12 
Noy
2019
17:42
39
431
7147
Virtual karabakh

Aygün Kazımova ilə duet oxuyan Rauf: Füzuli İraq şairidir, Nəsimi isə Azərbaycan - MÜSAHİBƏ

12 Noy, 2019
17:42
7147

Aygün Kazımova ilə duet oxuyan Rauf: Füzuli İraq şairidir, Nəsimi isə Azərbaycan - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc və istedadlı, tanınmış müğənni Raufun Oxu.Az-a müsahibəsi:

- Rauf, sənətə bu qədər ara verməyinin səbəbləri nədir?

- Sonuncu dəfə efirə “Maşın” şouda çıxmışam. İl yarımdır ki, efirlərə çıxmıram. Üzərimdə işləyirəm. Efirlərdə, gördüyünüz kimi, inkişaf gedir və bu prosesdə iyrəncliklər çox olur. İndi məni televiziyada qanə edən nüanslar çoxdur. Yaxşılığa doğru gedir. Biz bu mərhələni keçməli idik.

Verilişlərə çıxmamağımın səbəbi isə əlimdə yaxşı materialın olmaması ilə əlaqəli idi. Həm də insanda deyiləcək söz olmalıdır. Sözüm yoxdursa, çıxıb nə danışım? Tamaşaçını da darıxdırmaq lazımdır. Mən isə bu effekti qoruyub saxlamağa çalışıram. Efirlərdən küsməmişəm. Gələn il ancaq istirahət etmək istəyirəm. Beynimi təmizləyim. Dincəlmək lazımdır.

- Xalq artisti Aygün Kazımova ilə ard-arda duetlər yazdırıb, kliplər çəkdirdiniz. Davamı olacaq?

- Xalq artisti Aygün Kazımova ilə yeni duet lentə almışıq. Bəstəkar Aygün Səmədzadənin yeni əsərini oxumuşuq. Aygün xanım sevgidən danışır. Amma mənim fikirlərim tamamilə başqadır. İnsanların mənfi keyfiyyətlərini daha qabarıq şəkildə nümayiş etdiririk.

Bəstəkar insanların daha qlobal problemlərini düşünür. İki insanın arasında olan “ay sən məni gözləmədin, ay sən məni sevmədin” kimi primitiv motivlər yoxdur. Aygün Kazımova ilə yenidən duet oxumağımız isə məni çox sevindirir. Mahnı tam hazırdır. Fevralda onu təqdim edəcəyik. Amma klip çəkdirməyəcəyik.

- Aygün Kazımova sizinlə duet ifa etdikdən sonra müğənni Rəsul Əfəndiyevlə də bir araya gəlib, bərabər mahnı oxudular. Kənardan izləyib köks ötürüb, Aygünü Rəsula qısqandınız?

- Qısqanclıq olmadı. Bu, incəsənətdir. Əgər onların etdiyi layihə keyfiyyətlidirsə və uğurludursa, mən nəyə görə qısqanmalıyam. Əksinə sevindim. Aygün xanım məndən əvvəl başqa kişi sənətçilərlə duetlər ifa edib.

Mənim ilk duet həmkarım Aygün Kazımova olub. Sabah biz Aygün xanımla birlikdə ola bilərik, birisi gün sən başqası ilə ola bilərsən. Beyni saxlamaq mümkün deyil, o hər zaman inkişaf edir.

- Aygün Kazımova ilə duet ifa etdikdən sonra digər sənət yoldaşlarınızdan “Gəl, mənimlə də duet oxu” kimi təkliflər gəldi?

- Mən dueti pulla oxuyuram. Mahnının, klipin pulunu ödəsin, duet oxuyum. Təkliflər kifayət qədərdir. Minimum 10 min manat klipə, müəyyən miqdarda da mənə pul ödəməlidir. Çünki ortalığa material qoymalıyıq. Belə “ay sən mənim tanışımsan, gəl, gedək, duet oxuyaq” kimi şeylər alınmır.

İki musiqiçinin bir yerdə birləşməsi daha böyük qüvvə olur. Məsələn, biz birləşib bir mahnı buraxdıq və o, zəif olsa heç nə... Mahnını da görüntü ilə təqdim etmək mütləqdir. Necə ki biz Aygün xanımla mahnını ekranlaşdırdıq və partladı. 

- Sənət yoldaşlarınızın bir çoxu dahi şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədər bir-birinin ardınca müxtəlif layihələr təqdim etdilər. “Instagram” hesabınızda Nəsimi obrazında görüntülər paylaşmısınız. Siz də “qonşudan qalma geri” prinsipinə əməl etmisiniz?

- Yaxın aylarda daha bir möhtəşəm layihə təqdim edəcəyəm. Bu layihə isə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədardır. Mahnıda Məhəmməd Füzuli ilə İmadəddin Nəsiminin duetini yaratmışam. Bir sözlə özüm özümlə duet etmişəm. Füzuli İraq şairidir, Nəsimi isə Azərbaycan.

Füzulinin “Vətənimdir”i ilə Nəsiminin “Etməgil”ini bir mahnıya sığışdırmışam. Yəni ədəbiyyat, teatr və musiqi... Özüm Füzulini oynamışam. Biri var şairin sözünü oxuyasan, biri də var şairi oynayasan. Burada ikiqat effekt var.

Düşünürəm ki, tamaşaçıların da zövqüncə olacaq. Ədəbiyyat və hip-hop... Fərqlilik olsa da, maraq yaradacağına əminəm. Bu layihəni artıq ekranlaşdırmışıq. Çəkilişlər Bakıda baş tutub. Nəsimi ilə Füzuli obrazını klipdə canlandırmışam. Bir gün Nəsimini, ikinci gün isə Füzulini çəkdik. Bu eqoizminin maksimumudur. Efirə çıxıram və özüm-özümlə duet etmişəm. Mənim üçün bu layihənin bomba kimi partlamağı lazım deyil. Mənim üçün xüsusi kateqoriya var. Vətən və ölkə üçün çalışıram. Klipdə çox maraqlı bir kadr var. Demək, Füzuli qara “Gelandewagen”ə əyləşib, şəhəri gəzir. Füzuli Nəsiminin evinə gəlir. Çünki onun 650 yaşı tamam olur.

- Həmkarlarınınız son aylar çəkdirdikləri klipləri necə qiymətləndirirsiniz? 

- Həmkarlarımın son kliplərinə nəzər yetirəndə deyə bilərəm ki, pis deyil. Hər cür kliplər var. Röyanın kliplərinin keyfiyyəti yüksək səviyyədədir. Samir Piriyev maraqlı bir klip çəkdirdi. Bala-bala hərə bir tərəfdən çalışır. İnkişaf göz önündədir. Sadəcə müğənnilər bloqerlərlə savaşır ki, “Youtube”da onların oxuduqları daha çox dinlənilir və izlənilir.

Ay qardaş, bloqerlər sosial şəbəkələrdən, baxış saylarından pul qazanır. Bu da onun işidir. O, səndən, təbii ki, öndə olacaq. Müğənnilər gərək bloqerlərlə bu məsələlərə görə dalaşmasın.

- Artıq üçüncü ildir ki, Azərbaycan sənətçiləri “Altın kelebek”in namizədləri sırasındadır. Bu il namizədlər arasında kişi müğənniləri də var. Nə əcəb sizin adınız namizədlər arasında yoxdur?

- Mən də “Altın Kelebek”in namizədləri sırasında idim. Məni də çağırdılar ki, bu mükafatlanmada iştirak edim. Amma iştirakdan imtina etdim. Artıq kimin qalib gələcəyi də bəllidir. Mənim gedib orada üçüncü yerdə durmaq deyə nə fikrim, nə də niyyətim var. Əgər “Altın Kelebek”i verirlərsə, mənə versinlər.

Çünki mən özümdən əminəm ki, türkləri təəcübləndirə bilərəm, güclü ifaçıyam. Ajda Pekkan neyləyir o “Altın Kelebek”i? Ona həmin mükafatı nə qədər vermək olar. Onları sözün həqiqi mənasında təəccübləndirmək lazımdır. Bizim ulduzlar oraya pul töksələr də, təəccübləndirmək başqa şeydir.

Ona isə bacarıq və istedad lazımdır. Biz kiminsə qalib gəlməyinə ancaq sevinməliyik. Çünki bu hamımızın uğurudur, baxmayaraq ki, o, qazandığı mükafatı öz evində saxlayacaq. Türkiyə şou-biznesi başqadır. Burada qardaş məsələsindən söhbət gedə bilməz.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri