22 
Fev
2020
19:46
393
125
11844
Virtual karabakh

Damla: “Nə sinəm, nə də belim açıq olacaq” - ÖZƏL + FOTO

22 Fev, 2020
19:46
11844

Damla: “Nə sinəm, nə də belim açıq olacaq” - ÖZƏL + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Damla martın 25-i Heydər Əliyev Sarayında konsertə hazırlaşır.  

Bununla bağlı mətbuat konfransı keçirən sənətçi media nümayəndələrinin suallarını cavablandırandan sonra Oxu.Az-a özəl müsahibə verib. Damla Heydər Əliyev Sarayında konsert verməyin ən böyük arzusu olduğunu dilə gətirib:

“Titulundan aslı olmayaraq, hər bir müğənninin arzusudur ki, Heydər Əliyev Sarayında konsert versin. Bu da mənim ən böyük arzularımdan biri idi. Bu arzumu 32 yaşımda reallaşdıracağıma çox sevinirəm. Öncədən deyim ki, tamaşaçılar gecədə məndən şou gözləməsinlər. Onlar üçün İki saat canlı oxuyacağam. Çox həyəcanlıyam”

Müğənni həmkarlarından fərqli olaraq, konsertində açıq-saçıq geyimlərdən istifadə etməyəcəyini söylədi:

“Konsertimdə açıq-saçıqlığa üstünlük verməyəcəyəm. Nə sinəm, nə də ki belim açıq olacaq. Konsertim üçün xüsusi iki geyim hazırlanır. Hər iki geyim strandartlardan kənar olacaq. Fərqlilik mütləq olacaq, çünki tamaşaçılar üçün özəl bir gecə hazırlayırıq”.

“Yaşıl teatr” konsertində geyindiyi libaslara görə, tənqid atəşinə tuş gələn sənətçi haqqında danışanlara bu mövzuda haqq qazandırdı:

“Sənətçinin konsertində geyimini, səhnə dekorasiyasını, şousunu, ifasını müzakirə etmələrini normal sayıram. Bu belə də olmalıdır. Yetər ki, müğənnin özəl həyatını ortalığa çıxarıb, onun haqqında artıq-əskik sözlər danışılmasın. İşimizi müzakirə etsinlər”.

Sənətə gəldiyi zamandan bəri zövqsüzlükdə və bayağılıqda ittiham olunan Damla bu mövzuda yumşaq danışmağa çalışsa da, sözləri ilə iynələdikcə iynələdi:

“Rənglər və zövqlər müzakirə olunmaz. Bəyəndiyim bir şeyi siz bəyənməyə bilərsiniz, və ya əksinə. Nə rahatdırsa, onu da geyinirəm və geyinəcəyəm. Önəmli olan musiqilər və səhnə tərtibatıdır. Modelyer deyiləm ki, geyimlərim qınanıldığına görə depressiyaya düşüm. Bu, normal bir haldır.

Əgər bir insanı zövqsüzlükdə və bayağılıqda günahlandırırlarsa, onun təhlili verilməlidir. Görmədim ki, kimsə çıxıb, bunların təhlilini versin. Danışırlar, amma təhlilini verə bilmirlər. “Damlanın oxuduğu mahnılar bayağıdır” deyənlər çıxıb təhlil versinlər, nə bayağıdır? Mahnının musiqisi və sözləri bəsitdir, yoxsa aranjimanı sıradandır? Çəkdirdiyim kliplərin görüntüsü keyfiyyətlidir? Çıxıb böyük-böyük danışırlar, amma etdiklərimin təhlilini belə vermirlər.

Səhnəyə gəldiyim yeddi il müddətində bütün müğənnilər məni zövqsüzlükdə və bayağılıqda günahlandırıblar. İndiyə kimi danışırlar, səhnədə olduğum son günə kimi danışacaqlar. Nə zaman yoxa çıxsam, o zaman hamı susacaq.

Kaş ki, mənə dediklərini ürəyimə salıb, ciddiyə alsam. Danışırlar da, belə də davam etsinlər (gülür). Bu şeyləri özümə dərd etmirəm. Onlara ayıracaq vaxtım yoxdur. Heç zaman düşünmürəm ki, əgər həmkarlarımdan kimsə mənə nəsə söyləyirsə, ona gündəmi silkələyəcək cavab verəcəyəm. Nə deyim ki, onun əsəblərinə toxunsun? Məni qıcıqlandıran insanı qıcıqlandırmaram. Mən ona o şansı vermərəm.

Onların cərgəsində olmadığım üçün mənə qarşı bu qədər sərt mövqedədirlər. Onların olduğu dairədən, çevrədən kənarda, uzaqlardayam. Görürlər ki, onlar arasında yoxam, içlərində aqressiya oyanır. Söyləyirlər ki, “Bu özünü nə sanır ki, bizim cərgəmizdə deyil, bizlə oturub-durmur, yanımızda yoxdur”. Amma burada da yaxşı tərəflərimi görmürlər. Fikirləşmirəm ki, həmkarıma hansısa hərəkətinə görə efirdən çıxıb barmaq uzadım, ağıl göstərim. Bunları etmək istəmirəm.

Bəzi dırnaqarası sənət yoldaşlarım məni alçaltmaqla millətin gözündə ucalmırlar, əksinə, düşürlər. Haqqımda xoşagəlməz sözlər danışanlara bir məsləhətim var, hisslərini, sağlıqlarını, cavanlıqlarını aqressiyaya və eqoizmə qurban verməsinlər”.

“Azərbaycanda meqastar yoxdur” sözlərinə görə dilinin bəlasına düşən müğənni, həmkarlarının ittihamlarla dolu iddialı çıxışlarına belə cavab verdi :

“Bir ildir ki, efirlərdə yoxam. Danışırlar, susuram. Amma yenə danışılıb, müzakirə olunuram. Bunlara rəğmən yenə konsertlərim anşlaqla keçir, mahnılarım hitə çevrilir, trend olur. Baxışlar isə “Youtube”da milyonları ötür. “Azərbaycanda meqastar yoxdur” sözümə görə həmkarlarım mənə qarşı çıxdı. Demədim ki, Azərbaycanın meqastarı mənəm. Niyə bu sözlərdən qıcıqlandılar? Demədim ki, məndən yoxdur”.

Şairə Nazilə Səfərlinin “Ona qalsa” səhər şousunda “Yeni çıxan ifaçıları o qədər baltalayırlar ki... O da deyir, böyüyüm, görün, sizi nə günə qoyuram. Axırda da böyüyüb, deyir ki, Azərbaycanda meqastar yoxdur. Damlanı salamlayıram. İnsan sakit yolu ilə gəlir, hərə bir daşı atır. Bərkiyir və qoşunun qabağına tək çıxır. Elə bir söz deyir ki, hamı susur” fikirlərinə bu cür reaksiya verdi:

“Nazilə xanıma “ruhumun qadını” söyləyirəm. Onun şeirlərinin aşiqi, dəlisiyəm. Nazilə xanım bəlkə də elə düşünüb ki, “Azərbaycanda meqastar yoxdur” sözünü qıcıqlanıb və əsəbləşdiyimə görə demişəm. Amma bu, belə deyil. Sadəcə reallığı söylədim. Bizim əgər dünyaca sevilən və dinlənilən meqastarımız olsaydı, sevə-sevə adını çəkib, fəxrlə onun haqqında danışardım. Bir-birimizin uğuruna sevinməyi nə zaman bacaracağıq? Nə zamana kimi deyəcəyik “tanımıram, eşitməmişəm, xəbərim yoxdur”. Bu yalanlar hara qədər gedib çıxacaq? Bizə düşmən lazım deyil. Biz özümüzü başqalarına güldürürük”.

Əməkdar artist Kəmalə Müzəffərin müğənni Damlanın “Taxta ayı” filmində canlandırdığı obrazı tənqid edib, onun aktrisalıq qabiliyyətinə “qeyri-peşəkar” adlandırmasına sənətçidən ikibaşlı cavab gəldi:

“Mən müğənniyəm, aktrisa deyiləm. “Taxta ayı” filmimizdə aktrisa kimi cəhd göstərib sadəcə özümü sınadım. Kəmalə xanım peşəkar gözlə baxdığı üçün tənqidlərini normal qəbul edirəm. Növbəti dəfə film çəkəndə Kəmalə xanıma müraciət edib, onun aktyorluq kursuna yazılaram”.

El məclislərində “qaz vurub, qazan dolduran” Damla, “Kişi məclislərinə gedirsiz?” sualına “getmirəm” cavabını verib, fikirlərini belə çatdırdı:

“Kişi dedikdə, kiminsə atası, qardaşı, həyat yoldaşı olur. Ürəyi sağlam tutmaq lazımdır. Mən kişi məclisinə getmirəm. Orada insanlar özlərini çərçivədən kənar aparmırlar. Nə var ki kişi məclisində? Oraya gedəndə nə olur ki? Bir qadın müğənnisi normal şəkildə özünü idarə edib, mahnısını oxuyub, çıxıb gedirsə, burada nə olur ki? Qəlbini necə tutacaqsansa, elə də düşünəcəksən. Sizə açıq deyim ki, kişi məclislərinə dəvət almıram. Niyə biz hər şeyin pis tərəfini düşünüb, xoşagəlməz yollara yozuruq?”

Müğənni Manaf Ağayevin “Qadının bir kəlmə sözünə görə, başını kəsərəm” fikirlərinə Damladan sərt reaksiya gəldi:

“Qadına qarşı edilən zorakılığa birmənalı şəkildə qarşıyam. “Yara” adlı klipimdə də bu mövzuya toxunmuşam. Vurmaqla, döyməklə ailə olmaz. Düşünürəm ki, Manaf bu kəlmələri loru dildə söyləyib. Kişi hər zaman özünü qadının üzərində kölgə kimi hiss etməlidir. Qadın hər zaman nəzarətdə olmalıdır. Qadın incə, zərif məxluqdur. Onu hər zaman qorumaq lazımdır. Qadını da kim qoruya bilər? Yalnız kişi”.

İllər öncə həyat yoldaşından boşanan sənətçi “Ərə getməyi düşünürsüz?” sualına “Kimsə olsun ki, mən də ona tərəf addım atım. Mənim üçün əsas odur ki, sevib ailə quracağım şəxsin insanlığı olsun. Bu mənim üçün ən önəmli faktordur” cavabını verdi.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri