21 
İyn
2018
12:03
77
346
24230
Virtual karabakh

Qalmaqallı teatrın təsisçisi: Tamaşalarımız porno deyil – FOTO/VİDEO

21 İyn, 2018
12:03
24230

Qalmaqallı teatrın təsisçisi: Tamaşalarımız porno deyil – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ilk müstəqil teatrı – Azərbaycan Dağınıq Oda Teatrının (ADO) təsisçisi Elmin Bədəlov Oxu.Az-a müsahibə verib:

– Belə bir teatr yaratmaq fikri haradan yarandı?

– Biz 2012-ci ildə istədik ki, fərqli və müasir bir teatr yaradaq. Gənclərlə birlikdə doqquz ay çalışdıq, ancaq heç nə göstərmədik. Daha sonra ilk dəfə Qoqolun pyesi əsasında “Evlənmə” tamaşasını nümayiş etdirdik. 2013-ci ildə “ODA” teatrını təsis etdim. Bir müddət sonra isə adını dəyişməli olduq.

– Səbəb nə idi?

– İstəyirdik, teatrı daha da yeniləyib, modern hala gətirək. Fəaliyyət istiqamətimiz dəyişdiyi üçün loqomuzu və adımızı da dəyişdik. Müasir incəsənətlə məşğul olmaq istədik. Məqsədimiz boz teatr mühitinə rəng qatmaq idi. Özümüzü, düşüncələrimizi, yaradıcılığımızı realizə etmək istəyirdik.

– Sizin tamaşalar cəmiyyətə hansı mesajı verir?

– Bizim tamaşalarda birmənalı mesaj yoxdur. Hər tamaşanın özünəməxsus və çoxsaylı mesajları var. Nəyisə konkretləşdirməyi sevmirik. Ümumi veririk ki, tamaşaçı oradan özü nəticə götürsün.

Teatrın əsas qayəsi problemləri işıqlandırmaq və onlardan çıxış yolunu göstərməkdir. Biz problemlərin həlli yollarına işarə vururuq. Əksər tamaşalar terapiya xüsusiyyəti daşıyır. Bu, insanları rahatlaşdırır, psixoloji yorğunluğunu aradan qaldırır.

Dincəlmək üçün hansısa rayona, şəhərə gedib gündəlik məişət problemlərindən uzaqlaşmaq istəyənlər ADO Teatrına gəlib terapevtik tamaşalara baxa bilər. Çox aktiv teatrdır, hadisələr elə cərəyan edir ki, hər şey insanın yadından çıxır.

– Zaman-zaman məkanla bağlı problemləriniz olur. Bu, sırf qurulan tamaşalarla əlaqədardır?

– Şəxsən mənə, yaxud hansısa aktyora görə məkan problemi yaşamırıq. Tamaşalar bəzən insanlarda qıcıq oyadır, bəzən isə çox bəyənilir. Ancaq problem ondan ibarətdir ki, Azərbaycanda insanlar bunun incəsənət olduğu başa düşməkdə çətinlik çəkirlər və buna real həyatın bir parçası, bizim şəxsi mövqeyimiz kimi yanaşırlar.

Başa düşmürlər ki, bu, yaradıcılıqdır. Yaradıcılıqda sərhəd yoxdur. İncəsənətin inkişafı üçün ona azadlıq, sərhədsizlik və sonsuzluq lazımdır ki, inkişaf getsin. Tamaşalarımıza sərhəd qoymuruq. Bu da problemlərə gətirib-çıxarır.

Dolayı olaraq, yer problemi yaşanır. Hazırda biz altıncı məkanımızdayıq. Altı il ərzində altı məkan dəyişmişik. Müxtəlif problemlərimiz olub. İnternetdə bunun hamısı var.

– Teatrınız necə maliyyələşir?

– Bizim teatr dövlət və ya hər hansı bir qurum tərəfindən mütəmadi maliyyələşdirilmir. Müstəqil teatr olaraq fəaliyyətdəyik.Tamaşaçıların aldığı biletlər sayəsində, hansısa qurumlarla – səfirlik, universitetlərlə işbirliyimiz sayəsində, məktəblərdə göstərdiyimiz tamaşalar sayəsində pul qazanırıq.

Bizim aktyorların əksəriyyəti başqa işlərdə çalışırlar. Digər işlərlə də məşğul oluruq ki, maliyyəmizi qarşılaya bilək.

– Tez-tez xaricdə səfərdə olursunuz. Yol xərclərini kim qarşılayır?

– Əslində, festivallardan xeyli təkliflər gəlir. Ancaq biz seçim edirik. Hansı festival bizim yol, yemək və hotel xərclərimizi qarşılayırsa, həmin festivala qatılırıq. Hətta qonorar verən festivallar da var. Elələri də var ki, yarı-yarıya ödəniş edirik.

– Aktyor heyəti neçə nəfərdən ibarətdir?

– 15 nəfərik. Bir fransız aktrisamız var – Elsa Furtado, İskra Torrant – əslən rus, ancaq ABŞ vətəndaşıdır. Bundan öncə də xarici aktyorlarımız olub.

– Aktyorlara evdən təzyiq göstərirlər?

– Bəli, ailə təzyiqləri mütəmadi olur. Mənim özümə də həmçinin. Bunu, sadəcə olaraq hansısa qohumlar edir. Anam deyir ki, qohumlar zəng edib. Niyə belə etdiyimi deyir. Kimisə qıcıqlandırmaq üçün etmirəm. Bu, mənim işimdir. Onları başa salmaq isə çətindir.

– Bu sahədə olan peşəkarların sizin haqqınızda fikirləri necədir?

– Biz yeni başlayanda peşəkarlar, demək olar ki, gəlmirdi. Teatr tanınandan sonra onlar tamaşalarımıza gəldilər. Buraya gələnlər haqqımızda müsbət fikirlər bildirir. Teatra gəlməyib, sadəcə, fotolara rəy bildirən peşəkarlar var, hansı ki, onlara peşəkar demək düzgün deyil.

Peşəkar baxdığı tamaşa haqda fikir bildirir. Xüsusən də Akademik Milli Dram Teatrının bəzi nümayəndələri bizə qarşı təhqiramiz və aşağılayıcı formada baxır. 

– Kimlər?

– Ad çəkmək istəmirəm. Onlar baxmadan fikir bildirirlər. Bizim aktyorlar səhnəyə uşaq bezi ilə çıxanda, səhnəyə unitaz qoyanda onlar dedilər ki, teatr müqəddəs yerdir. Hesab etmirəm ki, teatr müqəddəs yerdir. Onu bütləşdirdikcə, teatr daha tez sıradan çıxır.

İncəsənət daha azaddır, daha güclüdür. Onunla daha çox fikirlər çatdırmaq olar. Əksəriyyət birtərəfli baxmağa çalışır. Nəzər almırlar ki, XXI əsrdir. Dünyada müasir incəsənət güclü inkişaf edib.

– Sosial mediada sizin tamaşaların fotoları geniş rezonans doğurur. Gələn rəylərdən razısınız?

– Bizdə incəsənəti başa düşmürlər. Məsələnin kökündə bu dayanır. Biz onu başa düşməyəndə, buna əxlaqsızlıq, tərbiyəsizlik, mental dəyərlərə qarşı çıxmaq kimi baxırıq. Teatra da buna görə getmirlər. Hərə öz tərəfindən baxır. Tamaşa da belədir. Biri deyir belə idi, digəri başqa cür.

Ümumiyyətlə, din və mentalitet niyə incəsənətlə bir yerdə olmalıdır? İncəsənətin kökündə müxaliflik yatır. Müxaliflik deyəndə siyasi tərəf başa düşülür. Amma bu, hər hansı bir şeyin əksini bildirməkdir.

Düşünürəm ki, çox yaxşı edirik. Tamaşalarımızın hamısı 18+ deyil. Teatrımız özünü azad ifadə edir. Müxtəlif mövzularda tamaşalarımız olub. Əgər bir dəfə 18+ tamaşa olubsa, camaat bundan yapışırsa, bu, həmin adamların problemidir.

– Beş il sonra ADO-nu harada görürsünüz?

– Onu deyə bilmərəm. Lakin ötən beş ilə nəzər salsaq, ADO inkişaf edən xətt üzrə irəliləyib. Əvvəl 40 kvm. yerdə idik, indi 200 kvm.lik yerdəyik. Ümid edirəm ki, artan xətt üzrə gedəcək. 15 iyulda altıncı mövsümümüz başlayıb. Gürcüstana və bir sıra bölgələrə səfərlərimiz var.

– Qadağan olunduğu deyilən “MimODA” tamaşasına gələk...

– Bütün saytlar “MimODA”nı qadağan olunmuş tamaşa kimi yazıb. Ancaq həmin tamaşa heç yerdə qadağan olunmayıb. Yazırlar ki, tamaşanız pornotamaşadır. Erotika başqadır, porno başqadır. Sadəcə, tamaşanın içində erotik məqamlar var. Orada heç bir aktyor tam soyunmayıb. 

– “Facebook” səhifənizdə LGBT bayrağı və tolerantlıq barədə postlar yer alır...

– Bu mövzuya bir neçə dəfə toxunmuşuq. Yadınızdadırsa, İsa Şahmarlının ölümündən bir il keçəndə amerikalı rejissor bir süjet hazırlamışdı və mən orada çəkilmişdim. Həmin vaxt məni tənqid etmişdilər.

Tolerantlıq  sivilzasiyaya aparan ən yaxşı yoldur. İnsanlar bir-birinə, xüsusən də azlıqlara qarşı tolerant yanaşmalıdır. Avropada niyə düşünsünlər ki, Azərbaycanda homoseksuallar özünü asır, yaxud onlar həbs olunur, küçədə döyülür, intihar edirlər?! Bu, üzücüdür.

Mən Venesiyada olanda İngiltərədən bir performer bu barədə soruşmuşdu. Özlüyümdə çox pis olmuşdum ki, bizim ölkəmizdə insanların istəklərinə normal baxmaq çətindir?! İnsanların seçim azadlıqlarına, yaşam tərzlərinə hörmətlə yanaşmaq lazımdır.

Bu, sivil ölkələrin ən başlıca qayəsidir. Tolerantlıq inkişafa aparan yoldur. Buna görə də tamaşalarımızda belə məqamları xüsusilə qeyd edirik.

Pərviz Hüseyn
FOTO, VİDEO: Sadiq Fərzəlibəy
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri