30 
May
2019
18:43
90
95
2584
Virtual karabakh

Gənc reper: Bayağı musiqini heç kim bəyənmir, amma gündəmə çevrilir

Azərbaycanda bayağı musiqilər nə qədər yayılsa da, ortaya keyfiyyətli işlər çıxaranların da sayı az deyil.

Oxu.Az-ın bugünkü müsahibi belə işlər ərsəyə gətirən istedadlı gənc, repçi Vüqar Quliyevdir. 

Vüqar Quliyevin 24 yaşı var. Bakıda anadan olub. ADA Universitetinin 2017-ci il məzunudur. Hazırda özəl bir şirkətdə çalışır.

Paralel olaraq isə musiqi ilə, daha dəqiq, hip-hopla məşğuldur.

Qeyd edək ki, əvvəllər mahnılarını öz ad soyadı ilə təqdim edən reper “new school” ifadəsinin akronimini götürərək NS ləqəbi ilə fəaliyyətini davam etdirir.

- 2014-cü ildən sizi musiqi sahəsində tanıyırıq. Necə oldu musiqi ilə məşğul olmağa başladınız?

- Heç bir musiqi təhsilim və ya peşəkar təcrübəm yoxdur. Yəqin ki, bu janrla məşğul olan hər bir ifaçı da təsdiqləyər ki, hip-hop fəaliyyəti sırf maraq və müəyyən qədər bacarıq üzərində formalaşır. Təxminən, 14 yaşımdan etibarən rep musiqisinə xüsusi marağım yaranıb. Bir vaxtdan sonra isə artıq öz mətnlərimi yazmağa başlamışam.


- Kimlərə qulaq asırsınız? İlhamlandığınız biriləri var?

- Əlbəttə. Rep musiqisini “old school” ifaçılar sayəsində sevdiyim üçün hələ də ağırlıqlı olaraq “old school” dinləyirəm. Tupak yaradıcılığını xüsusi vurğulamasam olmaz. Bununla yanaşı “new school” ifaçılara da qulaq asıb özüm üçün nümunələr götürməyə çalışıram. Türk və yerli ifaçıların işlərini də yaxından təqib edirəm.

- Azərbaycanda gənclər arasında bayağı sayılan musiqilər çox dinlənilir, buna münasibətiniz necədir? Sizcə, bu, nədən irəli gəlir?

- Azərbaycanda musiqi spesifik qruplar və leybllar sayəsində inkişaf etməkdədir, məncə. Bu, mənim məlumatlı olduğum və təqib etdiyim gedişatdır. Ancaq bayağı ifalar biz təqib etməsək də hər hansı bir yolla qarşımıza çıxır və tanış oluruq. Zənnimcə, bu vəziyyətin səbəbi bəzi insanların zövqlü musiqi ilə doğru zamanda tanış olmamasıdır. Zərərli vərdiş kimidir bu. Heç kim bəyənmir, ama baxırsan ki, bütün ölkənin gündəminə çevrilib. Və beləcə keyfiyyətli musiqilər diqqətdən kənarda qalır. Bütün bunlara baxmayaraq, yaxşı musiqi və onun dinləyiciləri çoxalmaqdadır.

- Bəs azrepdə vəziyyət necədir?

- Azrepdə vəziyyət olduqca yaxşıdır. Bu barədə uzun-uzadı danışmağa ehtiyac belə yoxdur. Yeni dalğalar və onların ərsəyə gətirdiyi yeni tərz musiqiləri ölkənin ümid yeri sayıram. Bu ölkədə hip-hopla məşğul olan insanlar tək özləri üçün çalışmırlar. Onlar, həmçinin, digər janr ifaçılarını da keyfiyyətli işlərlə təmin etməyi bacarırlar.

- Yeddi ildir yaradıcılıqla məşğulsunuz, amma “google search” edəndə haqqınızda demək olar, informasiyaya rast gəlmək olmur. Tanındığınız auditoriyanın kiçik olma səbəbi nədir?

- Səbəb, yəqin ki, bu işi böyük kütlə üçün etməmiş olmağımdır. Biz universitet vaxtımızda mahnıları daha çox universitetdaxili konsert və tədbirlərdə çıxış etmək üçün hazırlayırdıq. Yəni hədəfimiz kiçik olub bir vaxta qədər. Son illərdə isə artıq işin ciddiyyətinin fərqinə vardım və öz bacarığım da məni daha böyük kütlələrə xitab etməyə sövq etdi. İnanıram ki, bundan sonra NS adı çox yerdə hallanacaq.

- Hobbiləriniz nələrdir?

- Boş vaxtım olanda fərqli ifaçıların repertuarları ilə maraqlanıram, bu da hardasa musiqi fəaliyyətimin bir hissəsi sayılır. Bir də ki futbol.
 


- Mahnı sözlərinizi yazanda nədən ilhamlanırsınız?

- Birbaşa həmin ərəfədəki ruh halımdan asılı olur. İlham qaynağı bəzən gözəl bir mənzərə olur, bəzən hansısa xatirə, bəzən isə sümüyümə düşən bir melodiya.

- Peşəkar klip çəkdirib səs yazdırırsınız, aranjiman və s. də var Bunlar müəyyən vəsait tələb edir. Bəs o vəsaiti haradan alırsınız?

- Öz qazancımla qarşılayıram.

- Gələcək üçün planlarınız nələrdir? Albom çıxarmaq fikriniz var?

- Təxminən 7 ildir ki, yaradıcılıqla məşğulam, ancaq son 2 ildə gördüyüm işlər portfoliomda xüsusi yerə sahibdir. Əslində mən bir balaca fasiləli işləyirəm. Yenə müəyyən fasilədən sonra məhz bu ay işıq üzü görən “İki Yarımada” klipini də ilk professional işim sayıram. Çalışacağam ki, bu işlərin ardı-arxası kəsilməsin.

Son mahnımın adının “İki yarımada” olmasına gəldikdə isə, o mahnını yazanda mən Roma şəhərində idim. Məlumdur ki, İtaliya Apennin yarımadasında yerləşir. Bir növ mən mahnıda Apennin yarımadasını təmsil edirəm, mahnının həsr olunduğu şəxs isə Abşeron yarımadasını.

Bir neçə mahnıdan sonra albom avtomatik olaraq formalaşacaq.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri