Dek
2019
13:32
74
47
3482
Virtual karabakh

Əməkdar artist: “İkinci bahar” həyatımda olmadı, onu basdırıb, qoydum bir kənara - FOTO

9 Dek, 2019
13:32
3482

Əməkdar artist: “İkinci bahar” həyatımda olmadı, onu basdırıb, qoydum bir kənara - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mən şəxsi həyatımı sənətimə qurban verdim. Heyflər olsun! Çox peşmanam.

Bu sözləri Əməkdar artist Nahidə Orucova Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

Sənətçi eşq və məhəbbət məsələlərini basdırıb, kənara qoyduğunu bildirdi:

“Bu sənətə ailəmi qurban verdim. Ailəmi buraxıb, sənətdən yapışdım. Amma nə yaxşı ki tək deyiləm, yanımda bir qızım var. Həyatımın “ikinci bahar”ı olmadı, onu basdırıb, qoydum bir kənara. Mən hər zaman sevib-sevilirəm. Bu isə məni və mənim sənətimi yaşadır”.

Əməkdar artist hələ də qarşı cinsin nümayəndələrindən eşq təklifləri aldığını səmimi şəkildə etiraf etdi:

“Sevgi və evlənmək təklifləri gəlir. Gəlməlidir də, qadın deyiləm? (gülür) Amma “yox” cavabı verirəm. Ürəyimcə olan adam yoxdur. İnsanın həyatında bircə dəfə sevgi olur. O sevgi də mənim həyatımda oldu, bitdi. Mən bütün sevgimi qızıma verirəm. Mənim sevgim qızım və səhnədir”.

Nahidə qızını Xalq artisti Fidan Qasımovanın oğluna ərə verməsi mövzusu ətrafında yaranan sualları bu cür cavablandırdı:

“Vaxt və qismət bu günə imiş. Artıq bu mövzu ətrafında danışmaq istəmirəm”.

Gündən-günə arıqlayan Nahidə Orucova bəzi obrazlara uyğun gəlmədiyini söylədi:

“Xarici görünüşüm, gördüyünüz kimi, çox dəyişilib. Artıq bəzi obrazlara uyğun gəlmirəm. Gözləyirəm ki, mənə “xaricdən gələn bir qadın” və ya “iş xanımı” obrazını canlandırmaq kimi təklif gəlsin. Elə bir rol gəlsə, canla-başla ifa edərəm”.

“Deyilənə görə, anoreksiya xəstəliyindən əziyyət çəkirsiniz” sualına Əməkdar artistdən sərt təpki gəldi:

“İraq olsun! Allah göstərməsin! Hamı bilir ki, mədə ağrısından əziyyət çəkirdim. Bu ağrıdan qurtulmaq üçün cərrah bıçağı altına uzandım. Həm də xeyli çəki atdım. Amma xəstə olmağımla bağlı yayılan məlumatlar həqiqəti əks etdimir.

Yeməyimə diqqət edirəm. Əvvəlki kimi basıb-yemirəm. Biş-düşü çox sevirəm və qurmanam. Kim yaxşı bişirirsə, yaxşı da yeməyi bacarır. Hamı əlimin duzuna bələddir. Yeməyimi çox azaltmışam. Az-az yeyirəm”.

Son günlər şəxsi həyatı ilə gündəmə gələn cazibədar aktrisa Pərvin Abıyevanın aktyorluq qabiliyyətindən danışan N.Orucova gənc həmkarını bəyəndiyini bildirib, ünvanına xoş sözlər yolladı:

“Gənc aktyorları izləməyə o qədər zamanım yoxdur. Sosial şəbəkələrdən onların səs-sorağları gəlir. Pərvin Abıyevanın xətrini çox istəyirəm. Onunla “Sonuncu bahar” serialında çəkilmişəm. O, mənim qızımı canlandırırdı. Orada mən Pərvinin istedadına və bacarığına bir daha şahid oldum.

O zaman Pərvin peşəkar aktrisa deyil, həvəskar idi. İndi isə o peşəkarlaşıb. Onun çox böyük aktyorluq qabiliyyəti var. Heç kəsin şəxsi həyatı məni maraqlandırmır. Mən qalmaqalları sevməyən bir insanam. Cavanları hər zaman dəstəkləyirəm. Çünki onları çox istəyirəm. İstərdim ki, bu peşəkarlıq hər bir gəncdə olsun”.

“Vicdan haqqı” serialında “Dilarə” obrazı ilə məşhurlaşan aktrisa Kəmalə Müzəffərin müğənnilərin filmlərə çəkilməsinə etiraz etməsi həftələrlə müzakirə olundu. Nahidə sənət yoldaşı Kəmalədən fərqli olaraq, bu mövzuda müğənnilərə vəkillik edib, onların tərəfini saxladı:

“Bacarığı varsa, niyə çəkilməsin? Məsələn, bir çox müğənnilər bizə irad bildirirlər ki, siz niyə mahnı oxuyursunuz? Mənim sənətim budur. Aktrisa hər şeyi bacarmalıdır. Həm gözəl rəqs, həm də ifaçılıq bacarığı olmalıdır. Əgər rolda rəqs və ya oxumaq tələb olunursa, bu kimi qabiliyyətlər mütləq aktyorda olmalıdır”.

Aktyorların film və seriallardan aldığı qonorarın az olmasından şikayətçi olan Əməkdar artist elə məhz bu səbəbdən bir çox ekran əsərlərində rol almadığını bildirdi: 

“Məni film və seriallarda aktyorların qonorları çox incidir. Məhz bu səbəbdən bir çox film və seriallarada çəkilməkdən imtina edirəm. Bu gün bir serialda da yoxam”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri