12 
Fev
2018
14:52
53
104
10185
Virtual karabakh

Milyonların pərəstiş etdiyi ulduzun kədərli həyat hekayəsi

12 Fev, 2018
14:52
10185

Milyonların pərəstiş etdiyi ulduzun kədərli həyat hekayəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, milyonların sevgisini “X Factor Türkiyə” yarışmasındakı çıxışı ilə qazandı.

İfa etdiyi “İncir” adlı mahnı bir anda dillər əzbəri oldu. Heç yerdə dinlənilməmiş mahnı ilə efirə çıxmaq, üstəlik, dünya səviyyəli bir yarışmaya qatılmaq böyük risk tələb edirdi. Lakin İlyas bütün bunları gözə almış və kariyerasının əvvəlində çox böyük uğura imza atmışdı.

Oxu.Az öz istedadı ilə məşhurluğu Türkiyə sərhədlərini aşan İlyas Yalçıntaşın kədərli həyat hekayəsini təqdim edir.

Beş uşaqlı ailənin dördüncü və sonuncu oğlu olan İlyasın uşaqlığının yarısı Türkiyənin Erzincan vilayətində, yarısı isə İstanbulda keçib. Ancaq Erzincanda yaşadıqlarını travma adlandırır. Çünki valideynlərinin münasibəti yaxşı olmadığına görə, onun ibtidai sinifi internatda oxumasına qərar veriblər.

Yalçıntaş beşinci sinifə qədər həmin məktəbdə təhsil alıb. Lakin yaşadığı ağır günləri asan keçirmədiyindən Erzincandan uzaqlaşmaq istəyib. Müsahibələrində bildirir ki, baş verənlərin detalları barədə danışıb, hadisələri dramatikləşdirmək istəmir...

“Birdən-birə İstanbulun qiyamət dolu günlərinə düşdüm. İnsanlar çox idi. Daha da kiçildiyimi hiss edirdim və qorxurdum. Pişik balası kimi... Müdafiəsiz bir insanın, ya da heyvanın avtomatik göstərdiyi reflekslər məndə də baş verdi. Onda 11 yaşında idim”, – deyə müsahibələrində qeyd edir.

Bir müddət İlyas içinə qapanıq şəkildə gəzir. Heç kimlə münasibət qurmur, hər kəsdən kənar gəzirdi. Hətta iş o yerə çatır ki, onu məktəbdə “Dəli” adlandırırlar. Lakin bir müddət sonra özünə dostlar qazanmağa başlayır və özgüvənini bərpa edir.

Onun gitara ilə tanışlığı isə qardaşı sayəsində olur. Bir gün böyük qardaşı musiqiçi dostlarının biri ilə evə gəlir. O, gitarada Feridun Düzağaçın “Alev-alev” mahnısını ifa etməyə başlayır. İlyas həmin anı belə ifadə edir:

“O an sanki içimdə yanmağı gözləyən bir alovun içinə kibrit tulladılar. Böyük alovlar yanmağa başladı. Mahnı oxuyanda içindəki duyğuları çölə çıxarırsan. Bunu nə qədər çox etsəniz, ruhunuz da bir o qədər həssaslaşır. Mən çox aqressiv insan idim, musiqi ilə məşğul olandan sonra sakitləşdim”.

Yalçıntaşın gənc və yaraşıqlı olmasının avantajlarından biri də sevgili tapmaqda çətinlik çəkməməsi olub. Lakin onun sevgi münasibətləri uğurlu alınmayıb:

“Bir sevgilim vardı. Ona çox bağlanmışdım. Səkkiz ay idi, birlikdə idik. “Antalyaya köçürük” dedi. Mən də gitaramı alıb ondan sonra həmin şəhərə köçdüm. Gedəndə, sadəcə, yolpulum var idi. Orada iş tapdım, işləməyə başladım. Atamın ölüm xəbərini aldım. Həmin hadisədən bir həftə sonra isə sevgilim məndən ayrıldı. Sən demə, iki aydır məni başqası ilə aldadırmış... Bu, mənim üçün ikiqat zərbə idi”.

Antalyadan sonra İlyas Bodruma köçüb, orada yaşamağa başlayır. “X factor Türkiyə” yarışmasına da elə orada olarkən qatılır. 

Müğənni yarışmaya heç yerdə dinlənilməmiş “İncir” mahnısı ilə  qatılır. Dünya səviyyəli bir yarışmaya qatılmaq isə böyük risk tələb edirdi. Lakin İlyas bütün bunları gözə almışdı. Onun bu riski qarşılıqsız qalmır.

İlyasın ifası tamaşaçılar tərəfindən çox bəyənilir. Münsiflərin rəğbətini qazanan Yalçıntaşın ifası “Youtube” video hostinqində 40 milyondan çox baxış sayı toplayır.

Yarışmadan sonra isə “İncir”i Türkiyənin ən nüfuzlu orkestri sayılan “Enbe” ilə bərabər aranjiman edir və klip çəkdirir. Həmin klipin izlənmə sayı isə 50 milyonu keçir.

Ard-arda bütün hit-paradlarda birincilik qazanan İlyas müxtəlif proqramlara dəvət alır. Sosial mediada da geniş fan kütləsi olan ifaçının şöhrəti Türkiyə sərhədlərini aşır, İrana, İraqa və digər ölkələrə yayılır.

Müxtəlif konsertlər, məkanlarda çıxışlar, müxtəlif intervalla çəkilmiş kliplər İlyası daha da sevdirir.

Onu izləyicilərə sevdirən digər səbəb isə polemikalara, qalmaqallara qarışmaması, yalnız sənətlə məşğul olmasıdır.

Sənətçi bundan öncə Azərbaycanda iki dəfə konsert proqramı ilə çıxış edib. Lakin bunlar klub konserti olub. İlyasın Yalçıntaşın Azərbaycandakı ilk böyük konserti aprel ayının 1-də “Elektra Events Hall”da, “Şirin su”nun baş sponsorluğu ilə gerçəkləşəcək. Gecədə İlyasla türk pop musiqisində fərqli yeri olan Aynur Aydın da səhnəyə çıxacaq.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri