26 
Yan
2019
16:26
47
87
6799
Virtual karabakh

Azərbaycan “KVN”ini dünya hərəkatının bir hissəsi etmək mümkün olub - MÜSAHİBƏ

26 Yan, 2019
16:26
6799

Azərbaycan “KVN”ini dünya hərəkatının bir hissəsi etmək mümkün olub - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəlkə də, Soçi festivalı Şən və Hazırcavablar Klubunun (KVN) üzvləri üçün ən sevimli tədbirdir və məhz bundan sonra Beynəlxalq “KVN” Birliyində növbəti mövsüm üçün hesabatlar başlayır. Hər ilin yanvarında minlərlə gənc yumoristlər özlərini göstərmək və başqalarına baxmaq üçün Soçidə yığışırlar. Rusiya televiziyasında əyləncəli məzmunun təşviqi ilə məşğul olan istedadlı insanlar, sabiq “KVN”çilər də onlara qoşulurlar. Dostluq, yaradıcılıq və ümumi sevinc mühitində keçirilən Soçi festivalında iştirak edən hər bir şəxs yenidən bura qatılmağı arzulayır. 

Bu il Soçi festivalı 30 illik yubileyini qeyd edir və bu tədbirə rekord sayda azərbaycanlı “KVN”çi – 30-dan çox yumorist qatılıb. Azərbaycan “KVN” liqasının direktoru Fərid Əbdülrəhimov Oxu.Az-a müsahibəsində festivalın bizim yumoristlər üçün necə başa çatmasından və dünya yumorunda yeniliklərdən danışıb. 

- Soçidəki “KVN” festivalının 30-cu yubiley tədbiri başa çatmaq üzrədir. O, nə il yadda qaldı? 

- Beynəlxalq “KVN” Birliyinin liqasının strukturu dəyişdirilib: onların azaldılması və sıxlaşdırılması gedir. Elə olur ki, bir şəhərdə bir neçə liqa fəaliyyət göstərir. Bu da məzmunun keyfiyyətinin azalmasına və qarışıqlığa səbəb olur. Beynəlxalq “KVN” Birliyinin rəhbərliyi bununla ciddi məşğul olur və “KVN” hərəkatının sistemləşdirilməsi üçün məqsədyönlü işlər aparır. 

Yubiley festivalında 500-dən çox komanda iştirak edib. Fəxrlə deməliyəm ki, onlar arasında dörd Azərbaycan komandası olub: “BDU”, “Azneft” və “Bakı bulvarı” Azərbaycan “KVN” liqasını təsmil edib, “Legion.az” isə veteran kollektivində iştirak edirdi. 

Bütün komandalarımız əla çıxış etdi və Azərbaycan “KVN”inin adını təsdiqlədi. Hazırda “AMİK” rəhbərliyi ilə liqalar üzrə komandaların bölgüsü haqqında danışıqlar gedir. 

- Rusiyada Azərbaycan yumoruna münasibət necədir?

- Son beş ildə “KVN” tədbirlərində Azərbaycan yumor ustalarına baxış çox dəyişib. Əgər əvvəllər bizdə Azərbaycan və ya yumor barədə zarafatlar gözləyirdilərsə, indi Azərbaycan komandaları Rusiya media məkanında aktiv olan bütün məsələlər barədə zarafatlar təqdim edir. Bunun bir neçə səbəbi var. Birincisi, bəzi mövzular işlənib və ona qayıtmağın mənası yoxdur. İkincisi, rəqabətə tab gətirmək üçün hər zaman trenddə olmaq lazımdır, “KVN” isə müasir texnologiyalar və aktual hadisələr üzərində qurulur. 

Rusiyada öyrəşiblər ki, milliyyətindən asılı olmayaraq, hər kəs uğur qazana bilər. Azərbaycan əsilli rusiyalılar var ki, onlar müxtəlif sahədə müəyyən zirvələrə çatıblar. 

Buna görə özünü ayrı kasta kimi göstərmək deyil, “KVN”çilər arasına inteqrasiya etmək lazımdır. Hazırda Rusiyada üç Azərbaycan komandası oynayır. Bu komandaların hər biri Azərbaycan mövzusunu istismar etsə, bu, insanları bezdirə bilər.

Azərbaycan “KVN”i müxtəliflik qazanıb və burada Azərbaycan “KVN” liqasının böyük rolu var. Burada oynamaqla komandalar öz üslublarını inkişaf etdirməyə başlayırlar. 

- Səs-küylü “Bakı yığması” komandasının taleyi necə oldu?

- Bugünkü gündə “Bakı yığması” “KVN” komandası kimi öz çıxışını dayandırıb. Bunun çoxlu obyektiv və subyektiv səbəbləri olub. 

Bəzi uşaqlar fərdi seqmentlərdə yaradıcılıqla məşğul olublar: rəqs, yumor, ifa. Qeyd etmək olar ki, “Bakı yığması” komandası “KVN”in inkişafına köməyini davam etdirir. 

Komanda vacib nəticələr göstərib ki, indi əsas olan bu estafeti əldən verməməkdir. “Bakı yığması” komandasının xidmətlərindən biri də belə bir şəraitin yaradılmasıdır ki, bu gün bir neçə komandamız Beynəlxalq KVN Birliyinin liqasında iştirak üçün iddialı olmasıdır. 

Əgər əvvəllər böyük qələbələrdən sonra hərəkət daxilində vakum olurdusa, indi biz fərqli mənzərə görürük: artıq tanınmış “KVN”çilər özlərinə layiqli əvəzedicilər hazırlayıblar. 

- Bu il Azərbaycan Şən və Hazırcavablar Klubu beş illiyini qeyd edir. Bu illər ərzində nə etmək mümkün olub? 

- Bu gün inamla demək olar: Azərbaycan “KVN”ini dünya hərəkatının bir hissəsi etmək mümkün olub. Hazırda Azərbaycanda və onun sərhədlərindən xaricdə 20 tələbə və 30-dan çox məktəbli komandası oynayır. “KVN”çilərin sayı yüzlərlədir. Onların daimi fanatlarını saysaq, deyə bilərik ki, KVN kütləvi mənzərəyə qayıdıb. 

Bütün bunları dövlət dəstəyi olmadan həyata keçirmək mümkün olmazdı. “KVN” hərəkatının qurulmasının gənclərin inkişafı dövlət proqramına daxil edilməsi dövlətin böyük diqqət və dəstəyindən xəbər verir. “KVN” hərəkatının keyfiyyətli idarəsi üçün ictimaiyyətdə tanınmış insanların daxil olduğu Müşahidə Şurası yaradılıb. 

Hazırda bizdə rəsmi olaraq üç “KVN” liqası fəaliyyət göstərir. Bunlar Azərbaycan region liqası, gənclər liqası və ATV liqasıdır. Azərbaycan Liqasının son mövsümünün finalında “Bakı bulvarı” komandası qələbə qazanıb. 

ATV telekanalı ilə əməkdaşlığımıza gəlincə, biz “KVN”də Azərbaycan dilinin vacibliyini anladıq. Buna qədər telekanallarımızda uzun müddətdir “KVN” yarışları keçirilmirdi. ATV ilə layihəmiz əyləncə seqmentində tor-reytinqə daxil olub. İnanmaq istərdim ki, əməkdaşlığımız uzunmüddətli və səmərəli olacaq. 

- Bizim vaxtımızda yumor çox sürətlə dəyişir. Bu sahədə zamanla ayaqlaşmaq üçün nə etmək lazımdır?

- Nəsillərin mübarizəsi həmişə həyatımızda olub. Yaşlı nəslin nümayəndələri daha mühafizəkar olurlar, onlar zamanla ayaqlaşan yeniliyi qəbul etmirlər. Bu, yumorda da belədir: bayağılaşmamaq üçün hər zamanı yeni cəhətlər tapılmalıdır.

Eyni mövzunu sonsuz istismar etmək olmaz. Yaşlı nəsil tez-tez yeni yumoru qəbul etmir, ancaq bu yumorun mövzuları müasir həyatda baş verən hadisələrdir. Misal üçün, əgər müasir insan mükəmməl qacetlərə malikdirsə, onun üçün bu sahədə zarafatlar maraqlıdır, əgər yeni elmi-texnoloji inqilabı qəbul etməsə, bu mövzuda olan zarafatları da qəbul etməyəcək. 

Yumor bir yerdə dayanmamalıdır və bunun öz gözəlliyi var. 

- “KVN” postsovet məkanında əyləncə sənayesində öz yerini qətiyyətlə tutub. Azərbaycanda bu məsələ nə yerdədir?

- Unutmayaq ki, “KVN” yumordur və bu plan üzrə Azərbaycanda bir neçə yaradıcı qrup işləyir. Onlar “KVN”dən çıxıb, bəziləri isə aktual trendlərlə maraqlanmaq üçün başa çatmaqda olan Soçi festivalında olublar. Digər tərəfdən, kadr hazırlığının böyük rolu var. Azərbaycan Şən və Hazırcavablar Klubu məhz bu boşluğu doldurdu. 

Beş il əvvəl bu işə başlayan bir çox uşaqlar hazırda telekanallarda çalışır, bəziləri isə məşhur vaynerlərdir. Demək olar ki, bir çox yerlərdə internet televiziyaları əvəz edib. Əgər nəzərə alsaq ki, kəmiyyət gec və ya tez keyfiyyətə təsir edir, onda yaxın vaxtlarda teleekranlarda daha yaxşı əyləncə məzmunlu proqramları görə biləcəyik. 

- Dediniz ki, dövlət dəstəyini hiss edirsiniz. Bəs özəl strukturlar “KVN”ə maraq göstərir? 

- İdmanda olduğu kimi, dövlət üzərinə böyük yük götürüb və bugünkü gündə qazandığımız bütün qələbələr dövlət dəstəyinin nəticəsidir. Qazanılanları itirməmək üçün proses daimi və davamlı olmalıdır. Bir nəsil digərini əvəz edir, “KVN” məktəbi isə daim işləməlidir. Əgər yüksək səviyyəli nəticə istəyiriksə, təsir də səxavətli olmalıdır.

90-cı illərdə sələflərimizin uğurları böyük maddi dəstəyin nəticəsi idi. Kobud desək, biz bir neçə il ərzində onların bir oyun üçün sərf etdiyi qədər xərcləyirik. Ancaq səbəb-nəticə əlaqəsi var ki, biznesin sponsor dəstəyi göstəməyə məcbur edilməsi mümkün deyil. Onların öz dəyələri var. 

Qeyd etmək olar ki, “KVN” ilk növbədə reklam baxımından biznesə maraqlı olar bilər. Burada əks əlaqə də var. Əgər komanda sponsorlara maraqlı olmaq istəyirlərsə, onlar reklamçılar üçün masimum cəlbedici olmalıdırlar. Rusiyada oynayan komandalar MDB və ya Rusiya bazarında müştəri axtaran şirkətlər üçün maraqlı ola bilər. Lazımi sponsorların axtarışı da bacarıqlı uşaqları stimullaşdırır. 

- Yaxın vaxtlarda pərəstişkarlar yerli “KVN”dən nə gözləməlidir?

- Bu il biz Azərbaycan regional liqasının beş yaşını qeyd edirik. Ümid edirik ki, biz bunu böyük hadisəyə çevirə biləcəyik. Proqramın əsas maddələrindən biri xarici eskpertlərin iştirakı ilə konfransın keçirilməsidir. Bu konfransda Azərbaycanda “KVN”in inkişaf perspektivləri müzakirə ediləcək. Misal üçün, “KVN”çilər ssenari yazmaq lazım olduğu sahələrdə tələb oluna bilər. 

“KVN”çilər istənilən prosesi tez və operativ şəkildə əlaqələndirməyi bacarırlar. Təsadüfi deyil ki, bir çox təşkilatçılar, “KVN” komandalarının direktorları sonda uğurlu dövlət məmurları və biznesmenlər olublar. 

Bundan başqa, bir çox komandalar Azərbaycanın sərhədləri xaricində oyunlar keçirirlər. Biz daxili liqanı inkişaf etdiririk və bu proses spiral üzrə gedir: hər növbəti dairə bizim imkanlarımızı, iştirakçı sayını, komandaları, izləyiciləri artırır. 

- “KVN” oyunlarında hakim qismində tanınmış şəxslər oturur. Onların “KVN” hərəkatında iştirakından danışın.

- Bu, sözsüz ki, bizim üçün böyük dəstəkdir. Uşaqlar öz çıxışlarına daha məsuliyyətlə yanaşırlar. Jüri üçün isə bu, nostalji hisslərdir, çünki onların əksəriyyəti gəncliyində “KVN” hərəkatının üzvləri olublar. 

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri