18 
Fev
2019
14:30
39
72
11810
Virtual karabakh

Aysun yeni klip çəkdirdi, tənqid olundu - MÜSAHİBƏ

18 Fev, 2019
14:30
11810

Aysun yeni klip çəkdirdi, tənqid olundu - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova yeni klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, Aysun sözləri və musiqisi Elçin Məhərrəmova məxsus “Düşmənlər” adlı bəstəyə ekran həyatı verib. 

Rəşad Həsənovun rejissorluq etdiyi klip cəmi bir günə, paytaxt hotellərinin birində lentə alınıb. Ekran əsərində tərk edilmiş qadın obrazını canlandıran A.İsmayılova cəsarətli addımı ilə diqqətləri öz üzərinə cəmləyib. 

İfaçı klipə gecə geyimində duşun altında çəkilib. Sosial şəbəkədə qısa olaraq paylaşılan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu hərəkəti İsmayılovaya yaraşdırmasalar da, ifaçı obraz yaratdığını dilə gətirib. 

Hamam otağında duşun altında “Düşmənlər” oxuyan İsmayılova klipi ilə bağlı bunları deyib: “Elə ən çətin və əziyyətli səhnə məhz duşda olandır. Çünki gözlərimdən linzanı çıxarmağı unutmuşdum” (gülür).

Aysun İsmayılova müzakirələrə səbəb olan klipi ilə bağlı Oxu.Az-a açıqlamalar verib: 

- Aysun, niyə klipi duşda çəkmək qərarına gəldiniz? 

- Fikrimcə, hər bir xanım sevdiyi bəyi gözləyəndə və o gəlməyəndə, duşa girib suyun altında göz yaşı axıdır. Mən də bu məqamları əsas götürərək, qərar verdim ki, klipin əsas səhnələrindən biri elə duşda olsun.

- “Düşmənlər” oxuyan Aysunun şou-biznesdə düşmənləri kimdir? 

- Mən şou-biznesdə heç kimlə düşmənçilik aparmıram. Düşmənim olduğuna da inanmıram. Mən hamı ilə normal ünsiyyət saxlayıram. 

- Qızıl güllərdən hazırlanmış buket kimdən gəlib? 

- Bu, atam Fazil bəyin hədiyyəsidir. O, mənə çox dəstək olur. Bu gün də öz dəstəyini bu gözəl hədiyyə ilə sübut etdi.

- Gənc həmkarlarınız Avroviziyaya getmək üçün gecə-gündüz əlləşib-vuruşurlar. Ölkəmizi beynəlxalq yarışmada təmsil etmək niyyətiniz var? 

- Təklif gəlsə, rədd edərəm. Çünki ingilis dilini bilmirəm. Avropaya iddialı ifaçı deyiləm. Eləcə də “Avroviziya” müsabiqəsinə. Bir Azərbaycan gənci olaraq, Azərbaycanı xarici ölkələrdə təmsil etməyə hər zaman hazıram. Amma “Avroviziya"ya getmək niyyətim yoxdur. Təbii ki, fikirlər yaxın 2-3 ildə dəyişə bilər. Bir də gördünüz ki, Aysun bütün dünyanın ulduzuna çevrilib.

- Qayıdaq klipin müzakirəsinə. Yeni işinizi sonuna qədər izləsək də, bəy qəhrəman gözə dəymədi. 

- Bu tip kliplərdə oğlanlar yetərincə çəkilir, daha öncə “Eşq olmaz” ekran işimdə bunu etmişəm. Onun üçün burada tək çəkilməyə qərar verdim 

- Klipinizdə tərk edilmiş xanım obrazını canlandırmısınız. Real həyatda belə bir hadisə ilə qarşılaşmısınız? 

- Başıma elə bir hadisə gəlməyib, ümid edirəm, bundan sonra da gəlməz. Sadəcə bir obraz idi. 

- Təqdim etdiyiniz ekran işinin büdcəsi nə qədərdir? 

- Deyim ki, klipə 20-30 min pul xərcləmişəm, yalan olar. Dostlarım sağ olsun, bu gün qaz vurub, qazan doldurmasam belə, onlar hər zaman mənim yanımda olacaq. Onlar mənə üç min manatlıq işi 10 min manat deyib aldatmırlar. Bu, dostluq işidir. Bir tək hotel otağı bron edilib.

- Klipdə əlinizdə içi dolu şərab badəsi ilə tamaşaçı qarşısına çıxmısınız. Qorxmursunuz ki, sizi bu addımınıza görə tənqid edib, haqqınızda xoşagəlməz ifadələr söyləyərlər? 

- Burada dərdli bir xanımın obrazını yaratmışam. Bu obrazdır, əsla nəyinsə təbliğatı deyil. Dərd çəkən insan fikrini dağıtmaq üçün nələrsə edir. Badənin içindəki şərab yox, albalı şirəsi idi. O ki qaldı sosial şəbəkədə müzakirə obyektinə çevrilməyimə, mən hər zaman tənqidə açıq bir insanam. Tənqiddən nəticə çıxarmağı bacarıram. 

- Mahnını rinoplastikadan (burun əməliyyatı) bir neçə gün sonra yazdırmısan. Oxumaq çətin olmadı? 

- Mahnının zil yerləri çoxdur. Bunu peşəkar müğənnilərimiz də dinləyəndə başa düşə bilərlər. Elçin məndən inciməsin. Yeni burnum ilə yalnız bu qədər bacardım (gülür). Əslində, bu mahnını anam Rəqsanə İsmayılova oxumalı idi. Amma dinlədikdən sonra bu bəstə mənim olmalıdır deyib, üç ay sərasər Elçinə yalvarmışam. Gördüm reaksiya vermir, mahnını “Instagram” səhifəmdə paylaşıb, orada da yalvardım. Nəhayət, razılığını ala bildim.

Anam mahnıya avtomobildə qulaq asıb dedi ki, bu mahnı sənə yaraşmayıb, gərək özüm oxuyaydım (gülür). Təbii ki, bütün bunlar zarafatdır. Anam məni dəstəkləyir və qabağa getməyim üçün əlindən gələni əsirgəmir.

- İzləyicilərin çoxu bir neçə ay öncə doğulan qardaşınızın vəziyyəti ilə maraqlanır. Sağlamlıq durumu nə yerdədir? 

- Bacım Mehrimah özünü əla hiss edir, evdədir. Lakin qardaşım Məhəmməd yaxşı deyil. Hazırda xəstəxanada həkim nəzarətindədir. Həkimlər əllərindən gələni əsirgəmirlər. Hər şey Allahın əlindədir. Dua edirik ki, tezliklə xəstəxanadan çıxıb evə gəlsin.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri