28 
Yan
2020
13:41
23
346
3385
Virtual karabakh

Eldar yaşıla boyatdığı saçlarından danışdı: “Novruz bayramına xeyli zaman qalsa da...” - ÖZƏL

28 Yan, 2020
13:41
3385

Eldar yaşıla boyatdığı saçlarından danışdı: “Novruz bayramına xeyli zaman qalsa da...” - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici mahnılardan xəbəri olmayan müğənnilər “Avroviziya”ya getmək istəyirlər. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci yaşadan müğənni Eldar Qasımov deyib. O, bəstəkar-müğənni Murad Arifin sözügedən musiqi yarışmasında Azərbaycanı təmsil etmək istəyinə bu cür reaksiya verdi:

“Avroviziya”ya gedən hər bir müğənniyə dəstəyəm. Fərqi yoxdur. Qoy Murad Arif gedib çıxış etsin, ondan sonra mən sizə bu barədə daha ətraflı fikirlərimi çatdıraram. Bu yarışmaya hamı gedə bilər, amma əsas rəyi sözsüz ki “Avropa” və oranın tamaşaçısı verir. Onlar müğənnini qəbul edib-etməməyi özləri müəyyənləşdirirlər”.

İfaları ilə zövq oxşayan E.Qasımov müsahibəsində bayağı mahnılar və onların ifaçılarını özünəməxsus şəkildə şərh etdi:

“Qulaqlarımı incidən mahnılar dəhşət dərəcədə çoxdur. İlk notu eşidən kimi dərhal kanalı çevirirəm. Bayağı mahnıları ifa edən müğənniləri tənqid etməkdənsə, kanalı çevirmək daha yaxşıdır. Xoşuna gəlmir, sadəcə qulaq asma. Biz axı niyə hər şeyi qəlizləşdiririk? Mən bunu anlamıram. İnsanların zövqləri müxtəlifdir. Əgər qarşıma xoşuma gəlməyən, qıcıqlandıran müğənni və ya mahnı çıxırsa, sadəcə, kanalı çevirirəm”.

Bu yaxınlarda imici ilə daha dəqiq desək, qısa saçlarını yaşıla boyadaraq izləyicilərini mat qoyan Eldar “Heç kimə əhəmiyyət vermirəm, öz həyatımı yaşayıram” - söyləyərək, fikirlərini bu mövzuda belə davam etdi:

“Mən tənqiddən qorxub, çəkinən müğənni deyiləm. Əsas odur ki, adımı və soyadımı düzgün yazıb, tələffüz etsinlər. Bu mənə bəsdir. Təbii ki, bu dəyişimləri mən özüm üçün edirəm. Sonra da tamaşaçılar üçün. Onların yumor hissini yüksəltmək üçün saçımı yaşıla boyadım. Və ya kimisə qıcıqlandırmaq üçün. Saçlarımı yaşıla boyasam da, bu mənim daxili dünyamı əks etdirmədiyi üçün onları əvvəlki görkəmə qaytardım.

Bu sadəcə gözəllik salonunun və mənim aksiyam idi. Novruz bayramına xeyli zaman qalsa da, mən bu saç düzümünü “Səməni” adlandırdım. Amma “küknar” ağacına da çox oxşayırdı. Həm də düz kəkilli saç düzümü istəyirdim, bunu da sınadım. Gündəlik yaşıl rəngli saçlarla gəzə bilmədiyim üçün yenidən saçımı başqa rəngə boyadım”.

Hər şənbə-bazar AzTV-də yayımlanan “Telesəhər” proqramında özünü həmkarı Nigar Camal ilə birgə aparıcı kimi sınayan Eldar bu işin məsuliyyətindən danışıb, sinəsinə döyüb, mənəm-mənəmlik etdi:

“Aparıcı olmaq gözəl və fərqli bir hissdir. Aparıcılığa namizəd deyiləm. Bu sadəcə, həyatımda yeni mərhələ və səhifədir. Aparıcılıq dərsləri alıram. Mənim üçün çox maraqlıdır. Nigarla mənə “Telesəhər” proqramını aparmaq təklif olunanda söylədik ki, bizə çətin olacaq, axı bizim Azərbaycan dilimiz yüksək səviyyədə deyil. Amma bu işin də öhdəsindən gəlməyə var gücümüzlə çalışırıq. Dilimizi inkişaf etdirmək üçün Azərbaycan dilində çoxlu kitablar, qəzetlər oxuyuruq. Evdəkilər bizi efirdən izləyib, ruh verirlər. Bu verilişin digər günlərdəki aparıcıları bizə dəstək verirlər və köməkliklərini əsirgəmirlər. Onlar bizə doğru istiqamət verirlər”.

“İncəsənət nümayəndələri həmkarlarının uğuruna sevinməkdənsə, işlərinə pəl vururlar. Aparıcı olduqdan sonra sənət yoldaşlarınızdan özünüzə qarşı paxıllığı və kin-küdürəti hiss edirsiniz?” - sualı Eldar Qasımovu dilə gətirdi:

“Biz “Avroviziya”dan qayıtdıqdan sonra bir çox müğənnilərdən özümüzə qarşı paxıllıq, kin-küdurət görürük. Şəxsən mən Azərbaycanı istənilən sahədə təmsil edən insanın uğurlarına çox sevinirəm, kompleksiz insanam. Həyatımda çox şeyə nail olmuşam. Ona görə də insanlara yalnız uğur arzu edirəm. Amma özümə qarşı olan paxıllıqları da hiss edirəm”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri