Noy
2019
11:45
83
135
7189
Virtual karabakh

“Zarafat-Zarafata”nın aparıcısı: Porno film çəksəydim, baş rolda Hüseyn Əzizoğlu olardı - MÜSAHİBƏ

8 Noy, 2019
11:45
7189

“Zarafat-Zarafata”nın aparıcısı: Porno film çəksəydim, baş rolda Hüseyn Əzizoğlu olardı - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şən və Hazırcavablar” Klubunun üzvü, “Zarafat-Zarafata” layihəsinin ssenari müəllifi, aktyor Emil Musayevin Oxu.Az-a müsahibəsi:

- “Planet Parni iz Baku”, yoxsa “Zarafat-Zarafata”?

- Təbii ki, “Planet Parni iz Baku”. Çünki oradan başlamışam. Hər şeyin kökü oradır. Bu, sevgi kimidir (gülür).

- Niyə “Planet Parni iz Baku” ilə televiziya kanalları arasında qarşıdurma yarandı? Bizim bilmədiyimiz məsələlər var?

- “Planet Parni iz Baku” sözün hər zaman düzünü, vacib olanları deyirdi. Televiziyaları isə belə şeylər sərf eləmir. Çünki onlara reytinq, reklam, ucuz şeylər lazımdır. Belə məsələlərə görə onların sözləri üst-üstə düşmürdü. Bir-birini sevmirdilər. Qadağa aradan götürülüb. Tahir İmanov telekanallara ad qoyub - “Telekanalizasiya”. “Planet Parni iz Baku”nun çıxışlarına icazə vermirdilər, xoşlarına gəlmirdi. Hazırladıqları səhnəciklər iynə olub gözlərinə batırdı.

- Bizim telekanallarımız “Telekanalizasiya”dır?

- Bəli, “Telekanalizasiya”dır. Çox pisdir. Nəzərdə tutulandan da bərbad vəziyyətdədir. Kanallarımıza diqqətlə nəzər yetirəndə, açıq-aydın görmək olar ki, yaxşı şeylərin təbliğatı aparılmır. Marifləndirici və intellektual verilişlərin sayı sıfıra bərabərdir. Ancaq ucuz şoularla tamaşaçıların başını qatırlar.

Reytinq xətrinə qalmaqallara, dava-dalaşlara efirlərdə daha çox zaman ayırırlar. Biz, ailəmiz, uşaqlarımız telekanallara baxanda nə örnək götürə bilərik? Heç nə. Bizim tamaşaçılarımız da qalmaqala meyillidir. Sükan televiziyanın əlindədir. Nəyi versələr, tamaşaçı da ona baxacaq. İzləyicinin başqa seçimi yoxdur. Verilən nədir? Hə, budur. Düşünürəm ki, telekanalların problemləri çoxdur.

- “Zarafat-Zarafata” gələn qonaqlarla pis və ya yaxşı zarafatlar edirsiniz. Heç olub ki, etdiyiniz “zarafat” qonağın xətrinə dəyib və verilişi tərk edib?

- Xətirlərinə dəyən zarafatlar olur. Hətta proqramdan sonra zəng vurub bizi təhdid edənlər də olur. Deyirlər ki, “Siz kimsiniz ki, belə zarafatlar edirsiniz? Zarafatı silin oradan, yoxsa sizin üçün pis olar”. Amma başa düşməlidirlər ki, bu, sadəcə, zarafatdır. Təbii ki, yaxşı və müsbət qəbul edənlər də var.

- “Zarafat-Zarafata”da qonaqlarla zarafat edirsiniz, yoxsa ələ salıb, məsxərəyə qoyursunuz?

- Baxır vəziyyətə (gülür). Zarafat etdiyimiz də olur, məsxərə qoyub, ələ saldığımız da. Heç vaxt tam bir mövqə tutmamışıq. Adamına görə dəyişir. Hamı bir-birini tanıyır. Kimin yaxşı, kimin pis olduğunu hamı bilir. Məsxərəyə salınası adamlar kimdir?! Bizdə ona uyğun hərəkət edirik.

- Sizin qonaqlara etdiyiniz zarafat və məsxərələri sizə etsələr, xoşunuza gələr?

- Düz etsələr, hə. Bunu mən artıq tənqid kimi qəbul edərəm. Öz üzərimdə işləyib, belə səhvlərə bir daha yol vermərəm. Yenə təkrar edirəm, əgər söhbət düzdən gedirsə.

- “Zarafat-Zarafata”nın məqsədi və cəmiyyətə ötürdüyü mesaj nədən ibarətdir?

- Əyləncə xarakterlidir. Zarafatlarda düşündürücü şeylər də olur. Məsələn, monqollarla bağlı bir zarafatımız var. O zarafat bomba effekti yaratmışdı. Hamı “caps” edib paylaşmışdı. Monqollar Azərbaycana üç dəfə yürüş edib. Bu kiminsə şüuraltında qalsın deyə maraqlı bir zarafat etdik. Məqsəd əyləndirə-əyləndirə düşündürmək, öyrətməkdir.

- “Zarafat-Zarafata”da yaş senzi var?

- Proqram 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. O da verilişə qatılan qonaqlara şamil olunur. Baxanlar üçün heç bir problem yoxdur. Çünki verilişə ailəvi də baxmaq olar. Hər yaşdan olan şəxslər proqramı izləyə bilər.

- Sözügedən verilişdə tez-tez porno aktyorları yada salıb, onlardan sitatlar gətirirsiniz. Bu pornosənayeyə sevginizdən irəli gəlir, yoxsa insanların tələbatının çoxluğundan?

- Pornonu sevən auditoriya var. Porno filmlərə çəkilən aktyorları da yetərincə tanıyırlar. Sosial şəbəkələrdə səhifələrimizvar, orada məşhur porno ulduzlar barədə zarafatlar, “capslar” paylaşılır. İnanın səmimiyyətimə, bu səhifələrin və paylaşımların yetərincə auditoriyası var. Bu, təbii ki, zarafatyönümlüdür. Verilişimizdə pornonun təbliğatını aparmırıq.

Bəzən bir şey olur ki, insana bu işi eləməməyi deyirsən, onu zarafatla edirsən və insan oradakı mesajı anlayır və şüuraltına yeridir. Porno həvəskarı deyiləm (gülür). Sadəcə, bu yöndə insanları maarifləndirmək lazımdır. 

- Erotika, yoxsa porno?

- Sözsüz ki, erotika. Çünki daha estetikdir.

- Bir rejissor kimi, porno film çəkmək kimi ideyanız olsa, hansı yerli məşhuru həmin ekran işinə çəkərsiniz?

- Keçən il “Planet Parni iz Baku”nun teatrında “AzTV-də ilk erotik film”i canlandırdıq. Həmin səhnəcikdə gənc Kamil obrazında mən idim. “AzTV-də erotik film necə çəkilər”i göstərdik. Gülüşlə qarşılandı. Porno film lentə alsaydım, baş rolda Hüseyn Əzizoğlunu çəkərdim (gülür).

Ümumiyyətlə, bu kimi filmlərin Azərbaycanda çəkilməsi real görünmür. Çünki ölkə olaraq biz buna hələlik hazır deyilik. Çəkilsə, qınayarlar, təhdid, təhqir edərlər. Amma çəkilsə, izlənmə sayı rekord qırar. Biz axı sarkazm cəhətdən çox öndəyik. Tənqid və təhqir etsək də, baxarıq. Reaksiyalar birmənalı olmasa da, sevə-sevə baxılar.

- Videolarınıza kim baxır?

- Qadın izləyicilərim azdır. Hardasa 18-20 faiz. Qalaları kişilərdir. Videolarımı izləyənlər arasında rütbəli şəxslər və məmurlar da var. Bir dəfə demişdilər ki, səni izləyirik. Mən də cavab olaraq dedim, yaxşı xəbərdir, yoxsa pis xəbər?! (gülür) Onlar isə söylədilər ki, videolara baxırlar, belə də davam edim. 

Dedilər ki, “Zarafat-zarafat” kimi layihəyə ölkənin ehtiyacı var. Bizim layihəmiz, həqiqətən, həm bəyənildi, həm də uğur qazandı. Hətta məni, Əlixan Rəcəbovu və Fuad İskəndərovu Sabunçu Gənclər Evinə dəvət etdilər. Orada 300 nəfərdən artıq gənclə görüşüb, maraqlı söhbətlər etdik. Bacardığımız gədər onlara istiqamət verməyə çalışdıq.

- Verilişinizin formatını dəyişmək niyyətiniz var?

- “Zarafat-Zarafata”nın formatını saxlayacağıq, amma qonaqlarımız daha da populyar simalar olacaq. Son aylar cəmiyyətimizdə qadınlara qarşı aqressiya həddən çoxdur. Belə bir qənaətə gəldik ki, məşhur xanım sənətçiləri verilişə dəvət edək. Zarafatı sevən dörd xanımı çağırıb, onlarla həm söhbət, həm də müzakirə aparacağıq. Bu, cəmiyyətə “Hamımız bərabərhüquqluyuq” mesajı ötürməkdir.

Murad Arifi, Röya Ayxanı və Miri Yusifi üçlükdə verilişimizə çağırmaq fikrimiz var. “Planet Parni iz Baku”nun ağsaqqaları gəlib, bizə “xeyr dua” verəcəklər. “Bu şəhərdə”nin kollektivi də qonağımız olacaq. Türkiyədən də qonaqlarımız gələcək. Onlarla Türkiyə -Azərbaycan zarafat qarşıdurması etməyi nəzərdə tutmuşuq.

- “Planet Parni iz Baku” ilə “Bu şəhərdə”nin arasında nə kimi fərqlər var?

- “Planet Parni iz Baku”nun auditoriyası “Bu şəhərdə”nin auditoriyasından daha azdır. “Bu şəhərdə”nin götürdüyü auditoriya məişət zəminindədir. “Planet Parni iz Baku”nun auditoriyasl isə məmurlar, dövlət adamlarıdır. İş olaraq hər ikisi eyni səviyyədədir. Camaat tərəfindən “Bu şəhərdə” daha çox sevilir. İş adamları tərəfindən isə “Planet Parni iz Baku”.

- Zarafatın şitini çıxaranlar kimlərdir?

- Zarafatın nə olduğunu bilməyən insanlar. Əgər bu işi görürsünüzsə, gülməli olanı dərk etməlidirlər. Gülməyin harada başlanıb, harada bitdiyini anlamalıdırlar. Bu, psixoloji bir məqamdır. Özünü gülünc hala salmaq, klounluq etmək, tullanıb-düşmək, yerə yıxılmaq, şillə-təpik vurmaq, söyüş söyməklə zarafat etmək heç bir halda gülməli bir şey sayılmır. Bunlar şitlikdən başqa bir şey deyil. Normal bir gedişatı dəyişdirdikdə bu, gülməli olur. Güldürməyi bacarmaq da savad tələb edir. Oxumaq, araşdırmaq lazımdır.

- Amma həm “Planet Parni iz Baku”, həm də “Bu şəhərdə” söyüş də söyür, tullanıb-düşür də lazım gələndə klounluq da edir...

- Sarkazm, sətraltı məqamlar var. Əgər səhnəcik söyüş söyməyi, təpik atmağı tələb edirsə, etmək olar. Əgər tamaşaçını güldürmək üçün bunlar edilirsə, təbii ki, bu, yolverilməzdir, şitlikdir.

- Videobloqer həmkarlarınız arasında kimin çəkdiyi videolar tənqid olunur və artıq insanlar tərəfindən qıcıqla qarşılanır?

- Təbii ki, bu, Hüseyn Əzizoğludur. Ən pisi və iyrənci də elə Hüseynin özüdür. Hüseyn çəkdiklərinə görə təhqir olunsa da, onun videoları izlənmə rekordu qırır. Videoları yarım milyondan çox baxış toplayır. Burada təzadlı fikirlər çoxdur.

Problem kimdədir, insanlarda, yoxsa Hüseyndə? Bunu anlamaq olmur. Paradoks məqamlar yaranır. Hüseynin özünə şit olduğunu dəfələrlə demişəm. O, şit olduğunu və bu cür videoların insanlar tərəfindən sevildiyini bildirir.

Bizim insanlarda bir düşüncə var, əgər yumoristsənsə, bütün gün zarafat edirsən, deyib-gülürsən, əylənirsən. Yolda gedirəm, polis saxlayır, çəkdiyimiz videolardan sitat gətirir, başlayır zarafat edib gülməyə. Başa düşürəm, izləyirsən, amma mənim də milyon problemim var. İzləyicilər gərək anlasın ki, hər şey efirdə göründüyü kimi əyləncəli və ideal deyil.

IQ səviyyəsi aşağı olanlar özünü Hüseyn Əzizoğlunun videolarında tapır. Azərbaycanda gərək bayağı videolar çəkərəsən ki, ona baxsınlar. Bayağılığa meyillənməsən, ac qalarsan. Yaxşı və keyfiyyətli işə nə baxan var, nə də qiymət verən. Camaat deyir ki, biz yaxşı şey izləmək istəyirik, amma inanın, baxmırlar. Yaxşı axtaran 800 min dəfə Hüseynə baxmaz. Statistikaya görə, Hüseyn Azərbaycanda videoları ən çox izlənilən şəxsdir. Əgər baxırlarsa, demək, problem özümüzdədir. Tələb edirlər, o da təklif edir.

- Zarafat formatında çəkilən videoların qəhrəmanlarını el içində “təlxək” adlandırırlar. Siz “təlxək”siniz?

- Təlxək tənqid yox, təhqirdir. Bizdə tənqidlə təhqiri ayıra bilmirlər. Tənqid etmək tənqidçilərin işidir. Bəyənmirsənsə, bəyənmə. Təhqir etməyə heç belə halda ixtiyarınız yoxdur.

- Ölkəmizdə kinematoqrafiya ilbəil inkişaf edir. Xarici ölkələri götürsək, onlar çəkdikləri filmləri müxtəlif yarışmalara, festivallara yollayırlar. Baxmayaraq ki, Azərbaycanda hər mövsüm yeni filmlər təqdim edilir, amma bizdə bu tendensiya nədənsə gözə görünmür. Səbəb nədir?

- Sizin sayta özəl olaraq açıqlayım ki, komandamızla birlikdə “Kann festivalı”na hazırlaşırıq. Ora gedən olsa da, qalib gələn olmayıb. “Hər şey ideyadan başlayır”. Əsas ideyadır. Azərbaycanda film çəkmək üçün o qədər də güclü texnika yoxdur. Amma yaxşı ideya olsa, mötəbər festivalda qalib gəlmək mümkündür. Qısametrajlı sənədli film olacaq. Çarəsiz insan haqqındadır. Normal insandır, amma cəmiyyət onu anormal istiqamətə yönləndirir.

Maraqlı bir ssenarisi var, qışı gözləyirik ki, havalar daha da soyusun. Filmi lentə alıb, göndərəcəyik “Kann festivalı”na. Müsbət nəticə əldə etməyimizə ümidliyik. İlk dəfədən qalib olmağı düşünmürük, ən azından niyyətimiz var. Avropada prodüser tapdıq. O, bizi yönləndirəcək. Çünki festivalda əsas yükün bir hissəsi prodüserin çiyninə düşür. Artıq razılaşmışıq. Festivala çəkdiyimiz filmin büdcəsi azdır. Gücüm 3-4 min manata çatır, elə büdcə də o qədərdir. Aktyorlardan tutmuş texniki işlər görənlərə kimi, hamısı dostumdur. Ən çox pul rekvizitlərə xərclənəcək.

Bununla yanaşı, daha bir film üzərində işləyirik. Ekran işinin ssenari müəllifi və rejissoru özüməm. Komediya janrındadır, sırf Azərbaycan bazarı üçün nəzərdə tutulub.

- Gəlir mənbəyiniz haradır?

- Hazırda çalışdığım “Cavan” TV-dən maaş alıram, bir də şəxsi “Instagram” hesabımdan da qazanıram. Amma reklam xarakterli postları səhifədə deyil, yalnız “Hekayə” bölümündə paylaşıram. Bir post “Hekayə”də 24 saat qalır, qiyməti isə 200 manatdır. 18+ məhsulların satışı, mərc oyunları və qumarla bağlı məlumatları heç vaxt paylaşmıram. Çulumu sudan çıxarıram. Xərclərim qazancımı üstələyir.

- Son aylarda Azərbaycanda zorakılıq faktlarının sayı çoxalıb. Qadınlar həyat yoldaşları tərəfindən şiddətə məruz qalırlar. Leyla Abdullayevanın uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə əri tərəfindən öldürülməsi cəmiyyətdə şok effekti yaratdı. Kişilərin qadınlara qarşı aqressiyası nədən qaynaqlanır?

- Hər şeyin kökündə təhsilsizlik dayanır. Vaxtilə çalışırdılar ki, qızlar oxumasın, təhsil almasın və tez ərə getsin. Əslində, oxumuş qadın gələcəyi inkişaf etdirəndir. Çünki təhsilli qadın öz övladına düzgün tərbiyə verir, yararlı bir vətəndaş yetişdirir.

Təhsil yaxşı olsa, belə faktlarla rastlaşmarıq. Normal kişi qadına qarşı bu dərəcədə zorakılıq nümayiş etdirməz. Bu, normal insanın hərəkəti deyil. Bəlkə, psixoloji problemləri olub. Türkiyədə də belə hallar müşahidə olunur. Onlarda vəziyyət daha pisdir.

- Həmin cinayəti törədən şəxsə hansı cəza verilməlidir?

- Onun edam olunmasını və ya ömürlük həbs olunmasını istərdim. Çünki bu cinayəti törədəni bağışlamaq olmaz.

- Son beş ildə ölkəmizdə lentə alınan film və serialları təhlil etməyinizi istəyirəm. Bu sahədə hansı çatışmazlıqlar var? Niyə hələ də tamaşaçılar kinoteatrlarda yerli filmləri deyil, daha çox əcnəbi ekran əsərlərini izləməyə meyillidir?

- Serial və film sənayesində problemlər kifayət qədərdir. Məsələn, görürük ki, bu film bayağıdır. Rejissorlar baxıb, dərs götürməlidir. İnkişaf da belə olur. Maddi çatışmazlıqlar da çoxdur. Aktyorların hər hansısa rola təyin olunmalarında da problem var. Onların məvaciblərində çatışmazlıqlar var.

Bir də görürsən ki, aktyoru səhər tezdən çağırırlar çəkiliş meydançasına, orada əlinə ssenarini verirlər, deyirlər ki, “oyna”. Aktyora verilən qonorar az olduğundan bir işi buraxır, qazancı daha çox olan işə yönəlir.

Aktyor gündəlik min manat almalıdırsa, ona 50 manat verirlər. Məcbur qalıb, başqa variantlara əl atır ki, özünü və ya ailəsini daha yaxşı dolandıra bilsin. Belə olan təqdirdə keyfiyyət aşağı düşür. Sonda biz məğlub oluruq.

Çəkilən filmlər arasında ən mənasız və ən pis ekran işi “My name is İntiqam”dır. Bu, mənim subyektiv fikrimdir. Ən yaxşı film isə İlham Qasımovun lentə aldığı “Oğlan evi – 1” və “Ağanatık”dır. Hər iki filmdə zarafatlar yüksək səviyyədə idi, həm də texniki baxımdan çox uğurlu idi.

- İlkin Həsənli film sənayesində kifayət qədər uğurlu layihələr təqdim edir. Çəkdiyi ekran işləri sevilir. Onun film sektorunda fəaliyyətini necə qiymətləndirirsiniz?

- Texniki tərəfdən çəkdiyi filmlər əladır. Rekvizitlərdən tutmuş, səs və görüntü effektlərinə kimi hər şey yerindədir. Amma aktyor və ssenari işi çox zəifdir.

- Teatrda hansı islahatlar aparılmalıdır ki, tamaşaçılarda bu sənət növünə maraq artsın?

- Əsas problem səhnəyə çıxarılan əsərlərdədir. Yeni əsərlərin yazılması sıfıra bərabərdir. Bir neçə dəfə gedib izləmişəm, hamısı köhnə əsərlərdir. Adam nə qədər “Koroğlu”nu, “Nəsimi”ni, “Leyli və Məcnun”u oynayar? Təzə əsər yazmaq istəmirlər.

Nə qədər eyni əsərlərə baxmaq olar? Ona görə də tamaşaçılar teatrlara getmirlər. Nə zaman ki yeni və maraqlı əsərlər yazılıb teatrlaşdırılacaq, o zaman tamaşaçıların teatrlara getmək istəkləri çoxalacaq. Teatr işçiləri gərək yaxşı məhsul versinlər ki, bizdə ora getməyə maraq olsun.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri