı ilə çıxış edib. Qrupda iki il yarım fəaliyyət göstərdim. Şəxsi münasibətlərimiz üst-üstə düşmədiyinə görə 2011-ci ildə qrupdan ayrıldım. Bir il yarım fəaliyyətsiz qaldım. Daha sonra solo karyerama başladım. Bu da “Turkvision” müsabiqəsi ərəfəsinə təsadüf etdi.

- Daha sonra ANS telekanalında qrup üzvləri ilə birgə “Nextalji” adlı veriliş təqdim etdiniz. Verilişin ömrü uzunmüddətli olmadı. Niyə?

- Biz qrup üzvləri ilə birlikdə dörd nəfər həmin verilişin aparıcısı idik. O zaman mənim 17 yaşım var idi. Veriliş bizim çox zamanımızı aparırdı. Musiqi fəaliyyəti ilə məşğul olmağa çox az vaxtımız qalırdı. Ona görə də qrup şəklində qərar verdik ki, aparıcılıq fəaliyyətimizi dayandıraq.

- Elnarə Xəlilova ilə birlikdə “Next” qrupunun gecə klublarının birində konserti oldu. Sonra isə qrupdan səs-səmir getdikcə azalmağa başladı…

- Bəli, düz qeyd etdiniz. Demək olar ki, qrup dağılan ərəfələrdə biz daha yaxşı fəaliyyət göstərməyə başlamışdıq. Yeni mahnılar yazdırmışdıq. Hüseyn Abdullayevdən yeni mahnı ifa etmişdik. Həmin mahnıya klip də çəkilirdi. Elə həmin ərəfələrdə qrup üzvləri arasında söz-söhbətlər yarandı və qrup dağıldı.

- “Turkvision”la bağlı təəssüratlarınızı bizimlə bölüşün…

- O qədər gözəl və xoş xatirələrim var ki…

Əvvəlcə onu qeyd edim ki, çox məsuliyyətli iş idi. Çiyinlərimdə böyük yük daşıdığımı bilirdim. Milli finaldan sonra bizim hazırlaşmaq üçün bir ay vaxtmız var idi. Gövhər Həsənzadə, məhz Samir Cavadzadənin səs tembrinə uyğun mahnı yazmışdı. Lakin işıq üzü görməmişdi. Onlar hər ikisi mənə təklif etdilər ki, belə bir mahnı var və müsabiqə üçün yazılmış mahnıdır. Elə həmin mahnını ifa etmək  mənə qismət oldu. Və vaxt darlığından biz bu mahnını cəmi üç gün ərzində məşq edə bildik.

Biz böyük nümayəndə heyəti  ilə oraya getmişdik. Çox şükür ki, əziyyətimiz hədər getmədi. Birinci yeri qazandıq. Onu da qeyd edim ki, finalda iştirak edən digər ölkələr bizdən sözün yaxşı mənasında qorxurdular. Çünki biz “Eurovision” birincisi olan ölkə idik. Bu, onları müsabiqədə qalib gəlməkdən çəkindirirdi.

- Qrup üzvləri “Turkvision”da sizi dəstəkləməyə gəlmişdilər?

- Qrup üzvlərindən yalnız Anar Bəylərlə əlaqəm var. Digərləri ilə münasibətim yoxdur. Düzdür, Anar Türkiyəyə gələ bilməmişdi. Amma mənimlə telefon əlaqəsi yaradırdı.

- Sizə dəstək olmaq üçün Eldar Qasımov, Nigar Camal, Fərid Məmmədov və başqalarının Türkiyəyə gələcəyindən xəbəriniz var idi, yoxsa onların gəlişi sizin üçün sürpriz oldu?

- Bəli, xəbərim var idi. Onlar məndən iki gün sonra Türkiyəyə gəldilər. Mən hər gün onlarla əlaqə saxlayırdım. Gözüm yolda qalmışdı ki, onlar nə zaman gəlib çatacaqlar. Mən onlardan stimul alırdım. Çünki müsabiqə bizi həm də dostlaşdırdı. Mən hiss edirdim ki, tək deyiləm.

Mənə bu müsabiqədə dəstək olduqlarına görə Samir Cavadzadəyə, Gövhər xanıma, Ranar Musayevə, Eldar Qasımova, Nigar Camala, Fərid Məmmədova və kimin bu işdə əziyyəti varsa, hamıya  öz dərin minnətdarlığımı bildirirəm.

- Bildiyim qədərilə, siz həm də həndbol üzrə milli komandanın oyunçusu olmusunuz…

- Bəli, mən 7 il həndbolla məşğul olmuşam. Həndbol üzrə milli komandanın oyunçusu idim. O vaxt müəllimlərim mənə deyirdilər ki, bəsdir oxuma, gəl səni başqa ölkələrə respublikamızı təmsil etməyə göndərək. Amma musiqiyə olan hədsiz həvəsim məni özünə çəkdi.

- Ölkəmizi daha hansı beynəlxalq müsabiqələrdə təmsil etmək fikrindəsiniz?

- Əgər mənə təklif gələrsə, mütləq dəyərləndirəcəyəm. Özüm bu barədə heç fikirləşməmişəm.

- Hazırkı planlarınız nədən ibarətdir?

- 2014-cü ildə albom çıxarmaq istəyirəm. Mənim öz bəstələrim də var. Onları hələ heç yerdə təqdim etməmişəm, ilk dəfə olaraq albomda işıq üzü görəcək.

Türkiyədə final ərəfəsində Özbəkistanın xalq artisti Yıldız Usmanovanın qızı Nülufər Usmanova mənə duet oxumağı təklif etdi. Artıq onlar mənə mahnının demo varinatını göndəriblər. Mahnının musiqisini onlar, sözlərini isə biz yazmalıyıq. Həmin mahnıya klip də çəkiləcək. Klip Türkiyədə yayımlanacaq. Eyni zamanda, azərbaycanlı xanım müğənni ilə duetimiz də olacaq. Hələlik onun adını sirr saxlayıram (gülür).

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri