13 
Dek
2019
15:15
93
29
2821
Virtual karabakh

Əməkdar artist: Nə zaman Opera və Balet Teatrının rəhbərliyi dəyişər, o zaman gedib onlarla danışaram

Bir müddət öncə Əməkdar artist Nigar Şabanovanın Opera və Balet Teatrında “Leyli” obrazını oynamaq üçün ondan pul tələb edilməsi ilə bağlı açıqlaması müzakirələrə səbəb oldu.

Xalq artisti Xuraman Qasımova Axşam.az-a verdiyi müsahibəsində Nigara qəhmər çıxaraq, haqlı olduğunu və Opera və Balet Teatrında daha da pis şeylərin baş verdiyini bildirib:

“Bəli, Nigar düz deyir. O teatrda nəinki o xanıma, hətta bütün gənclərə qarşı belə münasibət var. Siz bilmirsiniz. Burada heç bir qərəz yoxdur. Nigar hələ az deyib. O teatrda bundan da pis şeylər var. Daha dərinə getməyək. O xanım çox haqlıdır. Bu söz-söhbətlər çoxdan var. Sadəcə, biz bunları açmırdıq. Madam ki, bu söz-söhbətlər açılıb, biz də danışmalıyıq. Nigar gör nə vəziyyətə düşüb ki, bu sözləri deyib. Nə deyirlərsə, doğru deyirlər!

Gün gələcək əsl həqiqətlər ortaya çıxacaq. Heç bir sirr bağlı qalmır. Biz bunu görəcəyik. O gün elə də uzaqda deyil. Sözün düzü, mən Nigarı heç yaxından tanımıram, şəxsi tanışlığım yoxdur. Amma sağ olsun ki, cəsarət edib fikirlərini dilə gətirib. Nigarı müdafiə etməyənlər qorxurlar. Onları qorxu altında saxlayırlar”.

Hazırda Opera və Balet Teatrında nələrin baş verməsi və qalmaqallı məsələnin pərdəarxası məqamlarını gün üzünə çıxartmaq üçün Oxu.Az-ın əməkdaşı Əməkdar artist Nigar Şabanova ilə əlaqə saxlayıb. Xanəndə teatrda çalışan bir çox xalq artistlərinin bu mövzu ətrafında qorxub-çəkindikləri üçün danışmaqdan boyun qaçırdıqlarını vurğuladı: 

“Bu məsələni çözub, vəziyyəti xoşagələn etmək üçün o tərəfdən (red: Opera və Balet Teatrından) heç bir addım atılmadı. Addım atsalar da, gecdir. Mən də addım atmaram. Nə zaman Opera və Balet Teatrının rəhbərliyi dəyişər, o zaman gedib onlarla danışaram.

Bu məsələni ki mən açıb danışdım, gizli-gizli bir çox sənətkarlar, xalq artistləri zəng vurub öz dəstəyini bildirdilər. Amma heç kimin cəsarəti çatmadı ki, çıxıb açıq şəkildə baş verənlər haqqında danışsın. Sanki danışsalar, boğazlarından səslərini alacaqlar. Ya nədənsə qorxdular, yada ki, çəkindilər. Bu sənətdir... Bizim sənətimiz boğazımızdan gəlir.

Orada çalışan bir çox sənətçilər qorxurlar. Amma nədən, nə üçün?... Bax, onu bilmirəm. Sənət adamları orada baş verənlərdən xəbədardır. Müəyyən tələbələr var ki, onların üzünə bütün qapılar taybatay açıqdır. Onlar üçün hər bir şərait yaradılır. Amma sənəti, istedadı və bacarığı olan gənclər üçün əfsuslar olsun ki, bağlıdır. Orada 20 faiz gənclərə yaşıl işıqdır. Qalan 80 faiz isə bəlli məsələdir”.

Əməkdar artist Nigar Şabanova müsahibəsini sonunda ona bu məsələdə dəstək çıxan Xalq artisti Xuraman Qasımovaya təşəkkürünü bildirməyi də unutmadı:

“Xuraman xanıma mənə dəstək çıxdığına və sözlərimin həqiqət olduğunu bir daha təsdiq etdiyinə görə təşəkkür edirəm. İnanın, çox sevindim. Ortada isə düzgünlük var, yalan yoxdur. Bu mənim üçün çox böyük bir işdir. Çünki sənətdə olan heç bir xalq artistinin çıxıb həqiqəti danışmaqlarına cəsarəti çatmadı. Təəssüf ki, hamı susmağa üstünlük verdi”.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri