22 
May
2019
21:02
58
501
6737
Virtual karabakh

Bayrağımızı paltar kimi geyinmək düzgündür? - AÇIQLAMA

Müğənni Elnur Məmmədov çəkdirdiyi yeni ekran işinin görüntülərini “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.

Oxu.Az xəbər verir ki, Elnurun klipdə əyninə geyindiyi, bayrağımızın rənglərini özündə əks etdirən kostyumu sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.

Onlar “Bayrağımız bu qədər ucuz, bu qədər əlçatan olmamalıdır”, “Bayrağın hər hansı hissəsinin üstündə oturmaq onu tapdalamaq kimidir”, “Bayrağımıza bunu etməyə haqları yoxdur” kimi şərhlərlə müğənniyə etirazlarını bildiriblər. Elnur isə yazılan tənqidlərə əhəmiyyət verməyib.

Şou əhli arasında bu addımı atan təkcə Elnur deyil. Çünki bir çox sənətçilər vətənpərvər mövzularda çəkdirdikləri kliplərdə bayrağımızın rənglərini özündə əks etdirən libaslardan istifadə ediblər.

Məsələn, Xalq artisti Aygün Kazımovanın “Düşün məni” klipində Azərbaycan bayrağı əks olunmuş geyimlə çıxış etməsi narazılıqla qarşılanıb. Klipdə açıq-saçıq geyimləri ilə diqqəti cəlb edən Kazımova çimərlik paltarını dəyişərək qəfildən üçrəngli bayrağımızın rənglərinə bürünür.

Əməkdar artist Lalə Məmmədova Azərbaycan-Türkiyə layihəsində bayrağımızın rənglərini özündə əks etdirən libas geyinib. Onun bu addımı müzakirələrsiz ötüşməyib.

Əməkdar artist Elza Seyidcahan da üçrəngli bayrağımızın rənglərini əks etdirən geyimdən istifadə edən sənətçilərdəndir. O, “Bakı-2015” Avropa oyunları ərəfəsində lentə aldığı klipdə üzərində ay və ulduz rəmzlərinin olduğu libas geyinib. 

İki il öncə Bayraq günü ərəfəsində əynini bayrağımızla bəzəyən populyar ifaçılar Sevil və Sevinc Səfərova bacıları olub. Bayrağımızın geyim kimi istifadə edilməsi izləyicilərin heç xoşuna gəlməyib və müğənnilər tənqid atəşinə tutulublar.

Bəs, bayrağımızın rənglərini özünə əks etdirən paltarı geyinmək doğrudurmu?

Millət vəkili, şair Tahir Rzayev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bunun müsbət hal olmadığını deyib:

“Bu, bayağı sevgidir. Çünki bayraq yüksəkdə, ucada olmalıdır. Əziz və təmiz yerdə saxlanılmalıdır. O, əyinə geyiniləsi forma deyil. Bayraq müqəddəs bir atributumuzdur. Müqəddəsi əyinə geyinməzlər.

Əgər müğənnilər bayrağı əllərində, ucada tutub oxusaydılar, mən bunu alqışlayardım. Əgər müğənnilər xarici ölkəyə gedəndə özləri ilə bayraq götürüb, təyyarədə və ya qatarda gedəndə oturacaqların üstünə qoysaydılar, buna mən sevinərdim. Bu, xaricilərin də diqqətini çəkmiş olardı.

Onlar o bayrağa olan məhəbbəti, sevgini görərdilər. Amma əyinə geyinmək çox pis və mənfi haldır. Əyinə çox şey geyinmək olar. Bayraq əyinə geyinilməz. Onu edənlər yanılırlar. Gərək yaxşı düşünsünlər. Bayrağı nə əyinə geyinmək olar, nə də ayaqlar altına atmaq”.

Qeyd edək ki, dünyanın bir sıra məşhur ulduzları, eləcə də, idmançılar ölkələrinin bayraq və atributlarını müxtəlif libaslar və kostyumlarda istifadə edirlər. Onların bu addımları heç də birmənalı qarşılanmır. Bu hal daha çox Türkiyə, Rusiya və ABŞ-da yaşanır. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri