10 
Mar
2019
20:00
190
39
5419
Virtual karabakh

Alim Qasımovdan “Oyanış”- FOTO/VİDEO

10 Mar, 2019
20:00
5419

Alim Qasımovdan “Oyanış”- FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Muğam ustası, Xalq artisti Alim Qasımov növbəti beynəlxalq layihəsinin- “Awakening” (“Oyanış”) adlı albomunun təqdimatını keçirib.

Oxu.Az-ın  xəbərinə görə,  adıçəkilən layihə Almaniyanın Osnabryuk şəhərində keçirilən “Morgenland” festivalının direktoru, fransalı məşhur musiqiçi Mişel Qodrad və prodüser Mişel Dreyer tərəfindən A. Qasımova təklif olunub.

Almaniyada il yarım ərzində ərsəyə gələn diskdə Xalq artisti Salman Qəmbərov, kamança ifaçısı Rauf İslamov da yer alıb.

A.Qasımov beynəlxalq layihə haqda bunları dilə gətirib:

 “Diskdə yer alan əsərləri biz daha geniş formada konsert şəklində Almaniyada, Hollandiyada tamaşaçılara təqdim etmişik.

Bizim caz ustadımız Salman Qəmbərov və avropalı cazmen Mişel Qodrad janrları eyni olduğundan bir-birlərini yaxşı anlayırlar.Amma, kamança ifaçısı Rauf İslamovla mən cazmen deyilik.

Avropa musiqiçiləri  birgə konsertdə çıxışlarımızı o qədər bəyəndilər ki, onlar bu işi disk üzərində çıxarmaq qərarına gəldilər. Əgər onlara bu cür əsərlər lazımdırsa, bizə niyə lazım olmasın?! Mən də bu istəyi gördüyüm üçün öz razılığımı verdim  Bəlkə də burada bu cür əsərlərin dinləyici sayı 10 % olar. Amma, Avropada çox dinlənilir.

Bizim gələcək nəslin nümayəndələrindən kimlərsə xaricə gedərkən həmin disklərdə yer alan musiqiləri dinləyib, müxtəlif səsləri, ritmləri eşidib, təəcüblənəcək  və bu, onlara maraqlı gələcək. Bu, bizim musiqimizin tarixə çevrilməsi üçün  ortaya qoyulmuş bir  iş sayıla bilər.

Layihə xarici musiqiçilərin bilavasitə iştirakı bizim musiqimizin başqa millətlər tərəfindən dinlənilməsinə öz müsbət təsirini göstərəcək. Bu da bizim üçün fəxrdir.Bu, bizim musiqimizə çox gərəklidir”.

A. Qasımov həmçinin yaxın zamanlarda Avropada verəcəyi konsertlərlə bağlı Oxu.Az-a özəl açıqlama da verib:

 “UNESCO tərəfindən bizə konsert üçün təklif gəlib. Orada mənə elektron musiqi üzərində oxumaq təklif edilib.Avropalıların elə bir musiqi aləti var ki, o sanki orkestri əvəz edir. Bu baxımdan, mən onların bu təklifinə bir az tərəddüdlə yanaşdım. Söylədim ki, yaxşı olar ki, bizim musiqiçilərimiz də bu layihəyə qoşulsunlar.

Onu da deyim ki, layihə öncəsi bizim musiqiçilər tar və kamançada ifa etdilər, bu isə avropalı musiqiçilərin çox xoşuna gəldi. Ona görə layihə maraqlı olduğu üçün təklifi qəbul etdim.

Nəzərinizə çatdırım ki, layihədə iranlı musiqiçilər də yer alıb.

Artıq yaş öz sözünü deyir. Bir az yaşla əlaqədər canım çəkə-çəkə gedirəm bu işlərə (gülür).  

Amma görəndə ki, işlər yaxşı alınır, bu, məni yaşadır. Ümumiyyətlə, bu cür tarixi layihələr edəndə, digər işləri görməyə də ruhlanıram”.

Xalq artisti sənət aləmində mövcud olan bəzi çatışmazlıqlar barədə də danışdı:

“Bu, mənim şəxsi istəyim və arzumdur ki, ud, ney, balaban sənətinə qiymət verilsin. Qardaş Türkiyədə ney üslubu var. Ona görə istərdim ki, bizdə də bu ney sənəti inkişaf etdirilsin.

Əgər ney sənətinə yaxşı maliyyə ayırılsa, onu öyrənən insanların da sayı artar”.

Qeyd edək ki, A. Qasımovun təqdimat mərasiminin sonuna yaxın  Xalq artistinin qızı Əməkdar artist Fərqanə Qasımova da gəlib.

Bunu görən A.Qasımov gecikdiyi üçün qızından incidiyini hamının qarşısında dilə gətirib.

F. Qasımova isə təqdimatın vaxtının ona gec deyildiyini və əksinə, atasından incidiyini zarafatyana sözlərinə əlavə edib.

Təqdimat mərasimində ustadın həyat yoldaşı Tamilla xanım da iştirak edib. 


Rəşad Əliyev 

video : Hüseyn Həsənov 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri