Noy
2019
11:43
36
296
6696
Virtual karabakh

Şəhriyar Əbilov: Filmlərdə ehtiraslı səhnələrə çəkilərəm, amma pornoya yox - MÜSAHİBƏ

5 Noy, 2019
11:43
6696

Şəhriyar Əbilov: Filmlərdə ehtiraslı səhnələrə çəkilərəm, amma pornoya yox - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur aparıcı və şoumen Şəhriyar Əbilovun Oxu.Az-a müsahibəsi:

- Şəhriyar, başınız yeni filmə qarışıb. Filmdən savayı, nə işlər görürsünüz?

- Hazırda həmkarım Oksana Rəsulova ilə çəkildiyim “Sevgi romanı” adlı filmimizin hazırlıq işləri gedir. Ekran işi melodram janrındadır. İstəyirdim ki, bu janrda bir film olsun, gedim kinoteatrda izləyim. Çəkilən filmləri nəzərdən keçirsəniz, görərsiniz ki, ya dram, ya da komediya janrındadır.

Komediyaya baxmaqdan yorulmuşuq. Ucuz komediyalardan artıq tamaşaçı da yorulub. Hətta deyərdim ki, onlar pul verib belə filmləri izləmək istəmirlər. Yazar bir dostum var: Fariz Əliyev. Daha çox yumor janrında yazır. O deyir ki, bu il melodram janrı daha uğurlu olacaq. Çünki izləyicilər gəhrəman, sevgi, ehtiras, sonluğu yaxşı bitən ekran əsərlərini görmək istəyirlər.

Dram filmlərini izləmirəm, yüklənməyi sevmirəm. Əhval-ruhiyyəmi açan, motivasiya verən, doğru yola istiqamətləndirən kinolara daha çox meyillənmişəm.

- Bir ilə yaxın Türkiyədə qaldınız. Hamı sizin Azərbaycandan köçdüyünüzü söylədi. Sonra birdən-birə ölkəyə qayıtdığınızın şahidi olduq. Dedilər ki, Şəhriyarı Türkiyədə sayıb, yaxına buraxmadılar. “Yığıb-topladığı pulları isə orada batırdı” kimi məlumatlar yayıldı. Əslində, Türkiyədə nə baş verdi ki, yenidən vətənə qayıtmalı oldunuz?

- Bir il mənə kifayət etdi ki, beynimdə analiz aparım. Başa düşdüm ki, əgər sən Türkiyə vətəndaşı deyilsənsə, sənin şansın azdır. Onlar öz vətəndaşlarına daha çox üstünlük verirlər. Sən orada qalıb, onlardan biri olmaq üçün adını, soyadını, imicini və həyat tərzini dəyişməlisən.

Ən azı beş il orada qalmalısan. Bilirsiniz ki, mənim ikinci sənətim aparıcılıqdır. Gəlir mənbəyim isə toylar, banketlər, konsertlər və korporativlərdir. Türkiyədə qala-qala təyyarə ilə Bakıya uçub, tədbir aparmaq çətin məsələ idi. “Şəhriyar Türkiyədən gəlib məclis apara bilməz. Təyyarə birdən gecikər və toy qalar aparıcısız” kimi şərhlər eşidirdim. Bu kimi məsələlərə görə anladım ki, toyların sayı getdikcə azalmağa doğru gedir.

Orada da fikirləşdim ki, mənim qırx yaşım var. Türkiyəyə gəlmişəm sıfırdan başlamağa. 20-30 yaşım olsaydı, başqa məsələ. Elə bir yaşdır ki, beş ilimi bura sərf eləsəm, burada istədiyim nöqtəyə gəlib çatmasam və Azərbaycandakı bazarı itirsəm, vəziyyət pis olacaq. Amma şükürlər olsun ki heç nə itirmədim. Yaxşı əlaqələr qurdum. Aktyorluq kursları keçdim, nitqimi düzəltdim. Oradan da sifarışlər gəlir. Mənə uyğun bir şey olsa, çağıracaqlar.

Türkiyədə səkkiz ayda 35 min manat pul xərclədim. Çox bahalı şəhərdir. Baxmayaraq ki, gündəlik Bakıda daha çox pul xərcləyirəm, amma burada qazanırıq. Türkiyədə qazanmadığımız üçün pul sel kimi gedir. Ona görə qalırsan ortada.

Orada qaldığım müddətdə toylar, ad günləri apardım. Amma maliyyə buranın statusunda deyil. Verdikləri qonorar mənə sərf etmirdi. Azərbaycanlı ailələr yaxşı pul verirlər, amma türklər yox.

Mən Bakıda daha yaxşı qazanıram. Gəldiyim gündən 10 gün sonra bütün noyabr ayını toy sifarişləri ilə doldurdum. Yaxın aylarda filmimiz də çıxır. Oradan da gəlir əldə edəcəyəm. Bir sözlə, maliyyə baxımından vəziyyətim yaxşıdır.

- Bu qədər serial və filmlərə çəkilirsiniz, nə üçün heç bir teatrda çalışmırsınız?

- Teatrlardan birində çalışmağı çox istəmişəm. Tədbirlər, reklam çəkilişləri o qədər çox olur ki, qaçaqaça düşürük. Teatra rəsmən işə düzələndən sonra ştata düşürsən və artıq heç yerə gedə bilmirsən. Hər gün ağır məşqlər olur.

Aktyor üçün bu, çox yaxşıdır. Hər gün təcrübə keçirsən. Mükəmməlləşirsən, rolu canlandıranda da artıq dərindən hiss edə bilirsən. Kino aktyorları ildə bir dəfə filmə çəkilir, hər dəfə özünü bərpa etməlisən. Amma bir də var teatr aktyoru. Hər gün tamaşada çıxış edirsən və sən artıq peşəkar bir aktyora çevrilirsən.

Elə bunlara görə hər zaman teatr aktyorlarına paxıllıq hiss ilə yanaşmışam. Onlar səhnəyə çıxıb, oynadığı rolların öhdəsindən mükəmməl şəkildə gələ bilirlər. Tamaşaçı alqışı görüb-eşitmək isə aktyoru daha da həvəsləndirir. Vaxtın məhdud olması səbəbi ilə teatrlarla əlaqə qurmamışam.

- Son illər lentə alınan filmlərə diqqət yetirəndə, açıq-saçıq səhnələrin yetərincə çox olduğunun şahidi oluruq. İzləyicilər isə “Mentalitetimizə uyğun deyil” kimi şərhlərlə ekran əsərlərini tənqid edirlər. Açıq-saçıq, yataq və ehtiraslı səhnələrə çəkilmək təklifi gəlsə, reaksiyanız necə olur?

- “Fəxrəddin Manafov “Təhminə” filmində etiraslı və açıq-saçıq səhnələrə çəkilibsə, Şəhriyar nə çarədir ki, bu cür səhnələrə çəkilməsin. Böyük məmnuniyyətlə ehtiraslı səhnələrə çəkilərəm. Amma porno filmə yox. Bədii filmdirsə, yataq səhnələri varsa, oynayaram.

Mən aktyoram. Aktyor isə hər şeyi bacarmalıdır. Amma onu çəkən keyfiyyətli rejissordursa, sözsüz ki, razılaşaram. Tənqidlərə açıq bir insanam. Əgər tənqidlərə açığamsa, bir şeyə qərar verirəmsə, ondan əvvəl tənqidlərə də hazır olmalıyam.

- Həmkarınız Cavid Gül yaxın aylarda evlənəcəyini deyib. Siz də subay məşhurlardan birisiniz. Bəs siz subaylığın daşını nə vaxt atmağı düşünürsünüz?

- Fikirləşirəm ki, evlənmək üçün yaşın heç bir fərqi yoxdur. Müsəlman ölkələrinə baxanda görürük ki, hamısı tez evlənməyə can atır. Ailə qurmazdan öncə insan özünü formalaşdırmalıdır. Rahatlığını, şəraitini qurmalıdır. Bunlar olduğu təqdirdə sən qərar verirsən ki, bu insanı xoşbəxt edə bilərsən.

Evlənmək üçün maddiyyat çox böyük rol oynayır. Valideyinlərim artıq “nə vaxt evlənirsən?” kimi suallar vermirlər. Anam deyir ki, əgər sən xoşbəxtsənsə, sənə necə rahatdırsa, elə də yaşa. İnsanlar çox eqoistdir.

Onlar həyatda tək qalmamaq üçün evlənirlər. Burada yenə də insan özünü fikirləşir. Mən isə özümü fikirləşirəm, mənə belə rahatdır. Nə vaxtsa evlənəcəyəm. Bu məsələlərin önünü alan deyiləm. Sevmək sifarişlə deyil.

Mənim gizli həyatım hər zaman var. Gizli həyatım haqqında danışmıram. Ola bilsin ki, bir insanla həyatımın sonuna kimi birlikdə yaşayım, amma toy etməyim. Yəni bu da ola bilər.

- “Instagram”da kifayət qədər aktivsiniz. Xanımlardan intim təkliflər aldıqda onlara verdiyiniz cavab müsbət, yoxsa mənfi olur?

- Daha gənc olanda ürəyimə yatan qız olurdu, xoşuma gəlirdi, yazışırdıq, gedib görüşürdüm. Flirt etməyi çox sevirdim. İndi amma o dövr deyil. Artıq “direkt”imə gələn mesajlara nəinki oxumaq, heç fikir belə vermirəm. İnandırım ki, heç enerjim belə yoxdur elə şeylərə.

40 yaşım var, sağlam bir kişiyəm. Hər şey ola bilər. Mən ağıllı qadınları çox sevirəm. Özünü ağıllı aparmayan ağıllı qadınlara düşkünəm. İntellektual səviyyəsi olan, özünə hörmət edən, heç vaxt düşük-düşük və ucuz sözlərdən istifadə etməyən qadınlardan xoşum gəlir. Yazdıqları SMS-dən belə hiss etmək olar ki, xanım hansı səviyyədə və tərbiyədədir.

Ona görə də hər zaman seçim edirəm. İntim təkliflər də alıram. Bir də görürsən ki, elə iyrənc SMS-lər gəlir ki, adam oxuyanda iyrənir. Elələrini bloka atıram.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri