20 
Apr
2018
21:00
383
319
21069
Virtual karabakh

Mansur Şərifov: Qadınlarda ən çox bədən quruluşuna diqqət edirəm – MÜSAHİBƏ

20 Apr, 2018
21:00
21069

Mansur Şərifov: Qadınlarda ən çox bədən quruluşuna diqqət edirəm – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az yeni layihəsi “Subaylar”ı təqdim edir. 

Layihəyə əsasən, hər dəfə müxtəlif sənət fəaliyyəti ilə məşğul olub, öz karyerasında uğur qazanmış subay şəxslər fərqli fotosessiyalarla oxucuların qonağı olacaq.

Layihənin ilk qonağı isə bodibildinqlə məşğul olan idmançı və treyner Mansur Şərifovdur.

Onunla gerçəkləşdirdiyimiz müsahibəni təqdim edirik:

– Özünüzü təqdim edərdiniz...

– Mən, Mənsur Şərifov, Buzovnada anadan olmuşam. 1999-cu ildən Cui-citsu idman növü ilə məşğul olmağa başlamışam. 2013-cü ildə isə Cui-citsu ilə bərabər bodibildinqlə məşğul olurdum. Daha sonra sırf bodibildinqə zaman ayırmaq istədim. Eyni zamanda, treyner kimi fəaliyyət göstərirdim, indi də bu sənətimi davam etdirirəm.

– Yarışlara neçənci ildən qatılırsınız?

– Bodibildinq üzrə yarışlara 2017-ci ildən qatılıram. Amma Cui-citsu ilə məşğul olarkən bir çox xarici ölkələrdə, Dünya və Avropa Çempionatlarında yarışlarda olmuşam. 

– Müəllimlik etmək yaxşıdır, yoxsa müəllimdən öyrənmək?

– Öyrənmək hər zaman vacibdir. Öyrənməsən, öyrədə bilməzsən. 

– Sizə müraciət edən insanların məqsədi nədir? Peşəkar idman, yoxsa gözəl görünüş?

– Hazırda şəhərimizin böyük idman zallarından birində məşqçiyəm. Bizim idman zalına yüzlərlə insan gəlir. Bizə müraciət edənlər arasında peşəkar idmançı olmaq istəyənlər azdır. 

Son zamanlar gənclərimizin idmana olan marağı artıb. Amma yenə də idman zalına gələnlərin sayı istənilən səviyyədə deyil. Oturaq həyat tərzi, “fast-food”lar, qənaətbəxş olmayan ekoloji mühit, zərərli vərdişlər insanları çox sıxır.

Ancaq idman zalına gələn gənclərin bir qismi isə idmanla məşğul olmağa gəlsələr belə, təəssüf ki, burada vaxt keçirməklə məşğuldurlar. Fotolar çəkmək, idman alətləri əvəzinə, sosial şəbəkələrə “işləmək”, özlərini göstərməklə məşğuldurlar. Bəli, əlbəttə, bunu hər kəsə aid etmək olmaz.

Sözsüz ki, idmanın faydasını anlayan və ya sadəcə, tonusda qalmaq, arıqlamaq istəyən, zalda dayanmadan tər tökən istifadəçilər az deyil. “Bəs bir çoxları nə üçün idmanla məşğuldur?” sualını versəniz, deyəcəyəm ki, insanların əsas məqsədi gözəl görünməkdir.

Təsadüfi deyil ki, bir çox idman zallarında ətraf güzgülərlə əhatə olunub. Hamı məşq edir, özünə baxır, zövq alır və ya əksinə, dostları ilə öz bədən əzalarının problemlərini bölüşür (gülür). 

– Kişilər və qadınların fitnesə gələrkən istəkləri, yəqin ki, fərqli olur...

– Əlbəttə. Bizim xanımlar üçün gözəl görünüş çox önəmlidir. Hətta idman zalına belə makiyajsız gəlməzlər. Saç düzümü korlandıqda, fasilə yaranan kimi tez güzgüyə baxıb saçlarını səliqəyə salırlar. Bunu kənardan seyr etmək maraqlıdır.

Əsasən, qadınlarımız artıq çəkidən azad olmaq üçün müraciət edirlər. Kişi və qadınların istəkləri oxşardır. Kişilərin əsas problemi qarın nahiyəsindəki piy təbəqəsidir.

Bəylərimiz uzun illər “evin balkonu olar” təxəyyülü ilə yaşayıb, idman zalına gəldikdə isə qısa müddətdə qarın piylərini əritmək haqqında məsləhət istəyirlər. Əlbəttə ki, buna nail olmaq çox çətindir. Ancaq mümkündür. Bunun üçün düzgün məşqçi seçmək, onun tapşırıqlarını həm idman zalında, həm də ondan kənarda əməl etmək və məqsədə çatmaq üçün güclü iradəyə malik olmaq lazımdır.   

– Görünüşüzlə bağlı eşitdiyiniz ən maraqlı söz hansı olub?

– Çalışdığım yerdə digər sahədə işləyənlərdən biri demişdi ki, qaqa, bu bədəni bir aya yığmısan? Həmin an beynim “tormozlandı”, donub qaldım. O sualı hansı məntiqlə vermək olar, hələ də mənə çatmır (gülür).

– Bəs sizin üçün ideal qadın necə olmalıdır?

– İdeal qadın ağıllı, məntiqli və səbrli olmalıdır. Məntiq çox önəmlidir.

– Qadında ən çox nəyə diqqət edirsiniz, beyin, yoxsa fiqura?

– Hər insanın zövqü onun dünyagörüşü, məşğul olduğu işlə bilavasitə bağlı olur. Təbii ki, ilk olaraq qadının ağlına, düşüncələrinə, fikirlərinə önəm verirəm. Digər yandan isə bodibildinqlə məşğul olduğuma görə, qadınlarda ən çox fiquraya diqqət edirəm. Normal düşüncəli olması da, təbii ki, önəmlidir. Yaxşı fiqurası olub beyini olmamaqdansa, hər iksindən olsun, amma orta səviyyədə olsun (gülür).

Çəkilişdə göstərdiyi köməyə görə, Boulevard Hotel Bakuya öz təşəkkürümüzü bildiririk.

Pərviz Hüseyn
FOTO: Araz Bağırov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri