May
2018
17:05
96
235
16586
Virtual karabakh

Damla: Əllərimə vurub məni cəzalandırırdı – MÜSAHİBƏ

1 May, 2018
17:05
16586

Damla: Əllərimə vurub məni cəzalandırırdı – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az son zamanların ən səs-küylü müğənnisi Damla ilə müsahibəni təqdim edir

– İki həftə “Youtube” trendində birinci sırada qaldınız. Təəssüratlarınız necədir?

– “Fırtına” və “Bu yaxınlarda” mahnılarımda beş gün trenddə qalmışdıq. Amma bu qədər müddətdə olmamışdı. 20 günə 3 milyon izləndik. Qismətmi, fərqli tərzdə çəkilən bir klipmi, yoxsa Damlanın tərzinə uyğun olmayan mahnı janrına müraciət etməsimi deyim?! Hərəsindən azacıq bir şeylər var. 

Düşünürəm ki, bəzən yaradıcı insanlar hər zaman özlərini səbəbkar görürlər və adlarını hallandırırlar. Bu, tək mənim uğurum deyil, Damla komandasının əməyidir. Uğurlu işlərimizdən biri oldu. 

– Bəlkə, sizi qəbul etməyən təbəqə görmək istədiyi Damlanı gördü?

– Hər zaman demişəm ki, günün tələbatı nəyə olacaqsa, ona da müraciət edəcəyəm. Qorxaq insan deyiləm, deməyəcəyəm ki, bu, məndə alınmaz. Tamaşaçı hər zaman Damlanı bədbin, qəmgin mahnılarda görürdü, bu dəfə başqa səpkidə ifama şahid oldular. Tamaşaçıya maraqlı gəldi.

– Sənətə gələndə sizə qarşı bu qədər marağın olacağını düşünürdünüz?

– Arzu var idi, reallaşmasını zamanla gözləyirdim. 5-10 il sonra. Amma Allahın qismətidir. Bu sıçrayış tez bir zamanda özünü göstərdi. Qısa müddətdə Damla mahnıları dillər əzbəri oldu. Bu, bir şansdır. Şansın da başında dayanan zəhmətdir.

Əziyyət çəkdim, danışmadım, iş gördüm. Hər atılan daşa, böhtana reaksiya vermədim. Susdum. Dedim ki, təzə nə mahnı tapa bilərəm? Hansı mahnımıza klip çəkək? İşi düşündüm. 

Kiməsə söz atmağı fikirləşmədim. Kiminsə şərəf və ləyaqətinə toxunmaq istəmədim. Kimisə alçaltmaq, qara yaxmaqla diqqət çəkmək arzum olmadı.

– Samir Piriyev açıqlama verdi. Dedi ki, Damla Azərbaycanın Şakirasıdır.

– Bu videonu mənə dostlarım göndərdi. Dedim, indi Samiri sürüyəcəklər ki, niyə belə danışırsan? Baxmayaraq ki, Samirlə zəngləşmirik, tez-tez görüşmürük, sıx əlaqəmiz yoxdur, harada görürüksə, bir-birimizə sarılan dostlarıq. Görüşməməyim xarakterimdən irəli gəlir. Şou-biznesdə heç kimlə dostluq etmirəm. 

– Səbəbi nədir?

– Söz-söhbətdən qorxan insanam. Yanlış anlaşılmaq istəmirəm. Kiminləsə dərdimi bölüb danışaram, sabah görərəm ki, hansısa jurnalist qələmə alıb. Zəif yerimi tutarlar. Ona görə də ehtiyatlı davranıram.

Samirin açıqlaması məni heyrətləndirdi. Nəhayət, şou-biznesdə kimsə mənim tərəfimi saxladı. Nəhayət, kimsə Damlaya “bayağı” demədi, əziyyətini yerə vurmadı. Bu, məni sevindirdi, qəhərləndim.

– Şakira ilə müqayisə etdiyinə görə?

– Ona görə yox. Görüntü, tərz və bədən ölçüləri olaraq eyni deyilik. Haradasa qırtlaq mövzusunda oxşarlıq var. Sadəcə, “Bayağı oxuyur”, “Dinləmirəm” kimi ifadələri o qədər eşitmişdim ki, sənət yoldaşı olaraq məni müdafiə etməsi sevindirdi, qol-qanad verdi.

– Ötən müsahibəmizdə demişdiniz ki, ulduzluq anlayışını dərk etmirsiniz və zaman keçsə də, dərk etməyəcəksiniz. Amma sizi son çıxdığınız proqramlarda tək görürəm. Sizcə, bunlar artıq ilk addımlar deyilmi?

– Bu, ulduzluqla əlaqəsi olmayan bir şeydir. Dəfələrlə proqramlarda qonaq olurdum. 1-2 saatlıq canlı efir və ya çəkilişlərdə psixoloq, terapevt, pedaqoq, şair, yazar, rəqqas – 10 nəfər verilişə qonaq gəlirdi. Hamı danışır və iki mahnı oxuyub gedirsən.

Dedim ki, mən müğənniyəm, verilişə çıxanda canlı ifalarımı eşitmək istəyən insanlar var. Hansı ki, məni el məclislərinə dəvət edə, canlı ifalarımı dinləyə bilmirlər. Çünki hansısa restoranda şou-proqrama çıxmıram. Dedim ki, qonaq olacağamsa, iki saat dinləyicilərimlə baş-başa qalmalı və ancaq oxumalıyam.

Hərdən verilişlərdə sual verirlər ki, filankəs belə getdi, sizə belə baxdı. Xahiş edirəm, məni çağıranda qalmaqallar, atmacalar olmasın. Əgər Damlanı proqramınızda görmək istəyirsinizsə, başqa şeylərə yox, oxumağa çağırın.

Hər kəs özünə görə insandır. Mənim nə haqqım var ki, kimisə aşağılayım, alçaldım, kiminsə sənətinə qiymət verim? Bu şeylərdən uzaq insanam.

– Batil inanclarınız varmı?

– Allahdan başqa heç nəyə inanmıram. Bəzən qınayırlar ki, düzgün düşünmürsən. “Qarşımdan qara pişik keçdi”, “Qırmızı geyindim, mənə düşmədi” kimi fikirlərim yoxdur. Sığındığım bir tək Allahdır.

– Yuxarıda qeyd etdiniz ki, sənətə gəlmək üçün zəhmət çəkmisiniz. Müğənnilikdən öncə hansı sənətlə məşğul idiniz?

– Şirkətlərin birində kompüter işi görürdüm. Aylıq maaşım 200 manat idi. Ondan da öncə bir firmada çalışırdım. Aylıq maaşımı xatırlamıram.

– Deyirlər ki, dünyada dörd cür insan var: Aşiqlər, xəyalpərəstlər, özünəvurğunlar və dəlilər. Özünüzü hansı kateqoriyaya aid hesab edirsiniz?

– Nə özünəvurğunam, nə də xəyallarla yaşayıram. Daxili dünyamdakı kiçik Damla nə istəyirsə, onu edirəm. İçimdə – mənlik şüurumda danışdığım Damla nə cür olmaq istəyirsə, eləyəm. O Damlanın arzuları nədirsə, onu reallaşdırıram.

Daxilimdəki Damlanı sıxışdırıb, başqası olmağa çalışmıram. Çünki bacarmayacağam. On dəqiqə sonra yenə içimdəki Damlanı əks etdirəcəyəm. Mən ağıllı dəliyəm. Bunu da çəkinmədən etiraf edirəm.

– Ötən müsahibəmizdəki suallar daha kəskin idi və bu sualları vecsiz, sakitliklə qarşılayırdınız. İndi sanki çox həssaslaşmısınız...

– İnsanı sevməmək, bəyənməmək, xarakterindən xoşu gəlməmək olar. Qarşımdakı insanı sevməsəm belə, büruzə vermərəm. Ona görə yox ki, artistlik edərəm. Bunu onun qəlbinə toxunmamaq üçün, ona xoş olsun deyə etmərəm, hər kəs bir qəlb daşıyır. Əslində, mənə çətindir. Aqressiyamı içimdə saxlayıram.

Son günlər o qədər balta alıb üstümə hücum çəkdilər, həyatla olan bağlarımı baltaladılar, ona görə həssaslaşmışam. Sizə neyləyirəm? Sizinlə nə işim var? Təhqir edirəm, alçaldıram, atmaca atıram? Olduqca sakit insanam.

Sevdiyimi, dəyər verdiyimi başımın üstündə gəzdirərəm. Kim məni tapdalayır, əzir, həmin insana dəyişməsi üçün dəfələrlə şans verərəm. Sən mənə bunu edirsən, amma mən o zərbələri qaytarmıram, susuram. Məni tanı, haqqımda yanılırsan. 

Zaman keçdikcə məndən istifadə etdiyini fikirləşib, “Əşşi, onsuz da qanmır” deyib ayaqlarını boynumun arxasından keçirir. O zaman ona hər şeyi xatırladıram. Dəfələrlə keçərəm. Ancaq bu, o demək deyil ki, şüursuzam, uzaqgörənliyim yoxdur.

Səni özümdən də əlavə, özünə tanıtma şansı verirəm. Səncə, bu hərəkətin yaxşıdır? Həmin adamla sakit danışaram və əbədi silinər – bağışlanmamaq dərəcəsinə qədər. Bağışlayaram, amma bir daha Damlanın yanına yaxın qoymaram.

– Volter deyir ki, insan həyatını iki hissədə yaşayır. Biri aldanan, digəri aldadan dövrdür. Siz həyatınızın hansı dönəmindəsiniz?

– Gənclik və yeniyetməlik elə dövrdür ki, orada mütləq bilərəkdən etdiyin səhvlər olacaq. Təcrübəsizlikdən, yaxud yaxşı bir addım atmaq istəyib, gözləmədiyin şeylərlə qarşılaşırsan. Özün də bilmirsən ki, irəli getsən, bunu edəcəksən. Hazırda aldadılmaq və yıxılmaq dövrünü Damla artıq geridə qoyub.

Kimsəni aldatmaq niyyətim yoxdur. Elə qəlb daşımıram. Görüntü xatirinə demirəm. Hazırda təkmilləşməyə və müdrikləşməyə doğru gedirəm. İnsanlarla açıqfikirli, səlist, qorxusuz, “Kimsə mənə nəsə deyər?” düşüncəsi olmadan söhbət edirəm. Hazırkı yaşadığım dönəm hər kəsi təəccübləndirir. 

– Danışırsınız, danışdıqca bir daha sübut olunur ki, qadın ürəyi bir dəryadır. Bu dəryada çoxlarını batırmısınız?

– Heç kəsin üstünə silahla getməmişəm. Kiminləsə sözüm çəp gələndə onun zəif tərəfindən istifadə etməmişəm. Ən böyük silahım susmaqdır. Hər zaman məni uğura aparır.

– Bir müddət övladınızı mediadan gizlətdiniz. Niyə qərarınızı dəyişdiniz?

– İndi də çox şeyi açıb-ağartmıram. Özü də bunu istəmir. Görürəm ki, məşhurluğun bəzi qanunları var ki, istəsəm də, istəməsəm də, gizlədə bilmərəm. Övladımdır, hara qədər gizlədə bilərəm ki?! 

Qanuni nikahdandır. Atasının soyadını daşıyır. Özünün istəyi idi, sonradan danışdım, başa saldım. Uşaqdır, böyüdükcə fikirləri dəyişir. Bu gün tək istəyim odur ki, sağlamlığına zərər gəlməsin, bir də dərslərindən yayınmasın. Onun hayında deyiləm ki, övladımı göstərim, ya gizlədim.

– Dediniz ki, evli olmusunuz. Bu evlilik sizə bir qadın olaraq hansı təcrübələri qazandırdı?

– Əslində, evliliyim mənim üçün böyük məktəb olub. Onun təsiridir ki, ikinci evliliyə imza atmıram. 

– İkinci dəfə evlənmək ehtimalı yoxdur?

– Allahın yazısından qaçmaq olmaz. Sinəmə döyüb, sona qədər “yox” deyərəm. Günün birində alnıma yazılan yazını yaşayaram. Ancaq öz beynimə, düşüncələrimə gəldikdə isə, belə bir şey istəmirəm. Bəlkə də, ruhumun insanı yoxdur, ona görə istəmirəm. 

– Ruhunuzun insanı hansı xarakterlərə malik olmalıdır?

– Damlanı ancaq qorumalıdır. Bacardığı qədər məni müdafiə etməlidir. Deməlidir ki, “Filan restoranda oturmayaq, karyerana zərər gələ bilər”. Arxamda bir kişi gücü olmalıdır. Mənimlə oturanda, söhbət edəndə yanına beş dostunu da alıb gəlməsin ki, Damla mənim sevgilimdir. Bu, olmasın, istəmirəm.

– Elə bir şey olub ki, “Qadağan olunmuş meyvə” dərmək istəmisiniz və bu istəyinizə  mane olmusunuz?

– Uşaq vaxtı anam bizi öyrədib ki, icazəsiz bir şey götürmək olmaz. Bu mühitdə böyümüşdük. Yay tətillərim Qubada keçib. Bağımızın hasarından albalı ağacının budağı sallanırdı. Uşaq olanda onları dərib yeyirdim. Dodaqlarım qızarırdı. Anam əllərimə vurub məni cəzalandırırdı ki,  hallalığını almısanmı? Kimdən icazə alıb yemisən? 

– Mən bunu məcazi mənada demişdim...

– Mənə qadağa qoymaq olar: Damla hündürdən gülmə, yavaş danış. Bir az hay-küylü, çılğın insanam. Amma həyati mövzularda hər şeyin yerini bilirəm. Ona şərait yaratmaram ki, kimsə mənə qadağa qoysun. Beynimdə hər şeyi analiz edirəm. Yanlış edərəmsə, üzr istəməyi də bacarıram.

– Bu təcrübələrdən nəticə çıxararaq nəyə qadağa qoymusunuz?

– Hazırkı vəziyyətdə özümə üç şeyi qadağan etmişəm: çox yeməyi – pəhrizdəyəm, əyləncə tipli proqramlara çıxmağı, insanları çox yaxınıma buraxmağı – dostum olsa belə, o sərhədi artıq böyük bir divar olaraq qarşıma qoymuşam və peşman deyiləm.

– Əyləncəli verilişlərə niyə çıxmırsınız ki?

– Damlanın mühitinə o proqramlar yaddır. Viktorinalar, oyunlar keçirilir. Çıxıb orada nə edəcəyəm ki?

– Bizdə olan məlumata görə, sonuncu Naxçıvan konsertinizdən sonra sizin Muxtar Respublikaya girişinizə qadağa qoyulub.
 
– Yox, elə bir şey yoxdur. Sizdən eşidirəm (gülür).

– Konsertinizdə iranlıların sizə olan marağını naxçıvanlılar olaraq qeyd etdiyiniz üçün bu addımın atıldığı iddia edilir...

Səhifəmdə paylaşanda belə, Cənubi Azərbaycandan, İrandan, Tehrandan, Urmiyadan, Ərdəbildən gələn sevənlərimin coşğusu olaraq qeyd etmişəm. Heç vaxt elə böyük səhv etmərəm. Ayrıca, bir insan öz sevgisini rahat ifadə edirsə, burada nə var ki?

Yazmamışam ki, naxçıvanlı kişilər üstümə hücum edib. O yanlışı etməsinlər. Naxçıvanda qadağada deyiləm. Naxçıvan ən sevdiyim yerlər arasındadır. Özümü öldürərəm (gülür).

Pərviz Hüseyn
FOTO: Sadiq Fərzəlibəy
VİDEO: Elnur Uğur
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri