22 
Okt
2019
20:54
18
125
5040
Virtual karabakh

Zülfiyyə və Murad Çingizin “Səs”dəki münsifliyindən danışdı: Biz də həyacanlıyıq, görək, necə alınacaq - VİDEO

22 Okt, 2019
20:54
5040

Zülfiyyə və Murad Çingizin “Səs”dəki münsifliyindən danışdı: Biz də həyacanlıyıq, görək, necə alınacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İctimai televiziya”da (İTV) yaxın aylarda start götürəcək “Səs uşaqlar” beynəlxalq musiqi yarışmasının münsiflər heyətinin kimliyi açıqlanıb.

Oxu.Az xəbər verir ki, münsif kürsüsündə Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər Murad Arif və Çingiz Mustafayev əyləşəcək.

Müsabiqənin hazırki hazırlıq mərhələsini və pərdəarxası məqamlarından xəbər almaq üçün Oxu.Az-ın əməkdaşı Zülfiyyə Xanbabayeva və Murad Ariflə əlaqə saxlayıb.

Hər iki münsif yarışma ilə bağlı fikirlərini bildiriblər:

Zülfiyyə Xanbabayeva: “Uşaqlarla çalışmaq çətin və məsuliyyətli olacaq. Onlara qarşı həssas olmalıyıq. Uşaqları sındırmamaq şərti ilə öz mövqeyimizi sərgiləyəcəyik. Çünki mənim də evdə bir qız övladım var. Yarışmaya təkcə paytaxdan deyil, eləcə də bölgələrimizdən istedadlı və bacarıqlı uşaqlar qatılacaqlar”.

Murad Arif : “Bu, mənim üçün həyatımın yeni bir mərhələsidir. Belə bir xəbəri eşitmək məni bir az da həyacanlandırdı. Xarakter etibarı ilə çox məsuliyyətli insanam.“Səs uşaqlar”da münsiflər heyətində olacağımı biləndə həyacanlandım. Çünki balacalar arasında seçim aparacağıq. Kimisə evə yollamaq, kimisə də yarışmada saxlamalı olacağam. Bu isə həm həssas, həm də məsuliyyətlidir. İnanmaq istəyirəm ki, nəticə yaxşı olacaq. Ən layiqlisi önə keçəcək.

İctimai televiziyanın əməkdaşları, kanalın musiqi departamentinin rəhbəri Leyla Əliyeva, Əməkdar artist Vüqar Camalzadə, rejisser Ülviyyə Könül, Ukraynanın “Səs” yarışmasının vokal müəllimi Rima Şafavalova bu aylarda Azərbaycanın bir çox bölgələrinə səfər edib, istedadlı uşaqları seçiblər. Onlar 500 uşağı dinləyib, 70 nəfəri təsdiqləyiblər. Biz isə həmin 70 nəfərin arasında seçim aparıb onları öz komandamıza qəbul edəcəyik. Hər münsif heyətinin komandasına 15-20 nəfər uşaq düşəcək. Bizlə bağlı mərhələ isə noyabr ayında başlayacaq. Seçim mərhələlərinin efir çəkilişləri olacaq. Həyacan içində gözləyirik”.

Sosial şəbəkələrdə gənc və istedadlı ifaçı Çingiz Mustafayevin yarışmada münsiflər arasında seçilməsi müzakirə predmetinə çevrilib. Bir çox izləyicilər Çingizi bu kürsüyə yaş və təcrübə baxımından layiq görməyiblər. Yarışmanın digər iki münsifi redaksiyamızın əməkdaşı ilə söhbətində izləyicilərdən fərqli olaraq Çingizin müdafiəsinə qalxıb, təriflər yağdırdılar:

Zülfiyyə Xanbabayeva: “Həm Murad Arifin, həm də Çingiz Mustafayevin arasında olmaq mənim üçün çox xoşdur. Hər ikisi çox istedadlıdır. Murad öz üzərində çox çalışır. Yətərincə savadlı bir gəncdir.

Çingizin Mustafayevə gəldikdə isə, o, peşəkar musiqiçidir. Çingiz gitarada məharətlə ifa edir. Əslində bu yaşla olan məsələ deyil. O, Azərbaycanı yüksək səviyyədə Avroviziya beynəlxaq mahnı yarışmasında layiqincə təmsil edib. Ümumiyyətlə, yeni layihə çıxanda izləyicilər tərəfindən birmənalı qarşılanmır. Münsiflər heyətinin üzvlərindən seçilməsi ilə bağlı narazı qalırlar. Kimsə bəyənir, kimsə də bəyənməyə bilər. Düşünürəm ki, “Səs uşaqlar” layihəsi seviləcək və uğurlu olacaq.

Murad Arif: “Bu mövzuda yaş faktoru önəmsənməməlidir. Digər ölkələrdə keçirilən “Səs” yarışmasının münsif heyətində əyləşən Polina Qaqarina, Dima Bilan, Murad Boz, Hadisə kimi müğənniləri də yaşlarına görə az tənqid etməyiblər. Amma bu yalnış addımdı. Nəzər alaq ki, bu beynəlxalq layihədir, münsiflər həm janrlarına, həm musiqi denyalarına, həm də yaşlarına görə fərqlənməlidirlər. Bu, layihənin əsas tələbidir. Münsiflər arasında fərqlilik olmalıdır ki, bizim müzakirələrimiz, bəzi məqamlarda yaranan mübahisələr də tamaşaçılara maraqlı olsun. İzləyicilərin yarısı istedadlı ifaçılar axtarmır, münsiflər heyətinin seçimini daha üstün tutur, digər yarısı da yeni səs, ifaları canlı şəkildə dinləmək istəyir. Yəni ki, münsiflərin düşüncələri onlar üçün çox önəmli və vacib məqamlardandır.

Çingiz adının arxasında böyük bir təcrübə var. Ölkədə keçirilən “Yeni Ulduz” yarışmasının qalibi olub. Müsabiqənin nə olduğunu isə Mustafayev çox gözəl dərk edir. Dəstəksiz, sponsorsuz, əlavə qüvvələr olmadan, öz barmaqları ilə tamaşaçıların könlünə yol tapan sənətçilərdəndir. Xarizmatik, simpatik bir ifaçıdır. Çingiz Ukraynanın “Səs” yarışmasında da uğurla çıxış edib. O, həm azərbaycanlı peşəkarlar, həm də əcnəbi mütəxəssislər tərəfindən aparılan müzakirələr nəticəsində münsif seçilib. Lisenziyalı layihə o deməkdir ki, burada hər şey əvvəlindən sonuna kimi çox peşəkarcasına hazırlanır. Biz də həyacan içindəyik, baxaq, görək, necə alınacaq”.

Qeyd edək ki, “Səs” beynəlxalq musiqi yarışmasının uşaqlar arasında keçirilməsi ölkəmizdə ilk dəfədir ki baş tutur. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri